(esse)
Qaranlıq
ağzını açıb binaların yuxarı mərtəbələrini gəmirməyə başladı. İlan öz şikarını
udan kimi yavaş-yavaş, tələsmədən uddu binaları, zirzəmilərinə qədər. Doymadı,
həyətlərə sirayət etdi, küçələrə. Ağacları tələsə-tələsə uddu, çünki onlarda
üsyankar ruhu gördü, onlar hər şeyə dözən daş evlər deyildi. Küləyin təsirindən
tərpəşib, öz varlığını sübut edəcəkdilər. Uşaq meydançaları, yelləncəklər,
həyətdə unudulan toplar, papaqlar, ayaqqabı tayını da uddu, kiminsə səhifələri
cırılmış gündəliyini də.... bir vaxt evin ən isti yerində - balış altında
nazlanan gündəlik pəncərədən küçəyə atıldığında qaranlığa təslimdən başqa bir
çarəsi qalmamışdı. Lap axırda kiminsə tərəfindən qəbul olunmayıb, başıaşağı
zibil qabına atılmış iri bir gül dəstəsini uddu..., dadlı idi.
Küçələrin
çopurunda ilişib qalan nohurların üstünə də qara yapıncı kimi sərildi Qaranlıq.
Su səthinə hopmuş şəhər mənzərəsi bu kabusun ayaqları altında səssizcə
çəkilməyə başladı.
Beləcə,
intişarında bir ləzzət duyaraq, qanadlarını şəhər üzərinə gərib durdu. Öz
həşəmətindən özü də lərzəyə gəlirdi.
Sonra
bir həyəcan yaşadı Qaranlıq. Zivədən asılmış paltarları udmaq müyəssər olmadı
ona. Elə onlarçun cəhəngini açmışdı ki, bir
qarı başını pəncərədən çıxarıb, deyinə-deyinə paltarları yığmağa başladı.
Dedikləri də aydın eşidilirdi qaranlıqda:
-
Elə səhər açılır, axşam düşür. Səhər açılır, axşam düşür..
Qaranlığı
elə bil sillələdilər şəhərin qucağında. Dünyaya keşik çəkmək növbəsi ondaydı
indi, neyləməliydi ki?... Vaxtı bitəndə növbəni təhvil verib gedəcəkdi. Belə
amansızlıq olar? İşini itirəsi deyildi ki, bir qarı nənəyə görə... Amma onu da
anlayırdı. Hər ötən səhər-axşam onun həyat payızının yolunmuş yarpaqları idi.
Damları-daşları
qaraldan fırça nəhayət işini bitirib çəkildi göylərə. Yaratdığı sənət əsərinə
möhtəşəm bir baxış keçirtdi. Monitorinqin şirin yerində.....eyvah!... bu nə?
Unutduğumu var? Mənzillərin biri eynən günortalar olduğu kimi işıqlı idi,
eyvan, pəncərələr, fasad par-par yanırdı. Hirslə ora şığıdı Qaranlıq. Amma
içəri keçə bilmədi, elə astanadaca qarşısını kəsib geri göndərdilər. Burda
əzizini müharibədən gözləyən qadın yaşayırdı. Gecə-gündüz otaqlarda şam
yandırıb, dua edirdi. Bu yolla onu güllələrdən yayındıracağını düşünürdü. Onun
işıqlı məhəbbəti və böyük inamı idi daşlardan süzülüb qaranlığa müqavimət
göstərən.
Qaranlıq
qara burnunu pəncərə şüşəsinə söykəyib, hərisliklə içəri baxmağa başladı. Şüşə
adəti üzrə tərləmək istədi, amma Qaranlıq nəfəssiz idi. Qadın otağına baxan yad
baxışları sezdi, şamların sayını bir az da artırdı, bir az daha ucadan
söyləməyə başladı: “Ya rəbbim, qaytar onu mənə, işıqdan kəsmə məni”.
Kiçildi,
öləzidi, umsundu Qaranlıq, geriləyə-geriləyə göylərə çəkildi.
Mısmırığını
töküb dizlərini qucaqladı, tənbəl-tənbəl göylərə sığındı, bunca gücsüz bilməzdi
özünü. Vaxtına az qalmışdı, daha heç nə edəsi deyildi.
Birdən
şəhərin üzərindən minacat səsi eşidildi. Qaranlıq özü dindar deyildi, amma bu
səslər ona bildirirdi ki, tərpənmək vaxtıdır.
“Olsun”
dedi, bayaqki saldırqanlıqdan əsər də qalmamışdı. “Gedirəm”. Yorğun idi, dilxor
idi, bir az da alçaldılmış. Çarıqlarını geyib, ulduzlu xələtini çiyninə atdı,
aylı əmmaməsini başına taxıb yavaş-yavaş çəkilməyə başladı. Gedəndə cibinə
doldurduğu buludları da könülsüz-könülsüz çıxarıb göyə səpələdi.
Kuluarlarda
doğan sübhü görürdü artıq. Gedənbaş əlbət ki, qarşılaşacaqdılar Aydınlıqla,
bilirdi bunu. Amma fikir verəsi deyildi, salamlaşmayacaqdı da. Həmişə hər şeyi
udmağa, içində həll etməyə öyrəşmiş Qaranlıq işığın onu qovmasına dözə
bilmirdi. Nə isə, yorğunluqdan rəngi avazımış halda yatmağa gedirdi. Yuxuda
özünü görəcəkdi, öz mütləq hökmranlığında.
Günəş
iki əlini üfüqlərə dirəyib yavaş-yavaş dikəlirdi. Qaranlıq iri, selikli bir
mollyusk kimi ayaqlarını sürüyə-sürüyə təzəcə aradan çıxmağa hazırlaşırdı
ki, “ehey! Ayaq saxla!” nidası gəldi. Geri
boylanan Qaranlıq köksündən dərin bir xəncər yarası aldı. Qoca, qara sirrlər
gizləyən sinəyə dəyən xəncər qırılıb töküldü. Səs-küyə birinci quşlar ayıldı,
hövlnak yuvalarından çölə atılıb bir-birini səsləməyə başladılar: “Gördüz,
eşitdiz?!”
Qan
apardı qaranlığı. Qanı üfüqlərə sıçradı. Sürünə-sürünə getdi yuvasına, yatmağa. Yuxu görməyə getdi, o
yuxuda ki, Günəşdən qisas gizlənib. Yaralarını yalamağa, ölməyə getdi, gələcək
gecə növbəsində təzədən dirilməkçün.
Günəş
protuberanslarını sığallaya-sığallaya dikəlirdi. Dikələrək də yarıqarlıq sübh
reallığının soyuğundan dəhşətə gəlirdi. Gecənin ciblərində rəngi boğulmuş
buludlar günəşə baxıb ürəklənir, özlərini çırpa-çırpa ağarırdılar. Doğu Batıya
dil göstərirdi.
Günəş
çıxanda sıxı-qatı, boz-bulanıq kütlə gördü göy üzündə. Göylər səhrasında istədi
o baş-bu başa diyirlənib, bu boz kütlədə işıqlı zolaqlar açsın. Amma eləmədi.
Özünü doğurdu Günəş. Qaranlığın bətnindən, ağrı-acı-hönkürtü ilə, tədricən
doğurdu Günəş. Biz eşitmədik hönkürtüsünü. Biz uzağıq göylərdən.
Təsəvvüf
lirikası yavaş-yavaş qalxırdı Yer üzündən. Şəhər möhtəşəm bir doğuşun şahidi
olurdu. Orda-burda, küncdə-bucaqda kölgəli yerlər qalmaqda idi. Bu, qaranlıqdan
iqtibas idi. Onları qovmaq heç
kəsin ağlına da gəlmirdi. İşıq divarları suvamaqda davam edirdi.
Hər
şey aydınlığa çıxırdı, gecənin öz bətnində gizlətdiyi hər şey.
Yarımzirzəmilərin pəncərəsini bəzəyən ətirşahlara qədər. Günəş Qaranlıq
tərəfindən tərk edilmiş göylərin taxtına yiyə durmağa hazırlaşırdı.
Şəhər
kənarındakı gölün səthinə qızılı zərrəciklər paylaşırdı. Külək qalxıb suyu
ələk-vələk eləmək istəyirdi ki, ... əl saxladı., eləmədi. Zərrəciklərin qızılı
gözünü qamaşdırdı, əli qoynunda qınına çəkildi, uddu öz hirsini Külək.
Qardaşlığı Qaranlığın intiqamını
almaq arzusu ürəyində qaldı. Günəş suyun şüalar sancıldığı qızılı səthinə
bic-bic baxıb göz vurdu Küləyə: “Bilirəm, məftunsan mənə”.
Bir
az çətin idi Günəşə. Gecənin durğun qoxusu getməmişdi hələ göy üzündən. Bu
havasız fəzanın qatı sıyığında nəfəsi kəsilmək üzrəydi sanki, samanı rəngi
get-gedə boğulur, tündləşirdi.
Gecənin
sərinində üşüyən şəhərə baxdı Günəş. Əlini uzadıb Qaranlığın gəmirdiyi
binaların başına tumar çəkdi. Küçələr səslərini ucaldıb, ona “gəl” deyirdi,
“darıxmışıq”. Şəhərin boru
damarlarındakı su-qan donmuşdu. Axşamdan yağan yağış, cinayətinin izi kimi
nohurlanmışdı küçələrdə. Nohurlar gecə onlara təcavüz edən Qaranlığın iyrənc
barmaqlarını unutmaq üçün Günəşin sivri şüalarını öz yaş dilləri iə yalamağa
hazır idilər. Gecənin öpüşünü yanaqlarından silmək üçün razı idilər Günəş
büsbütün qurutsun onları.
Günəşin
başı yerdən Qaranlığın qırıntılarını süpürməyə qarışırkən, Doğu, Batı
bir-birinə barmaq silkələyib qımışırdılar. Biri deyirdi: “doğmuşam”, o biri
deyirdi: “batıracam”.
Günəş
qalxır, üfüqdən aralanır, dönüb aşağılara, üfüq kandarına istehza ilə baxırdı.
“Bu gün güclüyəm” deyirdi. “Çağırma məni, enməyəcəm aşağı. Sənə qərq olmayacam.
Səndə batıb heçliyə çevrilməyəcəm”.
“Dönəcəksən.
Lovğalanma. Başmaqların burdadı, kandarımda. Hər şey öz sələfinə qayıdır, sən
də dönəcəksən”.
Bu
qışqırıq, həzz, işıq, mərəkə, çal-çağır içində heç kəs şəhərin də artıq
ayıldığının fərqində deyildi.
Gecə
gedəndə bacısı Sükunəti də götürüb aparmışdı özüylə. O irəlidə, Sükunət bir az
aralıda ..sürünərək, bacalara, damlara, qüllələrə sürtüşərək gedirdi
qardaşının ardınca. Sükunətin getdiyindən xəbər tutan şəhər öz adi paytaxt
performansına başlayırdı.
Günəş
əvvəlcə bir ilğım kimi doğmuşdu. Öz sönüklüyünə özünün də gülməyi tutmuşdu.
Sonra bu dünyada düşmənsiz olmadığını və dosta gərəkliyini anlayıb
toparlanmışdı. Daxilində yanan alov üzünə sıçramağa başlamışdı.
İndi
daha heç kəs ona İlğım deyə bilməzdi. O, Qaranlığa qalib gəlmişdi, doğramışdı
onu. Qanına bələmişdi. Xətkeşinin – üfüqün köməyilə dünyanı 2 yerə parələmişdi:
göylərə və yerlərə. Hər şeyi bir araya qatıb qarışdıran qara araqarışdıranın
üzünə tüpürmüşdü. Gecənin gözündə hamı və hər şey bir idi, kütlə idi, ayrılmaz
idi – qara idi. İşıq isə böyük-kiçik, dar-geniş, yaxın-uzaq, gözəl-kifirə
bölürdü hər şeyi. Gecənin ölü yuxusundan ayılan insanlar dünyanı yenə rəngli
görürdülər, yenə qısqanmağa başlayırdılar.
İşıqdan
xilas yolunu görməyən şəhər yavaş-yavaş ona təslim olurdu.
Səhər
açılırdı...