ŞƏHLA NİHAN

Çamadan

25 Avqust, 2022
558
vida yeni həyat


      “Belə olmaz... Belə yaramaz... Köklü dəyişikliklər lazımdır. Bu cür davam edə bilməz. Köhnənin zəminində yenini qurmaq olmaz. Dəyişiklilər gəlib insanı tapmır, insan özü onları yaradır, çağırır. Planlar qurur, sonra əməl edir.. Mənsə ilişib qalmışam plan mərhələsində... Bu çamadanı hara qoymuş olaram?..”

     Qatarın tərpənməyinə 3 saat qalırdı. Qərar çoxdan verilmişdi. Bilet alınmış, bütün işlər sahmana salınmış, indi gedişinə bəraət qazandırmaq üçün idi daxili monoloqu. Bəraəti öz qarşısında qazanmalıydı.

      “İşdə də gətirmirdi onsuz... Ailədə də daimi anlaşılmazlıq. Yox, belə olmaz.. Bu şəhərdir səbəbkar, düşmədi mənə.. Azad elə məni buxovlarından, milyonçular şəhəri. Mənə ana qucağı aça bilmədin, açmaq istəmədin, peşman etdin. Gedirəm... Çamadan haradadır, qəribədir...”

      2 saat qalırdı vaxta.

      “Bilirəm, mənsiz çox çətin olacaq ona. Eybi yox, qadın güclü varlıqdır, iki əli bir başını dolandıracaq. Bir az ağlayıb sıtqayacaq ardımca, sonra kiriyəcək. Elə bilsin, həyatdan köçmüşəm, yoxam artıq...  Bu çamadan niyə tapılmır?..”

      1 saat qalırdı.

      Təşviş. Aparılacaq 2-3 dəst paltar, bəzi şəxsi əşyalar qalıb masa üzərində.

      “Möcüzədir lap. Axı dünən axşam burada idi, özüm açıb içinə bileti, sənədlərimi və bir qədər də pul atdım ki, bu gün paltarlarımı da qoyum və aparım. Nəcə oldu bəs?..”

      Yarım saat. Daha qatara çata bilməzdi. Mərkəzdəki tıxaclarla şəhər kənarındakı dəmiryol vağzalına getmək üçün kifayət deyildi bu vaxt. Dikinə qoyulmuş çamadanın üstündə oturub ovcunu alnına dayayaraq fikirləşirdi.

      “Çamadan hanı?..”

    Otağın azca aralı qapısı arxasından səs çıxarmaqdan qorxub nəfəsini qısan qaraltı., bir cüt ürkək baxış, bəbəklərdə yaş...