Nə yaxşı ki, mən
qocalıb ölmədim, qara torpağa qismət olmadım, məni məzar böcəkləri didişdirmədi,
qanım damarlarımda qurumadı, gözlərim qaranlığa dikilməkdən çürümədi.
Nə yaxşı ki, nə
yaxşı ki...
Nə yaxşı ki, məni
oxşayıb əzizləmədilər, mərasim tədarükü
görmədilər, molla çağırmadılar, yasin oxunmadı, adamlar darıxmaqdan əsnəmədi,
axirəti yada salıb, innən belə yalnız yaxşılıq edəcəklərinə söz vermədilər.
Nə yaxşı ki....
Nə yaxşı ki, nəvə-nəticə
basmadı məni., qocasan deyib təqaüdə göndərmədilər, ayaqlarım artritdən, ürəyim
işemiyadan əziyyət çəkmədi, belim bükülmədi/üzüm
qırışmadı/saçım ağarmadı.
Nə yaxşı ki...
Nə yaxşı ki, mən
işə düzəlmədim, əmək kollektivi nədir bilmədim., səhər gedib-axşam gəlmədim., belimə
töhmət basmadılar, heç bir yeyinti halına yol verməyə macal tapmadım mən
yazıq..
Nə yaxşı ki, məni
əsgər aparmadılar, səngər qazmadım, əlim tüfəng tətiyinə toxunmadı.; evlənmədim,
bəylik kostyumu geymədim, ərə getmədim,
fata taxmadım, övlad sevinci yaşamadım, boşanmadım, aliment vermədim, tələb etmədim, atmadım, atılmadım, sevmədim, sevilmədim,
görüşə getmədim, baxışlarım heç kəsi ovsunlamadı, filan-filan-filan..., nə yaxşı ki..
Nə yaxşı ki,
instituta qəbul olmadım, imtahan vermədim, abituriyent olmadım, ürəyim
çırpınmadı, əllərim əsmədi., nə yaxşı...
Yaxşı ki, məktəbə
də getmədim, 10 il ayaq döymədim, son zəng çalınmadı mənimçün, məzun olmadım, dərs
oxumadım, müəllimlərin sevimlisinə
çevrilmədim, mənlə fəxr etmədilər, əlimə kitab deyilən şey almadım, saymağı öyrənmədim,
heç oxumağı da., nə yaxşı..
Nə yaxşı ki,
uşaq bağçasına qoymadılar məni, qələmlə
divarları yazmadım, plastilini stollara yaxmadım, kitab cırmadım.., nə yaxşı..
Nə yaxşı ki,
uşaqlıq dövrüm olmadı, oyuncaq alınmadı mənə, gəzməyi öyrənmədim, iməkləmədim,
qundağa qoyulmadım.
Nə yaxşı ki,
ata-ana, bacı-qardaş, qonum-qonşu .... heç kəsim olmadı, nə yaxşılığımı istədilər,
nə pisliyimi; nə soyuq oldu mənə, nə
isti; nə ağrıdım, nə ağrıtdım; nə ac, nə susuz qaldım; nə gülüb-nə ağladım; nə susdum-nə danışdım; nə
getdim-nə gəldim; nə yıxılıb-qalxdım. Acı-şirin, pis-yaxşı bilmədim. Görüb
eşitmədim, heç fikirləşmədim də, həyatım boyu – bu, ən böyük uğurum oldu...
Nə yaxşı ki, mən heç doğulmadım., nə yaxşı. Həyatda tanıdığım yeganə şey həkimin iti küreti oldu. Salam və əlvida, Həyat.. Mən ixtasara saldım özümü, daha doğrusu, salındım., elə bu başdan. Düz bir ömür qabağam., bir standart ömür., illəri saniyələrə yaşadım, qısa konkret xülasəyəm mən.
---------------
dölün açıqlaması ---------------