Pəncərəmin o
üzündə kosmik toz içəri şığımaq üçün fürsət axtarır. Tapmayınca izn istəyir –
vermirəm. Qonaqpərvər deyiləm heç, o boyda ənginliyi yara-yara gələn qonağı qoyuram çöldə.
Pəncərə şüşələri
gün döymüş, külək incitmiş, avazımış xatirələrlə məni çağırmada. Qucaq açıram
xatirələrə. Hər dəfə pəncərədən baxıb fikrə dalanda daldıqlarımı əzbərləyibmiş,
indi birbəbir ötürür mənə, qulaq verirəm. Ax necə də xəyalpərəstmişəm...miş..
Qovaladığım kosmik elçi məni xəyallarıma qısqanir.
Küçədən eşidilən
aramsız səslər gündəlik qayğı çələngini başıma atır. Tələsik bir parça əski
tapıb pəncərə şüşəsini silirəm. Məni keçmişlərə qaytaran hər şeyə qarşı bax beləcə
amansızam.