Gerçəklik yuxunun növ müxtəlifliyidir.
(X.L.Borxes)
Səhər yuxudan
ayılan kimi gündəliyin bütün qayğı-problemləri çulğadı onu. Uşaqları anasız
böyütdüyündən evin xanımı missiyası da onun üzərində idi. Qızını və oğlunu
durquzdu, yedirtdi, çantalarını yığmağa və geyinməyə kömək etdi. Evə yüngülcə əl
gəzdirib çıxdı. Uşaqları məktəbə ötürüb özü işə getdi. Axşama qədər işlədi,
sonra uşaqların ardınca məktəbə yollandı. Onlar dərsdən sonra məktəb nəzdindəki
xüsusi qruplarda qalıb ev tapşırıqlarını yerinə yetirirdilər. Yolüstü bazarlıq
da etdi, evə qayıdanda qaş qaralmışdı artıq. Şam yeməyi yığışdırılandan sonra
tez-tələsik sabaha xörək tədarükü edib, uşaqları yatmağa göndərdi. Gecədən
xeyli keçənə qədər evin xırda-para işləri ilə məşgul olub əldən düşdü. Nəhayət,
zəngli saatı səhər ertəyə qurub halsız çarpayıya atdı özünü.
Oyandı.. Məşum yuxu görmüşdü. Görmüşdü ki, guya daş
qutunun içindədir, yanında özünün bənzəri iki balaca məxluq əl-ayağına dolaşır.
Bu daş qutuda elə hey fırlanır, vurnuxur, özünü ora-bura çırpır. Sonra
balacaları yanına salıb harasa aparır. Onları təhvil verib basırıq, darısqal
bir transport vasitəsinə oturur. Gəlib digər, daha iri daş qutunun yanında
düşür. Bu məkanda da eynilə bayaqki kimi çarpışma, vurnuxma. Çox sınıxmış, əsəbi
vəziyyətdə o balaca məxluqları da alıb, birinci daş qutuya qayıdır. Yenə də
burada canını qoymağa yer tapmır, elə hey qaçaqovdadır. Yuxusundan belə başa
düşdü ki, xoşbəxt deyil. Dəhşətə gəldi,
onun öz həyatı yuxusundakı adamın (ikinci o) həyatından çox fərqliydi. O,
kosmik fəzanı o baş – bu başa şütüyən balaca bir hissəcikdi. Öz fikirləri, plan
və məqsədi vardı, amma onlar yuxusundakılara heç bənzəmirdi, onun məqsədi nələrisə
əldə etmək deyildi, ətraf mühitin onun üzərində heç bir hökmü yox idi və o “özü
üçün” yox, “özündə” yaşayırdı. Özündəlik
isə hər zaman xoşbəxtlik deməkdir.
“Yaxşı ki, mən o deyiləm” deyib həyatına davam etdi. Gecə düşdü, o, fəzadan
asılaraq yatdı, amma yorğunluqdan yox, küllün enerji axınına qoşulmaq üçün.
Səhər yuxudan
duranda başı kəskin ağrıyırdı. Uşaqların aramla nəfəs almasına qulaq verdi. Bu gün yenə bir aləm işi vardı,
evdə də, ofisdə də. Gecəni narahat yatıb yuxu gördüyündən yorğunluğu qəti
çıxmamışdı. Yuxusu isə çox qarışıq və mənasız idi. Görmüşdü ki, havada asılıb və
gün uzunu işi-gücü elə hey ora-bura şütüməkdi. Ətrafında da ulduzlardan və göy
cisimlərindən savayı heç nə yox..
Bəxti onda gətirmişdi
ki, bir Mənlə o biri Mən eyni arada
görüşmürdülər və görüşmələri də mümkün görünmürdü. Çünki belə bir çarpazlaşma
baş tutsaydı, mən-lər bir-birindən soruşardı: Mənəm həqiqi ya Sən? İkimizdən
hansımızıq əsl Mən?
***
“Hansı meyarlara görə yuxu – miraj, həyat – gerçəklik
adlandırılır? Yuxudan yalnız pərən-pərən xatırlamalar qalır, onun nə olduğunu
bilmirik. Onu bir reallıq kimi yaşayırıqsa miraj olması haqda deyilənlər nə dərəcədə
əsaslıdır?”
(A.Şopenhauer)