Zərgərlik məmulatları
satılan butikin sahibi müəmmalı şəkildə öz mənzilində qətlə yetirilmişdi. Hadisənin
üstündən bir neçə həftə keçməsinə baxmayaraq hələlik işıq ucu görünmürdü.
Mağaza müəyyən
müddətə bağlanmış, işçilər hamısı dindirilmiş, bir neçə nəfər koordinatlarını
istintaq orqanlarına bildirmək şərtilə yeni iş yerinə keçmişdilər.
Neçə gün idi
fikirli gəzirdi. Daxili narahatlığı get-gedə artırdı. Əldə edilən hər yeni məlumat
işləri açmaq əvəzinə sanki daha da dolaşdırırdı. Kələfin ucu ələ keçmirdi ki,
keçmirdi. Məşuqə məsələsi hər şeyi bir az da qəlizləşdirmişdi. Bu yeni sima
hardan peyda oldu axı?...
İşdən çıxıb yorğun-arğın
evə dönürdü ki, mobil telefonun xatırlatmalar bölümünün qısa səsli siqnalı bu
günün əlamətdar tarix olduğunu yadına saldı – evliliklərinin 20 illiyi.
Xanımına nəsə almalı idi. Gül dəstəsi ilə canını qurtara bilməyəcəkdi.
Restorana gedib dəm-dəsgahla bu tarixi qeyd etməyə həvəsi yox idi, çox
yorulmuşdu. Yolunun üstündəki zərgər dükanına baş çəkməyi qərara aldı. Yanında
kifayət qədər məbləğ olmasa da gedib evdən gətirə bilərdi, yaxınlıqda
yaşayırdı, əsas olan müvafiq zinət əşyasının seçilməsi idi.
Mağazada gülərüzlü
cavan satıcı qız diqqətini cəlb etdi. Üzü tanış gəldi ona. Ona yaxınlaşıb harda
gördüyünü xatırlamağa çalışdı. Qız baxışlarını yayındırıb soruşdu:
- Kömək edə
bilərəm? Sizə nə lazımdır?
Əlbəttə! Məhz
səs onun kimliyini büruzə verdi. Həmin o sahibi öldürülən mağazanın işçisi idi,
bura keçmişdi. Saçlarını qısa vurdurub rənglədiyindən tanıya bilməmişdi onu. Nəyisə
yadına sala bilməyəndə çox narahat olurdu. Məqsədini anlatdı. Qız kataloqu açıb
onun qabağına qoydu. O, həyat yoldaşı üçün almaq istədiyi sancağı seçib göstərdi.
Tərslikdən bəyəndiyi model mağazada yox idi. Sifariş etdi. Amma sifarişin şəhərə
gətirilməsi bir neçə gün çəkəcəkdi, ona isə hədiyyə bu günə lazım idi. Onda
satıcı qız belə bir təklif etdi:
- O biri
mağazamızda məhz sizin seçdiyiniz olmasa da ona oxşar model var. Mən indi
onlarla əlaqə saxlayaram, çatdırarlar onu bura. Təxminən bir saata sancaq məndə
olacaq.
- Bir saat
gözləyə bilmərəm burda. Həm də evə gedib pul gətirməliyəm. Gedim, sonra
qayıdaram.
- Gözləmək
lazım deyil, evə gedib qayıtmaq da həmçinin. Mən şəklini çəkib sizə göndərərəm.
Əgər bəyənsəniz, elə bu axşam kuryer sizin ünvana çatdırar. Çox güman, bəyənəcəksiniz.
Sizin seçdiyiniz modelin tam oxşarıdır, demək olar.
Razılaşdılar.
Qıza təşəkkürünü bildirib mağazanı tərk etdi. Evə çatıb rahatlandı və
telefonuna nəzər saldı. Doğrudan da modelin şəkli göndərilmişdi. Bəyəndi,
“sancağı gözləyirəm” yazıb, bir də minnətdarlıq bildirdi. Telefonu əlindən
qoymaq istəyirdi ki, bir şey diqqətini cəlb
etdi. Niyə sancaq qutusundan çıxarılmış və kağız parçasının üzərində təsviri
alınmışdı? Kağız yazılı idi. Yazıları böyüdüb oxumağa başladı:
“Mən xoşbəxt olmalıydım. Ailə qurmağa
hazırlaşırdım. O qədər arzu-diləyim vardı ki...
Müdirimiz harınlaşmış quduzun biriydi. Məni
başqalarından ayırardı həmişə. Ən çox işləyən də mən olardum, ən çox danlanan
da. Yeri gəldi-gəlmədi iradlar, təhqir,
tənə...
Xaricə səfəri vardı. Gedəndə məni öz yerinə
qoyacaqdı, müvəqqəti onu əvəz edəcəkdim. Çox bahalı prestijli modelləri evində,
seyfdə saxlardı. O malların öz klienti vardı. Səfərinə az qalmış bir gün mənə zəng
edib dedi ki, həmin zinət əşyalarından birini istəyən var, amma onun başı səfər
tədarükünə qarışdığından işə gələ bilmir, mən evə dəyib modeli ondan götürməliyəm.
Sonra guya taksi də sifariş edəcəkdi, məni həmin qiymətli əşya ilə mağazaya
çatdırmaqçun. Onun tək yaşadığı mənzilə getməliydim. Getmək istəmirdim, məcbur
etdi...
... Özümü müdafiə etmək üçün başqa yol tapmadım. Hər
şey gözlənilmədən oldu, ani... yuxudaydım sanki...
Mənim də arzularım vardı. Mən xoşbəxt olmalıydım...”