Sanki canlı
idi, ətdən-sümükdən. Damarlarıyla qan dolaşır, nəfəs alır sanardın. Hər tərəfi
körük kimi qalxıb-enirdi. Əl vursaydın - yumşaq, çox yumşaq..., elə bil canlı və
isti bədənə toxunursan. Gözləri də vardı, iki yox, dörd yox, onlarca. Hər tərəfdə,
öndə, arxada və yanlarda.
Onun içində
balaca mizin arxasında qoca şair əyləşib həyatla zarafat edirdi. Olub-keçənləri
nəzmə çəkmək istəyirdi ki, keçmiş əhəmiyyətini itirsin, daha qarabaqara izləməsin
onu. Hətta gələcəyini də qurban verməyə hazır idi, təki keçmiş özgələşsin,
yadlaşsın, atıb getsin onu. O mübarək fəraqı
gözləyirdi..
Çox qüssəli
idi şair, daim sondan yazardı. Bu günün vacibliyini duyduğu üçün bir az daha
qüssələnirdi. Bu gün çox vacib işlər baş verəcəkdi. Həyatına yenidən nəzər
salacaqdı. Qarşısına qoyduğu upuzun siyahidə yenidən baxılacaq məqamların
adları vardı.
Siyahiyə o qədər
aludə olmuşdu ki, kənardan izləndiyini hiss etmirdi.
O canlı,
yumşaq, yüz gözlü otaq idi qocaya diqqət kəsilən. Otaq ona (qoca, qüssəli şairə)
diaqonal üzrə, çevrə üzrə, şaquli, üfüqi, ziqzaqlarla baxırdı. Hər baxışında fərqli görürdü onu.
Bir tərəfdən nəzərində pərişan, o biri tərəfdən kədərli, başqa bir tərəfdən
sözlü, ta başqasından susqun, daha birindən bezgin kimi canlanırdı şair.
Arxadan, öndən, yuxarı/aşağıdan, cənubi-şərqdən, şimali-qərbdən çoxlu nəzər
oxları dikilir, baxış bucaqları yaranırdı. Otaq yavaş-yavaş şairləşirdi. Və beləcə
içindəkinin qüssəsi ona o qədər sirayət
etdi ki, sıxılmağa başladı canlı məkan. Sıxılır, içindəkini də özüylə birgə
sıxırdı. Nəhayət, qatılaşma - enerji və təzyiqin pik həddinə çatıb nöqtəyə
çevrildilər. Onda şair qəhqəhə çəkdi. Partlayış baş verdi. Qoca qəlpələndi. Qəlpələr
hara düşdüsə orada şair yetişdi, başlanğıcdan yazdı. Yeni dünya yarandı – gülüş
dünyası. Burada talelər başqa idi, dərd çəkməkçün yox, gülməkçün yaranmışdı insanlar.
Qaraqabaqlar gülmədikləri üçün cəza alardı. Bura ayrı aləm idi...
Bir əmma
vardı. Böyüklər özləri güldüyü üçün uşaq təbəssümünə ehtiyac qalmamışdı. Uşaq təbəssümünə
ehtiyac qalmadığı üçün uşaqlar doğulmurdu. Uşaqlar doğulmadığı üçün heç kəs də
ölmürdü. Ölmədiklərinə sevinib bir az da
çox uğunub gedirdilər. Və hər bir qəhqəhə aludəsi öz tükənməz sevinci, xürrəmlik
rəhni üçün həmən o insanlıq tarixinin başında durmuş qəmli qoca şairə borclu
olduğunu çox gözəl xatırlayır, bacardıqca onu öz qəhqəhələrində əbədiləşdirməyə
çalışırdı. Bu dünya sakinlərinin “toyuqmu, yumurtamı əzəli???” tipli sarsaq
sualı yox idi. Buralar “gül” sözündən yaranmışdı (partlamışdı) və əsas
olan da bu idi, toyuq yumurtası yox. Bu dünyada gülüş hədəf idi və kədərdən
doğmuşdu deyə bütün kədərlər burda bir şeyə çevrilirdi – şadyanalığa...,
intihara, depressiyaya, mərəz və ümidsizliyə yox. Bu, yaradılmışların içində ən
mükəmməl dünya idi və onu insan oğlu Özü yaratmışdı.