İşıq sızmırdı heç yerdən. Xışıltı eşidilirdı.
Qaranlığın səsiydi. Özünü divarlara vurub işığın sivişib keçə biləcəyi yerləri
dili ilə yalayıb yapışdırırdı. Sonra döndü qaranlıq, qanrılıb öz içinə nəzər
fırladı. İçində birisi tək ayaq üstdə fırlanıb piruet cızırdı. Qaranlıq nəfəsi
ilə palpasiya edib fırlananın boyunu, təxmini çəkisini, hətta yaşını və gözlərinin
rəngini aşkara çıxartdı. Uşaq idi fırlanan. Gözləri süd yaşılı. Hələ ki, onun
qaranlıqla təması havanı iyləməklə baş tuturdu, başqa yol tanımırdı.
Qaranlıq özünə müsahib axtarırıdı deyə böyümək öyrətdi
uşağa. Uşaq böyüyüncə dialoq başladı. Ömür boyu sürəcəkdi..
-İnanma deyilənlərə. Deyilməmişi axtar, onların
canı hələ üstündə, deyilib öləcəklər.
Fırlanan təkrar etdi:
- İnanma, inanma, inanma... Deyilən ölür. Deyilən
yalandır. Ölüm yalandır. Yalana inanma. Ölümə inanma.
Fırlana-fırlana böyüyürdü. Ətraf acı və yapışqanlı
idi. Yalnız qaranlığa inanırdı. O, ölüm deyildi.
- Kədər ətəyində namaz qılacaq, şans intihar edəcək,
ümid hər gün damdan yıxılıb öləcək. Səni yalnız təsadüf xilas edə bilər, təsadüfü
axtar.
- Təsadüfü axtar, axtar, axtar... Hanı bəs təsadüf,
hardadır?
- Küncə çəkilib.
- Küncə çəkilib... künc...künc.... Niyə?
- Gözlənilməzliyini gözləyir. Onun faiz payı
aşağıdır taleyində.
Palpasiyaya məruz qoyularaq böyüyürdü.
- Mən fırlanmaq istəmirəm.
- Fırlanmalısan.
- Yoruldum artıq.
- Fırlanacaqsan.
İki barmağını gicgahına dirəyib “pumb” etdi, amma
yıxılmadı.
- Bu niyə atmadı?
- O silah yalnızca təsəlli üçündür. Fırlan.
- Səbəb?
- Nəyləsə məşğul olmaq lazımdır.
- Məqsəd?
- Nəyləsə məşğul olmaq lazımdır.
- Məna?
- Məna məşğuliyyətdən doğacaq. Amma səninçün yox, mənimçün.
- ?
- Daxilimdə hərəkəti hiss etməliyəm, bətnim
bulanmalıdır hər dəm. Onda mən yaşayıram. Fırlan.
Qaranlıq get-gedə qatılaşır, fırlanmaq çətinləşirdi.
Ah, qatılıq... qatıya nə qatqı? Ona dünyanın bütün duru gözlü çeşmələrini
qatarsan, durulmaz. Çeşmə gözü tutular, o durulmaz. O qatının içində sanki od
var, bürüştələyər püskürdüyü yeri.
Palpasiya obyekti daha uşaq deyil, yetkin də deyil,
yaşlıydı. Fırlanmaq əzab verirdi, əvvəl tək ayaqla, sonra ikisinin üstdə
fırlanırdı və nəhayət, üçüncü ayaq da əlavə olundu – çəlik. Bel büküldü,
ayaqlar yavaş-yavaş yerdən aralandı, adam üfiqi vəziyyət alanda qaranlıq onu
özündən yoğurduğu xərəyə uzandırdı. Qocanın boğazından vida xırıltısı çıxanda
möcüzə baş verdi, ətrafa çökmüş qaranlıq dumanı sanki bir əl hərəkətiylə
qovulub kənarlaşdırıldı. Hər yer aydınlığa çıxdı. Qoca nurlu üfiqlərə yol aldı.