- Ürəyimdən vur, ağrıdır axı..
- Mən çalışıram. Elə bilirsən küləkli havada düz ürəyi
nişan almaq asandır?
- Mən küləyi saxlaram, sən vur.
- Sən kimsən ki, küləyə hökmün çatsın?
- Mən Allahın oğluyam. Zefir də, Not da mənim
qulluğumda!
Tapançanı salır.
- Vur deyirəm sənə, vur, biz əsatir doğururuq.
Tərəddüd edir.
- Gəl küləyə aman verək, çəkilib getsin, sonra
davam edərik.
- Gözləyə bilmərəm mən.
- Niyə?
- Külək aramsız əsəcək, onu atam göndərib, məni
qorumaqçun.
- Hətta ana belə övladını daim savunmadan yorulur.
Külək də usanacaq. Mən gözlərəm.
- Sən qocalarsan.
- Bəs sən?
- Tanrıdan törəyən qocalmır.
- Mənə də yol göstər, qocalmamaqçun nə etməm
lazımdır?
- Durduğun yerdə dayanıb durmaq. Sən bunu edə bilməyəcəksən.
- Niyə edə bilməyim axı?
- Çünki sən İnkarsan. Sən həmişə Təsdiqin yanına
gedəcəksən.
- Sənin yanına demək istədin..
- Elədir.
- Demək, sən stabilsən?
- Stabiləm, həryerdəyəm, sənsə gəzəri.
- Məntiqsiz! Əgər sən həryerdəsənsə və mən də sənin
yanına gəlirəmsə, deməli, mən də həryerdəyəm və stabiləm.
- Mən nəhəngəm, budaqlı, şaxəliyəm. Sən budağımdam
budağıma qonarsan. Sən qığılcımlarda, lokallıqlarda tanıdarsan özünü, mənim
özümü tanıtmama ehtiyac yox. Sənin qığılcımlarının alovu, lokallıqlarının
bütünüyəm. Əvvələm, öncəyəm, öndəyəm. Mən olmasaydım, sən nəyi inkar edəcəkdin?
- İnkarın tərəf müqabilinə ehtiyacı yox ki... İnkar
daim tənhadır.
Ayaqlarının altındakı narın qum tərpəşir, iki təpəcik
yaranır. Təpəciklər yuxarıya doğru dartınır, palçıq vulkanı kimi püskürür.
Püskürtü yatanda hərəsindən bir əl uzanır, əllərdə kəllə. Kəllələrdən biri “ol” pıçıldayır, digəri “olma”. Və baş verənlər kimsəni narahat
etmir. Əgər “nədən baş verməsin ki?”-nin səbəbini bilsəydilər “nədən baş verdi?” sualı maraqlı görünərdi.
Bu vaxta qədər olmaması isə bundan sonra da olmayacağına zəmanət vermir.
- Sus! Tənha mənəm! Bu, tanrılara xas xislətdir.
Acı-acı gülür:
- Tənhalıq və tanrıLAR..
- Bəli! Mən tənhayam, təkrarsızam, kölgəsizəm!
- Deyilsən, xeyr! Sən artıq ikiləşmisən, üçləşmisən...
Tam təsdiq var, yarımçıq təsdiq var, yalançı, mənfəətgüdən, mənsəb xatirinə təsdiq
və s. və il. Üzlərin çoxalıb. Dünya yarananda sənin qövmünə “ikili standartlar”
xüsusu yükləyiblər ki, işlər dolaşığa düşəndə istənilən şər əmələ bəraət
qazandırıb aradan çıxa biləsiniz. Sən törəmisən. Sən törəməsən. O mənəm ki,
ardıcılım, törəməm yox. Xələfim, sələfim yox. Əvvəl-axırsızam. - əyilib
“olma” pıçıldayan kəlləni əlinə alır,
yuxarı qaldırıb “Mən inkaram!” bağırır.
- Sən ikincilisən, yaradılmısan.
- Mən yaradılmamışam, əzəldən vardım. Varlığımı
bilmirdim. Sən yarandın, mən tanıdım özümü.
İsterikcəsinə:
- Gözəl! Əla! Möhtəşəm! Aydınlaşdı hər şey! İndisə
vur! Ürəyimi nişan al!
- Yox!
- Sən mənimlə özünü tanıdın, mən səninlə özümü
unutmaq və itirmək istəyirəm. Vur!
- Deməli, sən – Təsdiq məni – İnkarı xeyir əmələ
sürükləmək istəyirsən??
- Yeganə düzgün əmələ. Vur dedim! Vur da inkar et məni!
- Yooox... Sən olmasan mən itirərəm özümü. Varlıq təsdiqimsən mənim, şəxsiyyət vəsiqəm, həyat çağırışım, cəngi çalğım. Sən tezissən, mən
antitezis. Yaşamalısan! Əbədi!
- Bəs belə... Sən ki, özgür, əzəli, müqəddəs idin,
sələfsiz, xələfsiz. Sən ki, tənhaydın. Bu nə tövr vahidlik, özgürlük, nə cür
zöhd, təqva ki, mənə ehtiyac duyursan?!
- Mən sənin varlığının tənhasıyam. Sənsiz bilinmənəm.
- Ax, məlun qaranlıq!
- Qaranlığam, bəli. Sorğu ayağında bir çox üzüağın
siması qaralanda mənim simam nura boyanacaq. Sizin bu çoxüzlü, riyakar
dünyanızda bəkarətimi qorumaqçun gizlənməkdən ayrı yolum qalmadı. Qaranlıqdan
ötə nə gizlədər ki... ? Daimi məchulluq titanlarçun belə ən ağrılı mövzudur.
Bu sözlərlə tapança tutduğu əli titrəyir, qəfil
güllə açılır. Bir də, o İnkar idi axı, “yox” fikirləşib, “hə”ni edirdi. Havanı yaran müdhiş səslə Küləyin
Təsdiqin önünə keçməsi bir olur. Güllə ona dəyir, külək çiliklənib yerə
tökülür. Durğun hava ağırlaşıb hər ikisini basmağa başlayır. Basır, basır,
tapdayıb quma basdırır.
**
..... Üz-üzə iki kəllə durmuşdu qum üzərində. Biri
təsdiq idi, o biri inkar. Susmuşdular. Külək onları barışdırmışdı... ölümü ilə.
Müqəddəs kateqoriyalar sırasına daha biri əlavə olunmuşdu: Külək...