ŞƏHLA NİHAN

Fatalizm ya nənəm mənə danışardı ki..

29 İyul, 2020
311
fatalizm iradə reallıq seçim hüququ


Nağıllarda böyük həqiqətlər gizlədilib. Nağıllar alleqoriya çeşməsidir və Kainat bizimlə məhz alleqorik dildə danışır. O dil heç zaman ölmür, itmir, təhriflərə məruz qalmır.

Monoteist dinlərin beyinlərə yeritdiyi “taleyin əvvəldən cızılmış”, “alın yazısı” möhürü-filan məntiqdən təsəvvürəgəlməz dərəcədə uzaq uydurmadır. Beyni fatalizmin buxur tüstüsü ilə uydurulmuş kütləni idarə etmək çox asan bir şey. Məhz idarə olunmaya yatımlığına görə insanın iradəsi çökdürülməli, tərəqqiyə meyl-marağı söndürülməli, analitik təfəkkürü susdurulmalı, o, kölə halına gətirilməli idi. Bunun üçün isə “sən taleyinin qulusan, bütövlükdə idarə olunansan, sənin yerinə hər şey düşünülüb artıq”  mental proqramından daha sərfəli və effektli birini düşünüb tapmaq mümkün deyildi.

Məntiqlə isə əgər hər şey irəlicədən düşünülüb-daşınılıbsa mənim buralarda nə işim vardı? Sənin bəs? O birinin bəs? Ya heç bir şey etməyək, olan onsuz da olacaq. Heyvanlar aləminin dördayaq, quyryqlu ünsürlərinin həyatını yamsılayaq. Onlar da öz yaşamına müdaxilə etmir, biz də etməyək! Bu yerdə nağıllar köməyə gəlir, daha doğrusu onlarda gizlədilmiş həqiqətlər.

Əsasən rus nağıllarında tez-tez rast gəlinən, qəhrəmanın dilemma qarşısında qoyulması epizodu var. Qəhrəman yol ayrıcına (yeri gəlmişkən mistik bir yerdir yol ayrıcı) gətirilir və irəlidə 3 yol. Tən  qənşərində də iri bir daş, üstündə yazı:

Sola gedərsən – filan-filan-filan.

Sağa gedərsən – filan-filan-filan

Düz gedərsən – filan.

Bax, əsl həqiqət elə budur. Fatalizm də elə bu diapazondadır. Bir yol yox (ölsən də, qalsan da görüb-görəcəyin bu), əziz cənab-xanımlar, qarşınızda 3 yol var. (O-na bir köynək yaxın olanlarçun 5 ya 10, ya deyək 15 yol. O da hamıya eyni gözlə baxmır) Və burada verilir sizə seçim hüququ. Hansı cığırla yolunuza davam edəcəyiniz tam sizin ixtiyarınızda. Hər cığırın da sonunda fərqli final gözləyir sizi, təbii. Başqasının cığırına adlaya bilməzsiniz. Başqasına aid olanı arzulamaq olar, amma onun reallığına düşməniz qeyri-mümkündür. Bunun üçün gərəkən mental-emosional və s. və il. durumda deyilsiniz və bir sıra xarakterik keyfiyyətlərdən xalisiniz.

Yəni bu interpretasiya bizə ta uşaqlıqdan yedizdirilən “qismətttt!” zəhərli ideyasından daha uğurlu, daha çevik, məntiqli, humanist və deməli var olmaya daha iddialı və hüquqlu!