ŞƏHLA NİHAN

1, 2, 3, 5... Yenə həmən yerdən, başqa (?) tonla

30 İyul, 2019
467
hərşey heçnə


Önümdə kağız, gözlərim monitorda, qarşı divarda təbiət təsviri - yeganə salamat qalanı., qeydlər götürməliyəm, deyəsən çox məşğulam.

Qarşımdakı kətanda inək hərdən böyürüb mən burdayam deyir, baxsana. Xoşbəxtdir binəva. Nolsun ki, günyarım ömrü qalıb, bəlkə də daha az (bunu müəyyən etməyin xüsusi yolları var, gizlindi deyə açıqlaya bilmirəm). O seyrçidir, yuxarıda oturub yamac aşağı lacivərd göylərin rəngi çökmüş sakit gölə tamaşa edir. Ətrafda bir kimsə yox, təbiətdən savay, o da öz-özünü seyrçinin gözlərinə çəkməkdə, heç nə vecinə deyil. İnək zavallı xoşbəxtdir. Mənsə orda ola bilmirəm., çünki seyrçi deyiləm. Mən ona yalnız fikirli-fikirli baxıb odamın rütubətini ötürə bilirəm, osa.. osa mənə çox şey. Ən azından o lal göyümtül durğunluğu.

Kosmoenergetim dün yenə əsdi buralardan, bütün karkas şəkillərimi cırıb verdi yelə: “Sənə durğunluq olmaz! yaramaz! demişdim axı!”  Durğunluq yaramazmış... Bəs nə edim?! Senyor, siz nə məsləhət görərdiz?

Ax unutmuşam, yaddaşım yenə istefa verib. Şəlalə lazımdır, şəlalə. Axır və aparır. Çox nevrotik bir zaddır şəlalə. Ama neynim, təbib məsləhətinə görə onu əlavə etməliyəm həyatıma.

Tablodakı ağ buludları baxışlarımla yarmağa çalışıram. Orda sakitlıkdır. O mehrab təşviş kəlməsini tanımır. Burdasa ölülər diriləri basdırır.

Burası balaca arıların və balaca sincabların vətəni. , qalan hər şey iridir burda.. iri, çox yekə.. və qaba. Bura qürbətdir.

Və mən Hələ də mənə vəd edilən o HərŞeyin içindəyəm. Ya bəlkə belə: Mən  ARTIQ  mənə vəd edilən o hərşeyin içindəyəm. Bir sual., yalnızca bir: Bu müstəsnamı edir adamı? Bununçun təşəkkürmü bildirməliyəm? Çox iltifatlısız-filanmı deməliyəm? Kimə? Yenədəmi həmən o senyora, o qlamura... ?

Qulağıma dəyən hədə kəlmələri əlimi kağızdan soyudur:

- Sən bir də............

Gözləyirəm, sakitlik bərqərar olunca yenidən işimə qayıdıram.

Gözlərim monitordakı sətirləri acgözlüklə içəri ötürür. Bir az duzu çatmır. Elə yenicə uzaq və yad sabj ilə aramızda tandem yaranmışdı ki, çox satqın bir ifadəyə ilişib qaldım: “Ardı gələn sayımızda.”

Nə səfeh vəd, ilahi... Bu şərtin yerinə yetməsi üçün azmı şey lazımdır? Fərqindəmi bunlar?.. Gərəkdir ki, gələn say çıxa; o sayda mənim maraq obyektim yer ala; mən o sayı tutam; maraq obyektimə olan marağım sönməyə; digər çoxsaylı səbəblər məni qiraətdən yayındırmaya və ən nəhayəti və ən ilki – mən buralarda olam..

Ölülərin dirilərə vay tutduğu məkanda nə işin vardı axı, qız??!

Yenə şəklə fırlanıram. O kollara ilişib qalmış həsrət, bir də xəfif mehin səsi çox şey pıçıldayır mənə. Kim dedi ki, şəkillər danışmır?! Onlar yalnız karlar üçün danışmır. “Baxansa görər də.”

Yenə o yerdən, həmən müstəvidən, eyni avazla. Qarşımda çoxlu sindromlu adamlar., bəzilərinin şlyapası və çəliyi də var, hətta pensne. Axtarıram, nə çatmir? Hə axı, çətir! Qanları da çox durudur, reologiyası pozulub. Bu yaxşıdır, simptom olanda nolar, kimsə qaralda bilməyəcək onu. Xəstəlik kağızlarını ard-arda vərəqləyirəm (onlardan roman yazmaq olardı, hərəsi bir tale, bir dözüm nümunəsi), elə bu an yada düşür ki, yaddaşımı itirmişəm, təsadüf nəticəsində. Və indi bu fəqir binəvalara, bu şlyapalı çətirlərə heç nə ilə kömək edə bilməyəcəyəm. Yazıqlar olsun...

Yenə qonşudan gələn hədə:

- Sən bir də............

Görməməkçün əlimi gözlərimə tuturam.

Tavanın yuxarı sağ küncündə nizamla keçən qarışqa sırası. Nizamsızlığı sevən xislətim sıranı pozmaq üçün məni yerimdən durğuzur. Gözlərimi qıyıb süzürəm onları, yenidən çökürəm yerimə. Axı günahsızdırlar, neyləsinlər, yaradılıblar, gəzişməlidirlər. Yaxın günlərdə onlardan təhlükə gözlənilir, daxıli səsimin proqnozuna görə. Mənsə heç qorxmuram. Görünənin zərbəsi qorxulu olmur. Əsl zərbə gözlənilmədən gəlir, harda oldu haqlayır..

Hələlik son. Ardı gələn sayımızda.


(PS. Heç də səfeh vəd deyilmiş., ümid verir ən azından)