1.
1. Tam
mənada azadlıq insana lazımmı?
2. Mütləq azadlıq nəyimizə lazımdir?
3. Azad olsaydıq nə edərdik ki, azad olmayıb ondan məhrum
olmuşuq?
4. Sərhədlərsiz, çərçivəsiz yaşam nə demək olardı insançun?
Sərhədsizlik, kart-blanş,
külli-ixtiyar, permanent yaşıl işıq. Neylərdik onda? Mən şəxsən bunu heç düşünə də
bilmirəm. O qədər tanış olmayan bir şey ki, heç hipotetik də qəbul edə bilmirəm.
Yəqin anarxiya olardı. Xaosdan başqa heç nə ağlıma gəlmir.
Quş uçur. O,
səmanı süzə bildiyi yerə qədər sanır yəqin ki. Onunçun səmanın bir qurtaracağı
var. Ya bəlkə görür göyün ənginliyini, nəhayətsizliyini? İstənilən halda bu onu
narahat etmir, yoxsa İkarın hekayətini təkrar etmiş olardı. Hər halda uçub
kosmosa getmək quşun xislətində deyil. Cazibə onu mıxlayıb vətəninin göylərinə. Onu oralara qoymurlarsa,
bu hündür dibsizlik quşa heç lazım da deyil. Uçma qabiliyyətinin imkan verdiyi
qədərdi onun yaşam diapazonu, məhdud azadlığı onu heç də bədbəxt etmir, neynir
quş kosmosu?..
Okeanda diblə
üzən skatın suyun yuxarı qatları nəyinə lazım? Ona bütün okean bəxş olunsaydı
neyləyəcəkdi? İnsan yeganə acgöz varlıqdır ki, doyurmaq olmur. Lazımı oldu-
olmadı hər şeyə can atır. Tutalım bizə nəhayətsizlik,
mütləq azadlıq verilib, vaxt da ləğv olunub, nə istərsiz edin deyilib. Neynərdik?
Mənim şəxsən edə biləcəyim yeganə şey o nəhayətsizlik və zamansızlıqda itmək
olardı..
Əlbəttə,
insan quş və balıq deyil. Yaradılışın əşrəfi olması onu sövq edir hər şeylə
maraqlanıb inkişaf etməyə. Amma maraqlanmaqla əldə etmək, yiyələnmək istəyi və
çatmadığına, əlin yetməyənə xudbincəsinə “çatmadımsa demək yoxdur” deyib
çıx-daş etmək düzgün deyil. Bəzən empirikasız da mümkün variantlar haqda
mülahizə yürütmək olar ki, mənə elə gəlir ağıl bizə elə bunun üçün verilib
- əlimizi toxundurmadan bilmək üçün.