ŞƏHLA NİHAN

Stalkerin monoloqu və frottaj

10 Yanvar, 2019
792
ağrı nədir duyğular ətraf mühit frottaj

https://youtu.be/BX2UMHj_i9Y


"Трение между душой и внешним миром. Слабость- велика, а сила - ничтожна. Когда человек родится, он слаб и гибок. Когда умирает - крепок и черств. Сила - спутник смерти. Гибкость и слабость - свежесть бытия. Что отвердело, то не победит."  (Тарковский “Сталкер”  orijinal mənbə Lao-Tzı )


Hisslər bu sürtülmənin ilkin təmas nöqtələridir. (təəssüf hissi, həzz, təminlik. Qorxu, ehtiras bir az daha dərin, biokimyaya  təsiri daha güclüdür). Ətrafı özününküləşdirməkdir yaşam. İlk tanıma məhz belə yüngül  “gəzişmələrdə” özünü göstərir. – hiss, emosiya deyirik. Dərinləşdikcə  - görürük, eşidirik, dadırıq.. təmas artdıqca əzilirik, ağrı duyuruq. Ağrını azaltmaqçun qucaqladığın faneronu (sən və mühit vahidi) baraxmalısan. (“fikir vermə, boş burax” ovundurması).

Fikir, xəyal, yuxu da bu ierarxiyada hərəsi öz pilləsində durur., amma frottaj bu sadalananlarda daha səthidir. Yuxu sənin daha çevik davranışındır, aldandığını  boynuna aldığın. Vicdanın susduğu, müdaxilə edə bilmədiyi yeganə yer, senzdən azad. İstənilən ssenari mümkündür orda.

Körpə doğulduğunda ətraf fonla təması necə quracağını bilmədiyindən gücünü yönəldir  ağlamağa.. Bu təmas nativ bir şey olsaydı (tənəffüs aktı, digər fizioloji proseslər kimi) insan doğulduğunda bilməliydi onu. Yaşam - davranış modelləridir, klişe strukturları. Bizi o klişeyə yoluxdururlar, yaşamağın qaydasını və yollarını öyrədirlər, cığırları göstərirlər, kürəyimizə yol çantasını yükləyib deyirlər gedin.

Hiss və emosiyalar ilkin təmasdır, yuxarıda qeyd edildiyi kimi. Dərinləşdikcə fiziksəlliyə daha da yaxınlaşırsan. Əks cinsin nümayəndəsi ilə tanışlıq adicə hisslərdən başlayıb həyata uşaq gətirməyə qədər dərinləşə bilər.

Dünya ilə (fon ilə) tanışlıq da elə bir şeydir. Zəifdən, səthidən dərinə qədər. Həm sahəsi böyüyər təmasın, həm daha alt qatlara sirayət edər. Sahəsi o qədər böyüyər ki, insan dünyadan köçəndə bütün bədən səthi ilə gedər – uzanıqlı. Ayaq üstə gedəni heç görmədim, yəqin siz də həmçinin.  Təmas dərinləşdıkcə yandırar insanı və nəticə - xəstəliklər olar.

İnsan əgər mükəmməllik mücəssəməsi olsaydı, onu əks cinslərə bölməzdilər. O hər şeyi yalnız müqayisədə öyrənəcək qədər cılız. Ona görə gecə-cündüzü var. Ona görə həm ağlamalı, həm gülməlidir. İstənilən qütbülük, diaqonal uzaqlaşması primitivlik nişanəsidir. Özündə yeknəsəkliyi və stabilliyi saxlayacaq qədər böyümədi insan. Bizə maraq, düşünmək hissi  təlqin olunur. Biz o meylin gücü ilə hər şeyi  yalnız əkslik və ziddiyyətlərdə öyrənirik, ətrafla kopulyasiyada.