ŞƏHLA NİHAN

Fəlsəfə

11 May, 2017
369
apriori duyğu empirizm fəlsəfə qavram modeli

Fəlsəfəni sübut etmək mümkünmü? Onu teoremləşdirmək ya  kağız üzərində sxematik təsvirini vermək, absis-ordinat  oxlarına təslim etmək və ya xətkeşlə ölçüləcək vəziyyətə gətirmək mümkünmü? Ölçü vahidi varmı?

Fəlsəfə ilk növbədə duyğudur. Bildiyin, var olan, amma varlığının isbata ehtiyacı olmayan bir ya birinci qavrayış vasitəsidir. Təməl və debyutdur, alfadır. Baxış bucağı və ya daha sensitiv inadkarlar üçün eynəkdir. Fəlsəfə ilə evrəni qavrayıb sonra onu inkar etmək olmaz.

Tutalım, sizə xoş gələn nəsə, kimsə (şəxs, əşya, vərdiş, iş, eyləm.., hər şey olması mümkün) var.  Bu duyğudur. Və sizdən xahiş edirlər ki, onu, yəni duyğunuzu isbat edəsiz, sübuta yetirəsiz, həm rəğbətinizin səbəblərini, həm də o halın özünü. Dəqiq ölçüləri tələb olunur simpatiyanızın, sudan ağır-yüngül olmasını, qaynama temperaturunu, kövrəklik dərəcəsini, rəngini dəqiq ifadə edəsiz. Yumşaqmı-bərkmi, xovlu-xovsuzmu sevdanız? Sonra o rəqəmlərdən orta statistiki də çıxarmalısız, bütün xətaları atmaqçun, dəqiqlik naminə. Fəlsəfə əlahiddə bir şey və o riyazi, həndəsi qavram üsullarına tabe deyil.

Duygunun nə şəkli var, nə morfologiyası. Nə ölçüsü, nə sabiti, nə əmsalı, nə aqreqat halı. Çəkisi də yoxdur ki, tərəziyə qoyasan. İstənilən duyğu ekspressiyası hal olaraq mövcuddur. Biz onu ölçə bilmədiyimizə görə dana bilmərik axı..

İndi təsəvvür edin ki, sizin simpatiya obyektiniz (passiya deyək ona) nəsə qəbahət iş tutdu və sizə də ona nifrətdən qeyri seçim buraxmadı. Rəğbətiniz, eşqiniz kulminasiya pikindən milləndi aşağı, düz yerin tərkinə. Var Yox oldu.

Enerji heçdən yaranmır.  Deməli Yox (o isə informasiya olduğu üçün artıq enerji sayılmalıdır, çünki istənilən informasiya faktdır və demək, enerjidir) əvvəldən də var imiş, sadəcə latent formada. Enerji həmçinin itmir. Var itə bilməz, çerilməyə məruz qala bilər, itə bilməz.

Simpatiya deməli həm var, həm də yox. Duyğu mükəmməldir, həm var, həm yox olduğu üçün. Bilik, əgər gələcək nəsillərə ötürülmürsə itib gedəcək. Başqasının biliyini beynindən oğurlamaq olmaz. Duyğununsa ötürülmə ehtiyacı yox. O hər kəs tərəfindən individual duyular. Əvvəldən var hər birimizdə və həyat fəaliyyəti nəticəsində itilənib üzə çıxır, işləməyə başlayır və sənə bilgilər qazandırır, qənaətlər, qavram praktikası. Yuxarıda qeyd olunan kimi təməl, debyut, alfadır  fəlsəfi duyum bacarığı. 

Fəlsəfə duyğudan və rasionallığı üstələyən arxetip maqmalarından doğmuş bilgilər sistemidir. Onun nə ölçülməyə, nə çəkilməyə, nə palpasiyaya ehtiyacı yox. Cihazsızdır və empirik bazası yoxdur. Dünya çevrilərsə, son baş verərsə laboratoriyalar dağılacaq, tərəzilər sınacaq, mikroskoplar çiliklənəcək, cihazlar yox olacaq, elektrik şəbəkəsi, hər cür rabitə, konnekt vasitələri yoxa çıxacaq. Onda elm yuxuya çevriləcək, sivil keçmişin sizə vida kabusuna. İnsanla qalan aparatı, zərrəbini, kolbası, Petri çaşkası olmayan fəlsəfə olacaq, çünki o dünyaduyumunuzdur.