Cəmiyyət fərd
kimi
Subyekti –
iradə, məslək, əqidə, qənaət və ideologiyaya əsaslanan, təkrarsız keyfiyyətlərə
malik, unikal fərdi taleli insan olan sosial elmlər ictimai münasibətlər kimi
spesifik sahədə bərqərar olmuşlar.
Qərb mütəfəkkirləri
uzun illər cəmiyyətin inkişaf qanunauyğunluqlarını müəyyən etməyə cəhd göstərmişlər.
Mikrokosm makrokosmun modeli, ailə dövlətin, fərd cəmiyyətin subelementi olduğu
üçün ümumi bəşəri qanunlar tək halda götürülmüş insan əmsalında (onun ontogenezində)
özünü göstərməyə bilmir.
Beləliklə, ümumiliklər
və bəzi punktlarda fərdə yansıtma.
1.Kompensasiya qanunu.
Həyat üçün əlverişli
iqlim şəraiti olan coğrafi bölgədə insanlar çox vaxt ağır siyasi, hərbi, dini və
seqreqasiyaya məruz qoyan digər faktorlarla üzləşir.
Hər hansı
parlaq, fenomenal fərdi keyfiyyətlərinə görə fərqlənən şəxs bəzi vacib cəhətlərdən
qısır qalır və ya həyat kolliziya və rebusları onu elə məngənəyə salır ki, nəfəs
çəkməsi belə çətinləşir, həmçinin ona tətbiq olunan “sınama/ tovlama metodları”
digər insanlara nisbətən daha geniş miqyaslı, daha sərt və imrəndirici olur.
2.Qarşılıq qanunu.
Zor gücünə, cəbrən
həyata keçirilən iş öz icraçısı üçün neqativ nəticələrə gətirir. Qanla endirilən
hakimiyyət yerini özündən betərinə verir. A.Kamyu kommunist illyuziyalarından xilas olduqdan
sonra belə bir fakt aşkara çıxarmışdı ki, inqilab öz ilkin prinsiplərinə xilaf
çıxaraq yeni əsarət sistemi yaradıb daha absurd xarakterli yeni konformizm bərqərar
edir. Bu zaman günahsız insanların da əzab çəkməsi istisna olunmur. Məs.Fransa
inqilabı (1789), Rus inqilabı (1917). Ehtiyac, qəddarlıq, ədalətsizlik olmayan
xoşbəxt cəmiyyət qurmaq üçün inqilabçılar tərəfindən həyata keçirilən qanlı
terror təkcə aristokratiyanın deyil, sıravi insanların da qətlinə gətirdi və
sonra hər yerdə xalqın düşmənlərini axtaran inqilabçıların məhz “xalq düşməni”
damğası ilə öz sıralarının da seyrəlməsinə səbəb oldu. Bu zaman xalqın ümumi
yaşam səviyyəsi aşağı düşüb, yalnız bir neçə onillikdən sonra inqilabdan əvvəlki
durumuna gəlib çata bilir.
Bumeranq
effekti insan taleyində də özünü göstərir. Göz yaşları üzərində qurulan tifaq
gec-tez dağılacaqdır.
3.Elitanın deqradasiyası.
İnsanın rifah
halı nə qadər yüksəkdirsə bir o qədər böyük passionarlıqla o, mənəvi-etik
normaları pozub, deviant və yolverilməz davranış sərgiləməyə meyllidir. Yüksək
rifah, ehtiyac tanıtmayan maddiyyat, əmin-arxayın sabahlar, təhlükəsizlik həzzi,
külli-ixtiyar, sərbəst vaxt bolluğu, ideologiyaya yer ayrılmayan şaqraq həyat
insanın ruhən çöküşünə və böyük mənada cəmiyyətin çürüməsinə gətirir. Dünya tarixi məhv olmuş sivilizasiyaların məzarlığıdır:
Atlantida, şumerlər, qədim Misir, Roma, Vizantiya.
4.Hakimiyyətin konsentrasiyası və ya oliqarxiya
qanunu.
Bu qanunu
1911-ci ildə R.Mixels (Robert Michels) aşkarlamışdı. İstənilən təşkilatçılıq formu
yalnız hakimiyyətin bir qrup insanın əlində təmərküzləşməsi zəminində effektlidir. İstənilən demokratik hərəkat,
partiya müddət ötdükcə effektiv idarəetmədə marağı olmayan, yalnız öz
hökmranlığını güdən oliqarxiyaya çevrilir. Bir çox ölkələrdə məmurların öz
maddi vəziyyətlərindən və ictimai statuslarından tam razı qaldıqları üçün hər
hansı iqtisadi reformların keçirilməsi məqbul sayılmır.
Hakim zümrənin
say tərkibi ilə əldəki səlahiyyət konsentrəsi tərs mütənasibdir.
5.Qüdrət qanunu.
Azğın güc ətrafında
yerləşən, kifayət qədər azğınlıqla qorunmayan bütün əraziləri ələ keçirməyə
çalışır. Uzaq Şərq kifayət qədər müdafiə oluna bilmədiyi təqdirdə güclü qonşu –
Çin tərəfindən təhlükə gözlənilə bilər. B.e.ə. V əsrdə Qərbi Roma imperiyası azsaylı,
lakin hərb sənətinin bütün incəliklərinə vaqif barbarların həmlələrinə məruz
qalırdı.
6.İctimai inkişafın sürətlənməsi qanunu.
Cəmiyyətin
inkişafı hər yeni dövr ilə vüsət alır, yeyinləşir. Hər yeni epoxa əvvəlkindən
daha qısadır. Davametmə müddəti: quldarlıq
3,5 min il, feodalizm (Qərbi Avropada) 1300 il, kapitalizm hələlik 2,5-3 əsr (1770-ci ildən İngiltərədə sənaye inqilabı, Fransada
16-cı Lüdovikin reformları).
7.İnkişafın qeyri-müntəzəmliyi.
Müxtəlif
regionlar müxtəlif dövrlərdə həm tərəqqi, həm tənəzzül keçmişlər. Siyasi və
iqtisadi sferada bəzi ölkələrin hegemonluğu nəzərə çarpır. 17-ci əsrdə
kapitalizmin ilk çağlarında burjua iqtisadiyyatının lideri Hollandiya idisə,
sonra aparıcı rolu rəqibi İngiltərəyə təslim edib ondan çox-çox geri qalır.
19-cu əsrin
ortalarında İngiltərə sənayedə və maliyyə münasibətlərində bütün ölkələrdən
öncül idisə, əsrin axırlarında onu ABŞ, sonra isə Almaniya qabaqlayır. 20-ci əsrdə
iqtisadiyyatda önə çıxanlar Yaponiya, Çin olmuşlar.
Fərdi
inkişafda da bu tendensiya nəzərə çarpır. Hər hansı sahə üzrə başqalarını
qabaqlayıb birincilik qazanan insan illər sonra estafeti özündən daha yaxşısına
ötürməli olur.
8.Əlaqəli hadisələr.
Hər hansı
hadisə müxtəlif nəticələrə gətirir. Ölkədə iqtisadi tərəqqi işsizliyin
azalmasına, əmək haqqının artmasına, həyat şəraitinin yaxşılaşmasına, siyasi
stabilliyə səbəb olur. Sosial rifah artdıqca ailələrdə uşaqların sayı azalır,
demoqrafik problem ortaya çıxır. İqtisadiyyatda dövlətin rolunun azalması cəmiyyətdə
sosial bərabərsizliyin artmasını şərtləndirir.
9.Tciklik inkişaf qanunu.
Hər bir şey
öz əsas xarakteristikasında gələcəkdə təkrarlara meyllidir. Sivilizasiyanın
yeni inkişaf mərhələsində baş verənlər əvvəllərdə olmayan cizgilər qazansa da,
hər şey keçmişlərin təkrarından ibarətdir. Qədim Misir 3000 il ərzində çiçəklənmə
dönəmləri ilə bərabər (qədim, orta və yeni çarlıq) onlar arasındakı çöküşü də yaşadı.
Eləcə də Çin misalı: Pik və krizislərin növbələşdiyi 2000 il.
10.İdeologiyanın prioriteti.
Cəmiyyət və
dövlət ideologiyalar üzərində bərqərardır. Ənənəvi dini dəyərlərin və inanc
doqmatlarının tənəzzülə məruz qoyulması ardınca inqilablar dalğası, iğtişaş, hərc-mərclik,
anarxiya baş qaldırır. Mənəviyyatın
ayaqlanması dezorientasiya və kollapsı çəkib gətirir. İnsan üçün hər zaman
ülviyyət kəsb edən bir şeylər olmalıdır.
11.Bərabərsizlik qanunu.
Dünyada 20%
insan bütün gəlirin 80%-nə sahibdir. Müəssisələrdə işin 80%-i işçi kütləsinin
20%-i tərəfindən həyata keçirilir. İnsanlar bərabər yaranmamışlar, onlar
bacarıq, əzm, istedad, səy və digər xüsusiyyətlərinə görə bir-birindən fərqlənir.
Ona görə insan cəmiyyətində bərabərsizlik daim olub və olacaq.
12.Pareto qanunu.
Gəlir və sərvət
ilə onlara sahib olanların sayı arasında tərs mütənasiblik mövcuddur. İctimai
piramidanın yuxarılarına doğru insanların sayı azaldıqca onların qazancında
artım müşahidə olunur. ABŞ əhalisinin
1%-i bütün mülkiyyətin 40%-nə sahibdir. Bu, bərabərsizlik qanununun daha bir
ifadəsidir. Credit Suisse İsveçrə bankının tədqiqatlarına əsasən dünya əhalisinin
0,7 %-i dollar milyonerləridir və onların payına düşən var-dövlət ümuminin
44%-ni təşkil edir. Varidatı 100 mindən 1 mln $-a qədər olan daha 8% əhali
ümumi sərvətin 41%-nə yiyələnib.
13.Kəmiyyət dəyişikliklərinin keyfiyyət dəyişikliyinə
keçməsi (Hegel).
Kritik düyün
nöqtəsində miqdari dəyişikliklər həmişə xassə dəyişikliyi törədir.
İctimai
proseslərə inikası:
Kapitalist industriyasına
qədər İngiltərədə müstəmləkə qarətindən alınan var-dövlətin əllərdə toplanması
prosesi gedirdi. Buna paralel olaraq ölkədə keçirilən siyasət nəticəsində
torpaqdan məhrum edilmiş kəndlilərin şəhərə qovulması, proletariatın
savadlanması, təlimi də vüsət almışdı. Geniş sənaye fəaliyyəti üçün lazım olan
kapital toplanması baş tutduqca acından ölməməkçün qəpik-quruşa işləməyə hazır
proletar sıraları da kənd əhalisinin hesabına sıxlaşırdı. Məhz onda yeni
ictimai formasiya olan kapitalizmin meydana gəlməsi üçün şərait formalaşdı.
Miqdarı dəyişikliklər cəmiyyətin inkişafında yeni pilləyə gətirdi – İngiltərə
feodalizmdən kapitalizmə qədəm qoydu.
Keyfiyyət dəyişiklikləri
hər zaman anidən baş verir, amma ona qədər uzun yol, hazırlıq mərhələsi
keçilir.
Kəmiyyətcə dəyişmənin
keyfiyyətcə dəyişməyə gətirməsinin əsasında əksliklərin vəhdəti və mübarizəsi
qanunu durur.
Kapitalizmin əsas
ziddiyyəti – ictimai ümumi istehsalla kapitalist, yəni şəxsi mənimsəmə
arasındakı ziddiyyətdir. Məhz əks tendensiyaların mübarizəsi nəticəsində yeni
keyfiyyət xüsusu meydana çıxır. Əksliklər bir-biriylə polyarlıq təşkil edib
mübarizə aparsalar da onların ayrı, tək mövcudluğu qeyri-mümkündür. Sistem,
daxilindəki mübarizə və vəhdət meyllərinə görə keyfiyyət yenilənməsinə qabil
olur.