vital zəhər
Geştalt
almancadan tərcümədə “bütöv obraz” deməkdir. Metodun yaradıcısı Frederik Perlz
hələ Almaniyada olarkən Z.Freydlə audiensiya (şəxsi görüş) haqda düşünürdü.
Onunla söhbətləşmək, öz nöqteyi-nəzərini izhar etmək, metrin bəzi nəzəri xəta və
yanlışlıqlarını müzakirə etmək istəyirdi. Almaniyada siyasi vəziyyətin kəskin
pisləşməsi Perlzı ölkəni tərk etməyə sövq edir. O əvvəl Hollandiyaya, sonra Cənubi
Afrikaya köçür. Afrikada işləri qaydasında gedir. O burada psixoanaliz
institutu yaratmağa müvəffəq olur, özünə təyyarə və bahalı rayonda dəbdəbəli
malikanə alıb savadlı geştalt-terapevt kimi tanınmağa başlayır. 1936-cı ildə
özü idarə etdiyi şəxsi təyyarə ilə 2000 mil yol qət edərək psixoanalizə həsr
olunmuş konfransda iştirak etmək üçün Avropaya gəlir. Böyük çətinlik və şəxsi əlaqələr
hesabına Freydlə görüşə nail olur. Metr qonağı uzun müddət dəhlizdə gözlətdikdən
sonra nəhayət ki, pişvazına çıxır. Onların arasında mənasız dialoq baş tutur:
- Mən Cənubi
Afrikadan gəlmişəm ki, burada mühazirə oxuyum və sizinlə tanış olum. – deyir
Perlz.
Freydin
cavabı gözlənilməz olur:
- Çox əcəb. Nə
vaxt qayıdıb gedirsiniz?
Daha dörd dəqiqə
havadan danışdıqdan sonra onlar həmişəlik ayrılırlar. Bu görüş Perlzı qəlbinin
dərinliklərinə qədər təhqir edir.İnsident öz misalı ilə yarımçıq geştalta gözəl
nümunə sayıla bilər. Bundan sonra Perlz ömür boyu Freyd ilə xəyali dialoqlar
quraraq metrin zəif cəhətlərini üzünə çırpmış, yeni konsepsiyanın müxtəlif
çalarlarını aşkarlamışdı. Nəticədə natamam geştalt nəzəriyyəsi təkmilləşdirilmiş,
qazanan psixoanaliz olmuşdu.
Qeyd edildiyi
kimi geştalt – bütövlükdə qavrama deməkdir. Biz rəsm əsərinə baxanda tək-tək rəng
yaxmalarını yox, ümumi tandemi görürük. Avstriya fiziki və filosofu Ernst Max
göstərmişdi ki, musiqinin tonallığının dəyişdirilməsi onun tanınmasına əngəl
törətmir. Çox məşhur daha bir misal var. Kembric universitetinin tədqiqatlarına
əsasən sözlərdə hərf ardıcıllığı pozulsa belə, ilk və son hərflərin yerində işlədilməsi
sözlərin düzgün oxunmasına rəvac verir. Çünki insan beyni tək-tək həfrrəli
yox, bövütlüdkə szöü ouxuyr.
Tamamlanmamış
prosesləri beyin fiksə etməyə meyllidir. Bu, bir psixoloqun adı ilə Zeyqarnik
effekti adlanır. Bu şəxs müşahidə etmişdi ki, kafedəki ofisiantlar yerinə
yetirilməyən sifarişləri yadda saxladıqları halda icra olunmuş sifarişləri həmən
unudurlar. Sonrakı tədqiqatlar onun müşahidəsinin təsdiqini verdi – icra
olunmamış vəzifələr insan beynində müəyyən gərginlik yaradır.
Natamam
geştalt nə vaxt yaranır?
1.İllər boyu
arzusunda olduğunuz bir şeyə çatmayanda.
2.Kimləsə
münasibətiniz müəmmalı şəkildə qırılırsa, yaxud qəribə tərzdə sonuclanırsa.
3. Hansısa iş
yarımçıq saxlanılırsa.
Bir sözlə,
istənilən natamam akt haqqında söhbət açdığımız kompleksin yaranmasına səbəb
olur. Kompleksin yaranmasının göstəriciləri – sizi narahat edən keçmişə
qayıtmaq həvəsiniz; sadalanmış mövzulara xəyalən döndüyünüzdə daxilinizdə baş
qaldıran qıcıq və diskomfort hissidir.
Evdə illərlə
istifadə olunmayan əşyalar, çardaq və ya zirzəmidə keçən əsrdən qalma
relikviya, lazım olmayan kompüter faylları, köhnə kağızlar, sənədlər, heç cür
bağışlaya bilmədiyiniz insanlar, unutmaq iqtidarında olmadığınız neqativ hallar
və s. və il. – bunlar hamısı yarımçıq geştalt ordusunun əsgərləridir.
Frits Perlzin
fikrinə görə nevrozu kultivirə edib qidalandıran əsas mənbə tamamlanmamış
(açıq) geştaltdır.
Natamam
geştalt özbaşına bağlana bilərmi? Yox, əlbəttə. Burada ən düzgün yol onu mümkün
qədər iqnor etməkdir. Əgər siz bütün emosiyalarınızla onu həyatınızda
saxlayırsınızsa (dönə-dönə üzərinə qayıdır, götür-qoy edir, gecə-gündüz fikirləşir
və beləliklə onu öz həyat enerjinizlə qidalandırırsızsa) o zaman əmin ola bilərsiniz:
o heç zaman bağlanmayacaq.
Burda
V.Zelandı xatırlamaq yerinə düşür. “Reallığın transerfinqi”. Arzuladığınız bir
şeyin həyata keçməsi ona verdiyiniz dəyərdən və vaciblik statusundan
asılıdır. Amma limit gözlənilməlidir.
“Çılğınlıqla arzulamağın kifayətdir ki, istədiyinə çatasan” – bu kəlamı unuda
bilərsiz. Karmist nəzəriyyəçilərin də təməl müddəalarından biri ideallaşdırmaya
aid idi, yəni heç nəyi mütləqləşdirib, konstant səviyyəsinə yüksəltmək lazım
deyil. Beləliklə, siz onu bütləşdirib dinamik mövcudiyyat interaktivindən
çıxarırsız, dialektik qanunauyğunluqların civarında buraxırsız və o öz müdhiş,
rigid, ölü və daşlaşmış implisitliyində davam edir. Mübarizə aparmaq olar, əlbəttə,
amma transparantlarsız.
Arzulara
aşırı dəyər vermək lazım deyil. Bu, onların həyata keçməsinə əngəl törədir.
Onlara qarşı yadlıq nümayişi gərəkdir.
İstənilən eyləm
öz məntiqi sonluğuna yetməsə barmağa batıb toxumada irinləyən tikan kimi sürəkli
problem törədərək həyatınızı zəhərləyəcək.
Hər birimiz həyat
boyu yüzlərlə yarımçıq geştalt qazana bilırık. Deyilməyib ürəkdə qalan
söz, əziz insanla konflikt, borc imtahan
kəsirləri və s.
Sadə misal üzərində
belə izah etmək olar: Siz monitorda çoxlu miqdarda pəncərə açmısınız və
kompüter “asılıb qalıb”, hətta sönməsi də mümkündür. Təxminən analoji mexanizmlə
insanın altşüuru natamam geştaltlarla zəhərlənir ki, bu da şəxsi inkişafa, məqsədə
doğru irəliləməyə əngəl törədir.
Şüuraltı üçün
nə keçmiş, nə gələcək var. Ora ötürülmüş bütün komplekslər tək bir zamanda –
İndi mövcuddur. Ona görə vaxtaşırı həyatımıza sirayət edib onun normal
gedişatını poza bilir.
Natamam
geştalt fəsadsız ötüşmür.
1.O, insanı məmnunluq
hissindən məhrum edib, xroniki həyəcan mənbəyinə çevrilir. Həyatının ən xoş məqamlarında
belə insan ürək dolusu sevinə bilmir. Onu daim geriyə, qaranlığa səsləyən bir
şeylər olur.
2.Yeni məqsədlərə
doğru irəliləməyə mane olur, həyatı yenidən başlamaq ideyası fiaskoya uğrayır.
Depressiv
ovqat, halsızlıq, əzginlik, yuxusuzluq, nevroz və digər bu kimi simptomlar üçün
məhz yarımçıq geştalta borcluyuq.
Vaxtında ödəmədiyiniz
cərimə xarici səfərə getməyinizə, yaxud borc kimi boynunuzda qalan zaçot diplom
almağınıza necə mane olursa, natamam geştalt da həyatınızda təxminən belə bir ləngidici
rol oynayır.
Bunu insan
sövqi-təbii hiss edir və imkan düşürsə geştaltı tamamlamağa can atır. Hansı
yolla? Başqa şəxslərlə, oxşar situasiyalarda. Yəni başqalarını öz keçmişinin
yarımçıq lövhələrində onu incidən kəslərin yerində görməklə, onlara həmin şəxslərin
rolunu zorla sırımaqla.
Geştalt
tamamlanmamışsa, qaynaqlandığı mənbəyə oxşar situasiyalarla ard-arda həyatınızda
zühur edib, bu yolla diqqətinizi problemin kökünə yönləndirməyə çalışacaq.
Natamam
geştalt bir yox, onlarla, yüzlərlə olur, üst-üstə qalaqlanmış vəziyyətdə, tort
təbəqələri kimi. İlk növbədə üzdə olanla işləmək lazımdır. Bu yerdə
inqramlardan danışmaq da olardı, amma lakoniklik xatirinə məqaləni köməkçi
informasiyalarla yükləməyək.
Valideynləri
tərəfindən nələrdənsə məhrum edilmiş uşaqlar həmin o məğmun olduqlarının başqa
yollarla iki, üç mislini qazanmağa çalışırlar. Evdə həyat yoldaşından sevgi,
diqqət, qayğı görməyən şəxs dost məclisində üfüqi vəziyyət alana qədər içib
keflənir ki, özünü idarə edə bilməsin və kimsə onu əlləri üstünə qaldırıb
(qayğı çatışmazlığı) evə aparsın, Doğma ocağında görmədiyi sevgi və diqqəti kənarda
axtarıb, ikiqat əvəzini çıxmağa çalışır insan.
Yuxarıda göstərildiyi
kimi valideyn/övlad münasibətində bu mövzu daha çox özünü göstərməkdədir.
İnsanlar övladlarını onların istəmədiyi işlərə yönləndirməklə cavanlıq dönəmindən
qalma yarımçıq geştaltlarını bu yolla bağlamağa çalışırlar. Məs.övlad öz istəyinə
zidd olaraq hər hansı bir ixtisası seçməyə məcbur olur ki, atanın (ananın)
vaxtında reallaşdıra bilmədiyi arzusu gözündə qalmasın.
Tamamlanmamış
geştaltla işləmək lazımdır. Onu özündən uzaqlaşdırıb dəf etmək üçün ona qalib gəlməlisiniz.
Daxilinizə boğduğunuz emosiyalar, dərinlərə qovduğunuz kədər, içinizdə
basdırdığınız anlaşılmazlıq “natamam geştalt” adlı komplekslər əjdahasını daim
ayaqda saxlayacaqdır. Dərd dilə gətirilməli, çözülməli, lazımsa göz yaşlarında
yuyulmalıdır, bununla onun qarsalayıcı hərarəti böyük dərəcələrlə endirilmiş
olur.
Perlz
deyirdi: “Şüuru söndürün, hisslər qalsın”. ... və bu hisslərlə də keçmişlərə
qayıdıb həyatınızdakı konflikt situasiyaların, nevroz və depressiyanın qaynağını
tapmalısınız.
Psixoloji
blokların somatikaya nüfuz etmə kimi təhlükəli xüsusiyyəti var. Bu zəmində
yaranan xəstəliklər psixosomatik mərəz adı almışdır. Bu zaman əsas əziyyət çəkən
orqanlar ürək, böyrəklər, mədədir. Mərkəzi sinir sistemi, əzələlər (qıcolma) və
qan dövranında da nəzərəçarpan dəyişikliklər baş verir.
Geştalt fəlsəfəsinin
(geştalt terapiyanın) əsas prinsipləri:
a).“İndi və
burada”. Keşmiş və gələcəklə yaşamaq lazım deyil.
b).Böyük
enerji sərfinə bais olan boş xülya və fikirləri özünüzdən uzaqlaşdırın. Düşüncələrə
dalıb xoşbəxt olmağı qərara almaq yox, xoşbəxt olmaq lazımdır.
v).Məsləhətlərə
bacardıqca az qulaq asmağa çalışın. Heç kəs sizə lazım olanı sizin qədər dəqiq
bilmir.
d).Hiss,
fikir və əməlləriniz üçün məsuliyyət daşımağı öyrənin. Kənarda səbəbkar /müqəssir
axtarmaq yaxşı nəticə vermir.
Komplekslərlə
işləmək əvəzinə bəzən insan yeməyə üz tutur. Daxildə artan, böyüyən “aclıq”
duyğusunu dəf etmək üçünsə problemin səbəbi araşdırılmalıdır. Kimi stress və
depressiyaya yeməklə (bulimiya), kimi alkoqolla və narkomaniya ilə qalib gəlmək
istəyir.
Natamam
geştaltın yaranmasına yol verməmək üçün başlanılan işi çalışıb sona yetirmək
lazımdır. Artıq yaranıbsa, o zaman tamamlanması məsləhət görülür. Keçmişin
indiyə sirayət etməsinin qarşısını almaq üçün onu silmək, birdəfəlik unutmaq ən
doğru yoldur. Əgər bu mümkün deyilsə həmin insanları tapıb yarımçıq geştaltı
tamamlamaq, bu da alınmırsa (onlar dünyasını dəyişmiş) o zaman keçmişin analoji
modelini yaradıb, onu yaşamaq, yəni başqa insanlarla situasiyanı “oynanaq”
lazımdır. Sonuncunu mütəxəssisin rəhbərliyi altında xəyali modellə də aparmaq qənaətbəxş
sayılır. Bu üsullar modelləşdirmə adlanır. İstənilən halda uğurlu terapiya üçün
əsas lazım olan - ilkin impulsun düzgün müəyyənləşdirilməsidir.
Bir şeyi də
qeyd etmək lazımdır ki, Şərq mentaliteti bu komplekslərin, psixikanı sarsıdan
yavaş sürətli
bombaların saxlanılması üçün dərin və zəngin zəmin verir. Ta uşaqlıqdan beyinlərə yeridilən və “camaat nə deyər?” misallı xüsusi ədəva/cövhərlə işlənilmiş “belə etmə; ora getmə; sus, danışma; döz, səbrini bas; insan zülmə tabedir; dərd çəkməkçün yaranmışıq; axirətinçün yaşa; əsl həyat öləndən sonra başlayır” kimi məsləhətlər (daha çox təlqin/imperativlər) sizi natamam geştalt burulğanının düz ortasına atır. Ona görə Şərq insanı azadlıq, müstəqillik baxımdan daha acı durumda.. , müxtəlif çeşidli həyat hadisələri qarşısında daha müti, daha idarəolunan, aciz, daha kölə...