ŞƏHLA NİHAN

Yağış

11 May, 2017
712
yağış karma əsatir münaqişə

Bu gün yağış yağırdı. Göylər bu gün yaş idi.

Kim göz yaşlarına tamarzıdır baxsın göylərə. Buludlar axıdır gözünün yaşını. Sonra pəncərələr açılacaq, evlərə sərin payız havası almaqdan ötrü. Ciblərdə mobil telefonlar səslənəcək, yağışa görə təxirə salınmış görüşləri bərpa etməkdən ötrü. Adamlar yağış gölməçələrində ayaqlarını şappıldada-şappıldada harasa tələsəcək - biri xoş xəbər aparmağa, biri bəd xəbər almağa, birinə işdən qovulması haqda məlumat veriləcək, o birinə aliment kəsiləcək,  başqa birinə ilk dəfə “sevirəm” söyləniləcək.

Xoşlayıram yağış narın-narın, tənbəl-tənbəl səpələyəndə. Havanı qoxulamağı xoşlayıram, yağışın təravətini duymağı, bir də nəm torpağın iyini. Şəhərin həyasız quşları adamlardan çəkinmədən yağış nohurlarından su içir, dimdikləri ilə lələklərini təmizləyirlər. Heç nə veclərinə deyil.

Yağışlı havada yuxarıdan şəhərə tamaşa edəsən. İri prospektlər, güzgüyə dönmüş küçələr, hisi-tozu yuyulmuş ağaclar, ağaclar dibindəki qızılı xəzəl... Belə yağışda maşın selində olmaq  xoşdur. Qoy tıxaclar yaransın, hava axşama doğru əyilsin. Bilməyim, qaş qaralana mənzil başına yetişəcəm ya yox. Qoy axtarsınlar məni, narahat olsunlar, zəng çalsınlar, qaldırmayım,  - ”zəng çatmadı”.. Lirik bir melodiya tapım. Musiqi sədaları altında maşının tısbağa yerişi adamı əsəbiləşdirmir, əksinə. Heç istəmirsən getdiyin yerə gedib çatasan. Düşünməyə əlinə imkan düşüb, istifadə elə. Ya düşünməməyə?... hər şeyi unutmağa, hər şeyin üstündən xətt çəkməyə. Yağ, yağış, yağ...

Körpüləri xoşlayıram. Onların altından, üstündən keçən maşın axınını... qaş qaralanda, payızın sərinində. Hamı evinə tələsir, çox tələsənlər və çox narahatlar siqnal səslərindən bəlli.

Bir də, yağışın dənizə yağmağı var. “Dolu dəryaya yağar” ifadəsini xatırlayıb bilaixtiyar gülümsəyirəm. Bir anlıq təsəvvür edirəm: yağış hər tərəfə yağır, dənizə çatanda  susub, səsini kəsir ki,  bura dənizdir, bura onsuz da yaşdır. Dənizə baş qoşmayım, sahillərinə yağım. Damlaların dəniz səthi ilə təmasını xoşlayıram və bu təmasdan doğan dairəcikləri. O dairəciklər hərəsi bir damla taleyidir.  Damlalar şappıltı ilə suya düşür və başlayır öz taleyini yaşamağa. Bir-birinə çox bənzəyir bu damcı talelər..

Yağış kəsəndən sonra sahildə oturub, axşam düşməsini gözləyəsən. Dənizin özünə baxmayasan, toran qovuşandan sonra dənizin estetikası azalır. O mənə ucsuz-bucaqsız bataqlığı xatırladır. Yox, dənizə heç gözümün ucuyla da baxmazdım. Qan rəngli qürubu seyr edərdim, kitan kimi oxuna bilən odur.

Şıdırğı yağışı da xoşlayıram. Təbiətin şıltağını, dəlisovluğunu. Amma külək olmasın, sadəcə göyün navalçaları açılsın, axıtsın yerə selini-suyunu. Təbiət yaxasını cırıb ağlasın. Mən də evdən seyr edim, pəncərə arxasından. İri pəncərə qırağı olsun, orda oturum. Evdə işığı söndürüm, pişiyimi qucağıma alım, onun yumşaq tüklərini sığallaya-sığallaya burnumu soyuq, tərli şüşəyə söykəyib baxım. Yanımda şam olsun, tam zülmətdə qaranlığın dadını bilmək olmur.

Otağım qaranlıq, yanımda şam, dizlərim üstündə pişik, büzüşüb yatıb. Pəncərəmin altında şəhər nəfəs alır. Gecə işıqları meşədə uçuşan işıldaquşları xatırladır. Qaranlıq öz hamilə qarnını gərib köhnə məhəllələrin, təzə göydələnlərin üzərinə. Yağış yuyur şəhərin günahlarını. Belə havada tək-tük insanlar da görünür küçələrdə. Çətirlə yağışdan birtəhər qorunaraq, nohurlu küçələrdə sərt ziqzaqlar cızırlar. Bəzilərinin heç çətiri də yoxdur. Amma bu onları narahat eləmir görünür, başlarını dik tutub, şəstlə yeriyirlər, sanki qorxmurlar yağışdan. Bunlar öz kiçicik insan Mənlərini təbiətin qovğasına qarşı qoyanlardır.

..... səslər eşidilir. Ayırırlar məni xəyallarımdan... Qonşularımdı. Cavan ailə. Qadının da, kişinin də səsini çox yaxşı tanıyıram. Tez-tez sözləri çəp gəlir, yola gedə bilmirlər, səssiz-səmirsiz yaşamaq maraqsız gəlir onlara. Bazar günləri oğlan tez-tez harasa çıxıb gedir, itir bir sutkalıq. İşdən sonra hər axşam evə dönmür. Gözləyirlər onu, gözləyirlər, hətta xörəyini qızdırıb plitə üzərində saxlayırlar, süfrə açırlar onun üçün, osa gəlmir.

Elə qapının ağzındaca sözləşdilər, o getdi. Getdi, arxasınca qapını bağladılar. Amma o hələ bilmirdi ki, bu son gedişidir. Daha onunçun qapını açmayacaqlar, onu evə buraxmayacaqlar. Çünki səbir kasası dolub artıq. Bu, son hədd idi, son hədə, qışqırıq, göz yaşları və ümidlərin də sonuncusu idi, hansı ki, param-parça oldu. Gərək belə qırılanana qədər naziltməyəsən heç şeyi... Ona yazığım gəldi bir anlıq. Belə havada heç iti də evdən qovmazdılar. Onusa qovdular... bilsəydi, heç işdən evə qayıtmazdı.

Budur, çıxdı küçəyə, heç çətir də vermədilər ona, ya özü götürmədi... çox qürurlu adamdı qonşum. Qürurlu və zavallı... Onu müşayiət edirəm..., gözdən itənə qədər. Ürəyimdə ona səbr və təmkin diləyirəm. Onunçun indi pisdi, çox pis. Amma bilmək olmaz, bəlkə ona elə bu lazımmış? Bəlkə bu epizodla gələcək xoş günlərinə imza atmış olur? Biz insanlar başımıza gələnləri həmən zaman kəsiyində tədqiq edib, pisi pis görürük, yaxşını yaxşı. Amma üstündən vaxt keçəndə məlum olur ki, o vaxtki pis yaxşılığaymış, yaxşı bildiyimiz isə əksinə....

Yağışsa yağır, pişiksə yatır, şəhərin günahları yuyulur, damla-damla. Bəlkə mən də çıxım dayanım küçədə, qoy yağış mənimkiləri də yusun... günahlarımı.., ya bəlkə heç gücü çatmadı...

Bir əsatir xatırladım. Göyün üzündə cırtdanların anası yaşayırmış. O cırtdanların ki, özləri yerin altında qərarlaşıb, bütöv bir cəmlik, tam bir sivilizasiya mövcudluğunda. Balaca, saqqalları dizlərində, hirsli, eqoist varlıqlar. Qızıla son dərəcə həris oğru cırtdanlar. Yağan yağış onların anasının göz yaşlarıdır. Yuxarıdan övladlarının hərəkətlərinə baxır, bir şey edə bilmir, güc verir ağlamağa. Göz yaşları, yəni yağış damlaları hopur torpağa. Torpaq qatını keçəndən sonra mirvari dənəciklərinə çevrilir. Bu dənəcikləri onun oğlanları birər-birər gəzib yığır, bütün yeraltı məkandan, kölgələr krallığından. Öz canları bahasına, risk edərək. Toplayıb sayırlar. Neçə sandıq topladıq? Bu say müəyyən həddə çatanda, cırtdanlardan biri (məhz kim, bunu püşk atmaqla özləri seçir) yeraltı əsarətdən canını qurtarır. Onun karması dəyişdirilir, adam qiyafəsinə salınıb, yerin üstünə göndərilir. Göndərilir ki, insan həyatı yaşasın, insan kimi. Yəni bizlərə daha irəli getmiş varlıqlar kimi baxırlar, amma mən deməzdim... Nə isə, Yer səthinə göndərilmiş cırtdan burdakı insan həyatını sona vurduqdan sonra bizlər kimi ölmür, göylərə çəkilir, anasının yanına və orada, səma ierarxiyasında özünə münasib yer tutur  (baxır burda necə yaşayıb, nələr qaynadıb. Əgər göylərə layiq deyilsə, yenidən öz qardaşlarının yanına göndərilir). Ana isə ağlamağından qalmır. Elə hey ağlayır ki, o birilərini də yer səthinə qaldıra bilsin.

Belə... Yağış kəsmək bilmir. Mən durum gedim. Pişiyi yerinə qoyum, özümə şərab süzüm. Bir vacib zəng çalmalıyam, bir problemə çözüm verməliyəm bu gecə.

Qonşudan yenə səslər gəlir. Kimsə qapını döyəcləyir, özü də inadla. Ola bilməz! Yəni proqnozumda yanılmışam mən? Qonşum qayıdıb gəldi ya...?

Bütün təqsirlər yağışdadır!