ŞƏHLA NİHAN

Tamlıq

24 Fevral, 2020
788
əlillik falstart iradə paralimpiya

Qalın hörükləri onun köynəyinin açıq qol yerlərindən çıxarıb yuxarı qaldırdı. Havada məzəli hərəkətlər edib güldürdü rəfiqəsini. Həmişə belə edərdi. Nə deyəcəyini bilməyəndə vaxt qazanmaq üçün zarafat ya dəlilik edərdi ki, aradakı gərginlik sovuşsun. Bir də... bura gələndə əllərini bilməzdi hara qoysun, əksərən cibindən çıxarmazdı onları.

***

- Özgəyə inam doğrudan da azalıb. Amma əsas olan bu deyil. Əsas odur ki, özünə inamın olsun. Bax, bu şərtdir, özü də çox önəmli şərt.

- Təkbaşına... bunca çətinlik, məhdudiyyət, ehtiyac.... Bacarmayacaqsan...

- Bacaracağam.

- Ağır olacaq, çətin, ağrılı...

- Mən elə ağrının özündən yoğrulmuşam. Bu çağa qədər hansı işim yüngül oldu ki?! Ağrı güzəranımdır mənim. Kösövü oda atsan çoxmu təsir edər ona, necə bilirsən?

***

Daha bir zəhər damlası yayıldı ruhuna, fikirlərinin ağırlığından gözləri biixtiyar yumuldu.

“Mən əclafam! Hə, elədir! Mən Ona layiq deyiləm!”

Daha bir damla...

“Ah, vicdansız əyyaş! Əvvəldən nə düşünürdün sən?!”

Fikirlərin kəsəri sözdən ağırmış...

“Onu bir dahamı incidim? Bir də mənmi incidim Onu?? Bəs deyilmi çəkdikləri? Nə günah sahibidir axı?...”

Damla. Yastığa dirsəklənib azca dikəldi və başını qaldırması ilə fikirləri də duruldu sanki.

“Axı bir şey də var. Mən Ona heç vaxt söz verməmişdim, heç nə boyun olmamış, vəd etməmişdim. Məndə günah hissi yaratmağamı can atır?! Yox, bu Ona müyəssər olmayacaq! Mən... Mən...”

Sonra yadına düşdü ki, heç kəs onda günah hissi yaratmağa can atmır, bu onun boş fantaziyasından başqa bir şey deyil. Sanki hipnoz altındaydı və suqqestiyadan qurtulmasaydı onu ölüm gözləyirdi. Tora düşmüş cücü kimi boğulur, əl-qol atırdı.

***

Onu işindən telefon səsi ayırdı. Ayağını uzadıb dəstəyi götürdü. Zəng vuran cavab vermədi. Dəstəyi asıb yenidən rəsmə qayıtdı.

Nəhayət ki, tamamlandı. Bir rəsmin çəkilməsinə bəzən həftələr sərf olunurdu.

Qəfildən beyninə girən, ona yad olan “Nəyə lazımdır bütün bunlar? Axı nə üçün edirsən?” kimi axmaq sualları qovdu. Nik Vuyçiç (Nicholas  Vujicic) düşdü yadına, tetraameliya sindromu ilə doğulmuş insan. Tez-tez onun videoçarxını izləyir, mühazirələrini dinləyirdi. Kumir də sayılmazdı. Kimisə kumir seçmək ixtiyarını vermirdi özünə. Özü olmalıydı, heç kimə bənzəmədən. Və bunu bacarırdı.

“Daim özümə ünvanladığım “Niyə belə doğuldum?” sualına cavab tapmışam artıq. Mən başqalarının təsəllisi üçün nümunəyəm. Mən – nümunəyəm! Xüsusi missiya ilə Yer üzünə göndərilənlərdənəm mən. Bu həqiqəti anladığım andan sevdim həyatı, bağlandım ona. İndi artıq özünəqəsd barədə düşünmürəm. Yaşamaq istəyirəm ki, yaşadım!” - Nikin sözləri idi.

***

O uşaq başqalarından tez böyüyəcəkdi. O bunu anlayacaq, biləcək və tələsəcəkdi. Köməyə tələsəcəkdi, doğulmağa tələsəcəkdi. Başqa körpələr dünyaya göz açarkən talelərini bilmədikləri üçün ağlayanda Əvəz taleyini bildiyi üçün güləcəkdi. Hamı kimi olmayacaqdı.

***

İndi yatmalı, dincəlməli, bərpa olunmalı idi. Artıqlardan arınmış, nöqsanlardan təmizlənmiş, eybəcərliklərdən can qurtarmış, gedənləri yola salmış, ölənləri basdırmış, dirilib-dirçəlmişdi. Həyata “qucağını” açmışdı. Onun qucağının qollar kimi çəpəri yox idi, onun qucağı hüdudsuz idi, göylər kimi.  Başqasını intihara sürükləyəcək səbəb ona güc verirdi, o, yoxluğu da varlıq kimi sevə bilirdi.  


 Milos Venerası.