ŞƏHLA NİHAN

Palimpsest

1 İyul, 2020
193
Berkli rəssam tablo tsikl Yer tarixi

İyirminci əsrin iki böyük qovğası – dünya müharibələri sərgiləndi. Qan suyu əvəz etdi masa üzərində, süzülüb yavaş-yavaş otağı doldurmağa başladı. Tankların altında əzilmiş insan əzalarından, sındırılmış sümük səslərindən ürəyi bulandı, əsir düşərgələrindəkilərin ümidsiz görkəmindən,  süngünün qabağına salınıb güllələnməyə aparılanların miskin çöhrələrindən xoflandı. Otağı anlaşılmaz dillərdə danışıq səsləri bürüdü, burnunu barıt qoxusu dolduranda kürəyinə tüfəng lüləyi dayadıqlarını hiss etdi. Bir əlini təslim işarəsi kimi yuxarı qaldırıb bu dəhşətdən qurtarmaq üçün ikinci əli ilə tələsik tablonu qaşımağa davam etdi.

***

Müxtəlif yaşlı, görünüşlü, səviyyəli, milli mənsubiyyətli qadınların cadugər damğası vurularaq yandırılmasının şahidi oldu. Evi diri-diri yandırılanların ağlı başdan alan çığırtısı, yanan insan ətinin bürüştə iyi bürüdü. Bu, istənilən kişinin qadından yox cavabı aldığı üçün ona böhtan atıb şeytanla əlbir olmaqda günahlandırılmasına şərait yaradan, ağıllı və gözəl qadınlara qarşı soyqırımın tətbiq olunduğu, cəmiyyət tarixinin ən qanlı biabırçı səhifələrindən biri, insanlığın xəcalətdən ölüb yerə girə biləcəyi çürük və xronoloji təqvimlərdən cırılıb atılmağa layiq üzdəniraq dönəmi idi.  

***

... qabın yan tərəfinə taxılmış quş lələyini çıxartdı, hər damlası sonsuzluq və dualizm rəmzi daşıyan qoloqramik mürəkkəbin içinə saldı. Lələyi yuxarı qaldırıb ucuna baxdı. Nazik saplağından asılaraq titrəyən yetişmiş armudu xatırladan yekəqarın mürəkkəb damlasında qədim simvol bənövşəyi-qara parıltıyla bərq vururdu. Ehmalca onu gətirib düz şəklin ortasına damızdırdı. İntişar edib genişlənmiş kainat yığılıb atomdan kiçik nöqtəyə toparlanaraq saniyənin milyonda bir hissəsində vəhşi sürətlə partlamaq əzmindəydi ki, o bir gilə mürəkkəb 14 milyard il Varlığın enerjisindən yararlandığı həmin o Böyük Partlayışın qarşısını aldı.

***

Maraq götürdü onu. Tsikl tamamlanmış demək. Bunun altında nə gizlənib görən?... Əlindəki alətlə bu qatı da siyirib atmaq istəyəndə başı üzərində havada çarpazlaşan iki qol açıldı. Əllər  tablonun ortasından yapışdı. Sağ əl geri, sol əl irəli dartdı onu. Müasir dünya tən ortasından ikiyə bölündü.

Dünyanı parələyib rekonstruktorun marağını gözlərində öldürən kobud, qabarlı əllər kağız qırıntılarını qamarladı, anidən peyda olduğu kimi anidən də itib çəkilib getdi. Tinin başında, yerdə köhnə kilim parçasının üstündə bardaş qurub oturan yöndəmsiz tumsatan qadının çiyinlərinə qayıtdı qollar. Qadın qolların özününkü olduğunu yoxlamaq üçün çarpazladı onları qoynunda. Tam onunku idilər. Arxayınlıq duyğusu soyuqdan çatlamış dodaqlarına xəfif təbəssüm qondurdu. Sonra qollarını qoynundan açıb cırdığı müasir dünya təsvirlərini konus kimi bürmələdi, qucağında tutduğu vedrəyə basıb tumla doldurdu və şəstlə müştərilərə - qarşısındakı qızla oğlana təqdim etdi.

***

Tcikl tamamlanmışdı.  

Mənzilinə qalxıb qapının zəngini basdı. Açan olmadı. Qapını yüngülcə taqqıldatdı. Evdə heç kim yox idi demək. Fikirlərini yavaş-yavaş küçədən yığıb başına cəm etdi, yadına düşdü ki, evdə tək yaşayır və indi qapının bu tayındakı özüdürsə, o tayda bir kimsə olmamalıdır, məntiqlə. Qapını açıb içəri girdi. 

***

Bu yekəlikdə düzü-dünyada, bu nihayətsiz,  biintiha boşluqda ikisi qaldı, o və qadın. Başlanğıc/inkişaf və Aclıq/maraq. Diqqətlə qadına baxmaqda davam edirdi. Qorxurdu ki, gözlərini çəksə o da yox ola bilər. Qadının  “tək müşahidəçisi” o idi. (Berkli).  Qadın başını qaldırıb yalvarıcı nəzərlərini ona dikdi. Baxışlar  “baxma mənə, saxlama, qoy yox olum” deyirdi. O qapatdı gözlərini...