Kolizey nələr görməmişdi... Nahaqdan deyildi qanlı Kolizey adlandırılması. Bu arenada qladiator döyüşlərindən, vəhşi heyvanların bir-birinə hücumundan, insan-heyvan tutuşmasından ta müxtəlif cür oyunlara qədər hər növ döyüş, idman, əyləncə təşkil olunardı. Qladiatorlar arasında qadınlar da az deyildi. Bəzən arena su ilə doldurulub qayıqlar buraxılır, publikanı əyləndirən dəniz savaşları keçirilirdi. Döyüşlər ərzində burada 1 milyon heyvan, yarım milyon adam öldürülmüşdü. Roma publikası ölümə sevinməyə, qəddarlıqdan həzz almağa vərdiş etmişdi.
***
İfrat dərəcədə
həssaslığını ətrafındakılar dəfələrlə qeyd etmişdilər, razılaşmışdı deyilənlərlə.
Səddləri aşan intuitivliyindən xəbəri vardı. İndi bu qədim tikilidə qızmar günəş
altında dayanıb barmaqlarını daşların üzərində gəzdirir, 20 əsr əvvəlin ab-havasını
duymağa çalışırdı. Bircə bu yuxarı-aşağı axışan insan seli olmasaydı... mane
olurdular daşların yaddaşına nüfuz etməyə.
Gözlərini arenadan çəkə bilmirdi. İtaliya bazilikalarında (antik məbəd) olan qüdsiyyətə burda rast gəlinmirdi. Burada torpaqdan qan iyi gəlirdi. Halı yavaş-yavaş dəyişirdi. Burnu gicişir, barmaqlarının ucu göynəyir, kürəyi qovuşur, nəfəsi təngişirdi. Külək öz Eola arfasını onun başı üzərində yüngülcə ehtizaza gətirməklə ətrafdakı qələbəliyin unudulmasına, fikirlərin toparlanmasına, güclü intensiyaya səbəb olurdu.
***
- Onlar mənim
qardaş qanını axıtmamı görməyəcəklər. Məhrum edəcəyəm onları bu seyrin zövqündən!
- Hə - dedi
Sevarus – hər ikimiz kifayət qədər məşhuruq. Dostluğumuzdan çoxunun xəbəri var.
Bu, güman ki, pretorun kələyidir. Publikaya maksimum həzz yaşatmaqçun anasını
da satar, əclaf. Amma yenə də deyirəm, onlar gözlədikləri kefi görməyəcək!
- Bu gün
ikimizdən biri öləcək, Sevarus... Birimizin cəsədi Porta
libitinensis-dən (ölüm darvazası)
sürütlənəcək.
- O darvazadan
çıxarılan sən olmayacaqsan!!
- Sən də! –
cavan frakiyalı qladiator səsini qaldırdı.
Dostu onun boynunu buraxıb dik gözünün içinə baxdı. Oktavian onu heç vaxt belə görməmişdi. Bu vəhşi baxışlarda dəlilik, üsyan və nifrət vardı. Hər şeyə nifrət! Və bir də bezginlik...
Ac
yırtıcıların nəriltisi, suvaqsız divarları cırmaqlayan iti caynaqların tükürpədici
səsi girdi araya. Səslər səngiyəndə bu iki nəhəngdən birinin beynindən keçən
fikri tuta bildi: “O da orda olacaq”. Və ardınca ikincinin gizlindən gizlin
saxladığı arzusu daş-dəmir sərhədləri, zaman və tarixi adlayıb içinə doldu:
“Onu görəcəyəm... son dəfə...” Yenə
burnuna qan iyi gəldi. İydən başı hərləndi. Gözlərini yumub “yer altından”
çıxdı.
***
Sevarusdan hücum gözləməyən Oktavian bir anlıq özünü itirdi. Sanki zaman yavaşımışdı. Getdikcə güclənən musiqi sədaları, kütlənin vəhşi hayqırtısı, xəncəri önə tuşlayıb bağıraraq üzərinə gələn, gözlərindən od yağan dostu... Oktavianın başında hər şey qarışmışdı, bu qarışıqdan bir tək ölü parıltı ilə işaran yaşam instinkti idi. Son anda toparlandı, azacıq kənara sıçrayaraq qılıncı Sevarusun silah tutmuş qoluna, çiyin nahiyəsinə endirdi. Güclü zərbə qolu qopardı. Dostunun üzünə güclə seziləcək təbəssüm qondu və elə həmən an Oktavian başa düşdü ki, bu bir fənd idi, onu hücuma təhrik etmək üçün fənd və Sevarusun ona xətər toxundurmaq fikri yox idi.
***
Heç nədən xəbəri
olmayan Oktavian çaşqın nəzərlərini qaldıranda önündə anidən peyda olmuş aslanı
gördü. Arxasından gələn səsə qanrılanda üzərinə atılmağa hazır ac qaplanla
üz-üzə gəldi...
***
Oktavian
Kornelius adı altında döyüşürdü. Kişi adı ilə qadın qladiatorlar sırasına
qatılmışdı. İştirakçısı olduğu döyüş səhnələri kino lenti kimi keçdi gözləri
önündən. Bəzilərinə heç baxmaq istəmir, bəzilərinin təfərrüatına varmaq, tutub
saxlamaq istəyirdi. Amma mümkün deyildi, kadrlar sürətlə bir-birini əvəzləyib çəkilib
gedirdi. Görüntülərin birində qarın nahiyəsində kəskin ağrı hiss etdi, hətta əllərini
möhkəmcə qarnına sıxdı da. Ağrı get-gedə şiddətlənirdi. Bu nahiyədə anadangəlmə
iri açıq qonur rəngli ləkə vardı. Ləkə nədən ağrısın ki?.. Axı heç vaxt belə
bir şey olmamış, onunçun narahatlıq törətməmişdi.. Ağrısa artıq dözülməz idi, hətta
dayana bilmədi, dizləri bükülüb yerə çökdü.