ŞƏHLA NİHAN

Həmin gecə ay da görünmürdü və şosse ilə ara-sıra şütüyən maşınlar olmasaydı, düşünərdin ki, bu yerləri cəsarətlə Yerin yaddaşından silmək olar və burada bir də səhər açılmayacaq.

Məhəlli adı Əyri olan bu yerdə düz adına yeganə şey yolu ikiyə bölən qoşa ayırıcı xətt idi ki, onu da burula-burula gedən yol öz axarına tabe edib əymişdi.

***

150 km/saat-a yaxınlaşdığının yalnız indi fərqinə vardı, gözlərini spidometrdən çəkmədən ayağını əyləcə basdı və ani olaraq  “kaş həyatda da  hər şeyi beləcə pedalı basmaqla, dəstəyi çəkməklə, lingin, leverin, tumblerin köməyilə dəyişmək mümkün olaydı...” fikirləşdi. “Hər şeyi silib yenidən yazmaq üçün görəsən hansı düymələrdən istifadə edilməlidir?” Ayağı  əyləcfə, əli qeyri-ixtiyari radionun düyməsinə sarı uzandı. Düyməni basıb sükandakı keçiricilərin köməyilə kanalları axtarmağa başladı.

***

Cəld mühərriki söndürdü. Başı möhkəmcə söykənəcəyə dəydiyindən diskomfort hiss etdi. Başqa elə bir şey yox idi, xəsarət almamışdı. Bir az salonda oturub sonra tərk etdi maşını. Onsuz da pəncərələri bağlaya bilmədiyindən salon da soyuq idi.  Təmiz hava ilə ciyərdolusu nəfəs aldı və… elə bu an dəhşətli ürəkbulanma hiss etdi.., ardınca başağrısı. Gicgahlarını ovdu, hər şey aydın idi, beyin silkələnməsinin əlamətləriydi.. Sınığı, çıxığı, zədəsi yox idi, yaxşı qurtarmışdı. Bəlkə parenximatoz (daxili) qanaxma var? Ondan belə tezliklə xəbər tutmayacaqdı, sızmalar ola bilərdi, nəticəsi sonra bilinən… “Nə olacaqsa olsun. İstəyimdən asılı bir şey deyil” – özünə ürək-dirək verib maşının həndəvərinə dolandı. Vəziyyət ürəkaçan deyildi, uzunmüddətli təmirə ehtiyac vardı. Gözəyarı xərcini hesablayıb əlüstü özünü təbrik etdi.

***

Bir müddətdən sonra özünə çoxlu pərəstişkar tapdı. Kürəyinə bıçaq saplanmış  KAR  və boğazında kəndir gəzdirən MA ən yaxın dostları oldu. Burada hamıdan gözəl olduğu üçün onu kraliça seçmişdilər. (Gözəllik belədi, hər yerdə kara gəlir). O da KAR/MA tandemini ədalət etalonu elan edib, hamının taleyini onların “narıngöz süzgəc”indən keçirirdi.

Həyat tərzləri çox maraqlı və fərqli idi, çox da zəngin. Heç bir vəzifə borcu, missiya, məqsəd, labüdlük, qrafik yox idi. İş-filan, fəaliyyət növü, məktəb/bağça, ailə/uşaq, ev tikmək-ağac əkmək-oğul böyütmək kimi öhdəliklərdən də azad idilər. Heç kim yanındakına baxıb “onda var, məndə niyə yoxdur?” demirdi. Hamı cır-cındır içində, çöhrəsi kül rəngində və hər şeydən razı.  Heç kəs özünü öymür, başqasından üstün tutmurdu, amal və məqsəd sərhədi adlayıb bu taya keçməmiş, onları rahat buraxmışdı. Hamıda hər şey vardı və eyni zamanda heç nə yox idi. Ən əsası kədər bilməzdilər nədir və çox güman, xoşbəxtlik elə bu demək idi.

Hər şey o qədər sadə ki... Fon ağ-qara-boz. Və O – bu Boz Kədərsizlər səltənətinin taclı Kraliçası!

***

Everettin multikainat interpretasiyasına (1954) görə hər an dünya çoxlu miqdarda surətlərə bölünmə xüsysuyyətinə malikdir. Yeni əmələ gələn ekizlər də durmadan bölünür. Hər dəfə seçim qarşısında qaldığımızda alternativ dünyalar yaranır. Hər hadisə dünyamızın klonlaşmasına gətirir. Klonların ssenarilərin sayı hadisənin mümkün variantlarının sayı qədər ola bilir. Hər dünyada biz varıq. Hər dünyadakı Mən özünü tam anlamı ilə qavrayır, duyur, dərk edir. Paralel dünyalar hər hansı bir hadisənin çoxvariantlılıq reallaşmasıdır.

 (“Kainatın parçalanması nəzəriyyəsi”. amer.fizik  Hugh Everett )

***

Onu görcək hamı ayağa qalxıb alqışladı. Gur başlanan alqışlar korporasiya prezidentinin yan basa-basa yerişi, pırtlaşıq saçları, iri güllü alabəzək donu, ayağındakı toxunma məstlər və makiyajsız yorgun çöhrəsi fonunda get-gedə öləziyirdi. Daim ciddi, eleqant şalvarlı kostyumlarda, qar kimi ağappaq bluzkada, dikdabanlarda olan, yüksək zövqlü, aristokrat maneralı bir xanımın bu cür transformasiyaya məruz qalması oturanları heyrətləndirməyə bilməzdi. Nə olmuşdu ona? Özü də belə qısa sürədə... Dünən iş gününün axırında yola saldıqları bir adam idi, bu gün qarşılaşdıqları başqası sanki..

***

Ah, bu girdə, yumşaq olanlar nədi belə? Bayaq gözlükdən danışırdılar, bəlkə gözlük elə budur? Bir qədər böyük olsa da yarayardı bu məqsəd üçün. Onlarla gözlərini qapatıb oturdu. Yenə o xoş istini hiss etdi. Bundan nə vaxt istifadə etmək olar, maraqlıdır? Bəlkə yatanda?... Elə bu fikirlərlə başını qaldıranda hamının ona diqqət kəsildiyini gördü. Qonaqlar pıqqıldaşır, işçilər xısınlaşırdı. Vitse prezident qızarıb pörtmüşdü, başı ilə uniformalı qıza işarə etdi. Qız Silviyaya yaxınlaşıb nəzakətlə ondakı əşyaları geri aldı, onun qoluna taxdıqlarını dizlərinə keçirtdi, “gözlük”ləri isə sinəsinə tutub durdu. Natiq şərhə davam etdi:

- Bunlar dizlikdir, artrit, damar genişlənməsi kimi problemlərdə istifadə olunur. Digərləri isə büsthalter içinə qoyulan içlikdir. Süd vəzisi xəstəlikləri üçün nəzərdə tutulmuşdur.

***

Silviya-1-in xoş vədlərinə aldanıb ailə qurduğu, Silviya-2-nin yaxınına buraxmayıb kompaniyasında adi marketoloq kimi işlətdiyi şəxsinsə fikrindən başqa şeylər keçirdi: “Ax, idbar qadın! Hanı bəs?! Hanı həmişəki zəhmin, əzəmətin, gözəlliyin, iş vərdişlərin, deklamatorluq qabiliyyətin?? Bilsən, necə xoşdur sənin belə aciz, alçalmış vəziyyətini izləmək! Nə yaxşı! Nə yaxşı ki, ölməyib bu günü gördüm. Şadam... Hələ bir bunun cırıq cıbınə, şəp-şəpilərinə bax! Bircə çatmayan əlinin çömçəsidir. Hi-hi. Əminəm ki, mətbəxdə, plitə önündəki yer sənə daha çox yaraşardı. Sən dünyaya xörək bişirib qazan qarışdırmaq, ər qulluğunda durmaqçun gəlmisən, biznes idarəçiliyi üçün yox! Mənə və mənim kimi yüzlərə göstəriş vermək üçün yox!”

Başqa dünyada ər-arvad, bu dünyada isə rəhbər-işçi münasibətində bulunanlar göz bataliyasında ikən konfrans öləziyə-öləziyə davam edirdi.

***

Hamı asqırmağa başladı. Adamlar heç cür sakitləşə bilmir, elə hey asqırırdılar. Bu vaxt kimsə atılıb pəncərəni açdı ki, bəlkə təmiz hava asqırtını kəsə, insanlar nəfəs yollarına dolmuş bu qıcıqdan xilas olalar. Amma gözlənilən olmadı. Pəncərə açılan kimi yüzlərlə arı içəri şığıdı. Sanki onlar bayır tərəfdə durub pəncərənin açılmasını gözləyirdilər. Arılar özlərini gül tozcuğuna vurur, otaqdakıların burun-qulağını dişləməklə əylənirdilər.  Silviya böyük heyrətlə olanları izləyir, sidq-ürəklə dua edib, indi öz mətbəxində, plitə qarşısında olmağı arzulayırdı. Əfsus, burda, bu yad məkanda olaylara dözmək zorundaydı. Bir an ona elə gəldi ki, bu arılar onun dünyasının arılarından fərqlənir, onlardan daha iri, daha çevik, daha diribaş idi bu arılar... və daha özgür...

***

“İnsanın təbiətin sirrlərinə tam dəqiqliklə vaqif ola bilməməsinin bir səbəbi də onun özünün açmasını axtardığı tapmacanın tərkib hissəsi olmasıdır”.

***

Zənnimizə görə hadisələr bizim başımıza gəlir. Əksinə ola bilməsi mümkündürmü? Bəlkə biz hadisələrin başına gəlirik?.. mümkün ssenarilərdən durumumuza və ovqatımıza uyğun olanını seçməklə.. A.Tarkovskinin “Stalker” filmində reallıq modeli olan Sahə belə səciyyələndirilir: Biz necəyiksə, Sahə də elədir. Burada bizimlə baş verənlər öz vəziyyətimizdən asılıdır.

***

Borun Kopenhagen məktəbinin əsas postulatlarından biri:

“Müşahidəyə qədər obyekt bütün mümkün vəziyyətlərdə eyni zaman kəsiyində mövcuddur. Məhz müşahidə obyektin vəziyyətini müəyyən edir. Ona baxdığımız zaman dalğa funksiyası kollaps edib obyektin hər hansı bir vəziyyətə keçməsinə imkan yaradır. Müşahidə aktı dalğa funksiyasını pozur və obyekt real olaraq qavranılma şansı qazanır.”

***

Tibet tantristlərinə görə hər mental akt, proses xüsusi növ enerji ayrılması ilə müşayiət olunub, fəzada müəyyən dalğalar yaradır və kainat məxluqatın ümumi fikir məhsulundan başqa bir şey deyildir.

***

“Əsər”lərinin ilk seyrçisi günəş olardı. İndi də ona göstərdi çəkdiyini. Günəş öz şəklini bəyənib, şıltaqcasına göz vurdu ona, saçlarını sığalladı. Silviya-4 parlaq  İstilik ilahəsinin hərarətindən qürrələnib şən qəhqəhələrlə uğunub getdi, vərəqlər və karandaşlar şehli otların üstünə səpələndi. Əyilib onları qaldırdı. Dikələndə yaxınlığında əlində quşatan tutmuş bir oğlan uşağının peyda olduğunu gördü. Oğlan çəp-çəp ona baxıb nəsə deyirdi. Silviya-4 o qədər xürrəm idi ki, onun dediklərini eşitmir, ya vecinə almırdı, oğlansa inadla nəsə anlatmağa çalışırdı. Silviya-4 əlindəki karandaşla onun üstündən çarpaz xətt çəkdi. Oğlan yox oldu.

***

“Beynim  hərarəti  hər cür dərəcələr şkalasını aşa biləcək pıqqıldayan qızmar qurğuşun dənizi kimidir, bilirsənmi?”

- Bilirəm – dedi Avrora-1. Klonun adamı dəlib keçən baxışlarında dərindən dərin hüzn oxudu.

“Mən beləyəm ki, sən asudə hərəkət edib danışa biləsən. Mən belə olmasaydım sən də elə olmazdın. Onu da bilirsənmi?..”

Avrora-1 başını aşağı salıb dinmədi. Avrora-2 qalib görkəmlə ayrıldı ondan.

***

Mübahisə qızışırdı. Məkanı araşdırıb, ortaq məxrəc axtarırdılar. Harada olduqlarını anlamağa və anlatmağa çalışırdılar.

- Bura xəstəxana palatasıdır, bu da mənim illərlə uzandığım yataq – Avrora-2 əli ilə bir yerə işarə edib telepatik ötürmə yolu ilə anlatdı.

Avrora-3 gülüşünü güclə boğub söylədi:

- Sən nə danışırsan? Nə xəstəxana? Xəstəxanadan keçib artıq. Bura məzarlıqdır. – elə həmin yeri göstərib əlavə etdi - Bax o gördüyünüz də mənim daimi məkanım.

- Ora mənim yatağımdır. Dedim axı, illərdir ki, uzanıram.

- İllərlə? Ha-ha. İllərlə... Neçə il, de görüm.. Bəs sən heç bilirsən daimi nə deməkdir? Da-i-mi...

Avrora-4 söhbətə qoşuldu.

- Siz eynək taxmalısınız, ya da ağlınız yerindən oynayıb. Nə məzarlıq, nə xəstəxana? Bura Boz Kədərsizlər diyarıdır. İndi dostlarım gələcək, böyük, təntənəli şadyanalıq olacaq. İnauqurasiyanın davamı.

- Nə? Nəyi qeyd edəcəksiz?

- Tacqoyma mərasiminı. Mən kraliçayam axı!

- Sənsən kralica? Bəs tacın hanı, kraliça? – hamı qarnını tutub uğundu.

***

Avrora-4 üzünü Avrora-1-ə tutub soruşdu:

- Orada asdığın nədir?

- Harada?

- Orada - əli ilə qapı ağzındakı asılqanı göstərdi.

- Pencəyimdir.

- Niyə asmısan onu?

- Bura daxil olanda çıxarıb asdım. Qəribə nə var ki? Nə olub axı?

- O olub ki, başqasına aid olan bir şeylə özününkü kimi rəftar etmək düzgün deyil. Pencəyi imiş... Ha! O sənin pencəyin yox, mənim ən sevimli heyvancığazımdır. Bütün günü kürəyimə sarılıb durur. Sənsə onu qulağından asmısan, indi o zarıldayır, imdad diləyir... get çıxart onu mıxçadan.

Avrora-1 üzünü çevirib təəccüblə asılqandakı  pencəyə baxdı. Çox müti görünüşü vardı, amma zarıltı-filan eşidilmirdi. Hər ehtimala qarşı pencəyi ordan götürüb dizləri üstünə qoydu. 

***

Məkana sığmayan ol biməkan məkanı nedər.

(Nəsimi)