Elə həmin dəqiqə sanki qapının o biri üzünə söykənib açılmasını gözləyən birisi şappıltı ilə üzüqoylu yerə yıxıldı, uçuş kostyumunun kaskaya oxşar yuxarı hissəsi qopub torpaq üstdə diyirləndi. Qonağın yad planetdə gördüyü ilk mənzərə çürüntülü qapqara meşə torpağı, ilk təəssüratı – eniş oldu. Planetlərarası səyahət aparatının ehtiyatsız “oturuşundan” huşunu itirmiş burunsuz, qulaqsız, iri gözlü, qəribə görkəmli ağ skafandrlının ətrafında az sonra hardansa peyda olmuş qırmızı zərrəciklər dövrə vurmağa başladılar. Bu zərrəciklər qəribə parıltı ilə zəif işıq saçır, bəzən sönüb yox olur, bəzən yenidən əmələ gəlir, ya yavaş, ya sürətlə hərəkət edirdilər. Hiss olunurdu ki, hərəkətlərində xüsusi nizam gözlənilir, düzülüşləri nəyəsə xidmət edib nələrsə cızır havada. Sonra zərrəciklər bir-birindən törəyərək ardıcıl surətdə çoxalmağa başladılar. Çoxalaraq da aşağı, yerə sərili qalmış yadplanetlinin üzərinə şığıyır, arı pətəyə yığışan kimi onu dövrəyə alıb üzərində sıx topa əmələ gətirirdilər. Sonra topa seyrəlməyə başladı. Əvvəl qonağın ayaqları göründü, qolları, bədəni və nəhayət saçı. Amma əynindəki artıq ağ skafandr deyildi. “Arılar” onu təğyiri-libas etmiş, buranın qaydası ilə casual stilində (işçi, gündəlik geyim) köhnə, sürtülmüş cins şalvar və nimdaş gödəkcə geyindirmişdilər. Ayağında üstü və yanları çatlamış kobud çəkmələr vardı. Boğazına nazik, boz-qara zolaqlı şarf dolanmışdı. Əyni kimi sifəti də dəyişilib başqa görkəm almışdı. Zərrəciklər çəkilib gedən kimi adam kəskin hərəkətlə başını torpaqdan qaldırdı. Burnu, qaşları, çənəsi palçığa bulaşmışdı. Üzünü gödəkcəsinin qolu ilə silib cəld ayağa qalxdı.
***
Rançoda bir üst cins – adına kişi deyirdilər, bir də ucuz işçi qüvvəsi kimi istənilən sahədə istismar olunan, qadın adlandırılan “ikinci cins” vardı. O özünü bunların hansı birinə aid etməli olduğunu bilmirdi. Telepatik suflyor öz ixtiyarına buraxmışdı seçimi. Kişilərin ona vecsiz münasibətindən, qadınlarınsa rəğbətindən belə aydın olurdu ki, burada onu birincilərə aid edirlər. Onunçun cinsi mənsubiyyət heç nə ifadə etmirdi əslində. Ona görə haqlı-haqsızı asanca sezirdi, diskriminasiyaya meylli deyildi. Ədalət duyğusu güclüydü, mübarizə və süstlük, dözümsüzlük və tolerantlıq, qayğı və müdafiə anlayışlarından xəbərdar idi. Kədər və sevinc aşılanmışdı ona, zarafat etməyi, hətta qəhqəhə çəkib gülməyi öyrənmişdi. Qorxu hissi elə meşədəcə yaranmışdı. Bəzi sırf insani emosiyalarsa yad idi ona: peşmançılıq, təəssüf, təkəbbür, utancaqlıq, önyarğılı olmaq. Cinslərarası münasibətlər də həmçinin, düşüncəsi xaricində olduğundan belə ünsiyyətdən qaçırdı.
***
Bu saatlar
qonağın ən çox iztirab çəkdiyi vaxt olardı. Bütün qız, qadınların diqqəti onun
üzərində cəmləşər, baxışlar ona sancılardı. Ümumiyyətlə, bura qədəm basdığı
gündən əsas müzakirə obyektinə çevrilmişdi. Anlaya bilmirdi ki, şəxsinə bu
boyda marağı nəylə və necə qazanıb. Bacardığı qədər özünü onlara bənzətməyə,
davranışlarını, danışıqlarını, həyat tərzlərini, qabalıqlarını təqlid etməyə
çalışırdı. Yemək yeyərkən ağzını onlar kimi marçıldadır, ayranı hortultu ilə
içir, hamının gözü qarşısında intim yerlərini qaşıyır, burnunu qurdalayır,
ayaqlarını masanın üstünə qoyur, balaca uşaqların boynunun ardına şapalaq
ilişdirirdi. Amma bütün bunlar onda başqaları kimi təbii alınmadığından tezliklə
əl çəkdi təqlidçilikdən.
Buranın
qadınlarını heç cür bir-birindən ayıra bilmirdi. Zənni ilə, onlar hamısı eyni
görünüşlü idi. Hamısının dərisini gün yandırmışdı, saçları ləçəklə möhkəm çəkilib
bağlanmış, ağır fiziki əməkdən əlləri kobudlaşıb çat-çat olmuş, döyənəklərlə
örtülmüşdü. Çoxunun bir neçə barmaq buğumu çatmırdı, otdoğrayan maşın
aparmışdı. Qısası, qadınlar bir-birinin bənzəriydi, hamısı eyni boyda, eyni
biçimdə, kişilərsə fərqlənirdi. Saqqallı - saqqalsız, arıq - cüssəli, hündür -
qısaboy, gur saçlı - keçəl və s.
***
Əlcəklər...
onlarsız keçinmirdi, əllərinin həssaslığını yalnız onların köməyilə susdura
bilmişdi. Tanımadığı yad əşyaların xüsusiyyətini öyrənmək üçün yalın ovcunu
onların üstündə tutması kifayət idi, yalnız bu zaman əlcəyi çıxarardı.
***
İxtiyar qocalar ona qalın, qıraqları cilalı bir şüşə
uzatdılar. Bəsirət gözünün modeliydi, arxasından baxdıqda başqasının görə bilmədiklərini
görürdün. Gəlmə şüşəni gözünə yaxınlaşdırıb tacı başqa ağaclarla qovuşan iri
göyrüşə tuşladı. Orada bir nəfər oturmuşdu, üzü eynən gövdə kimi cadar-cadar,
damar-damar, əlində də ağac dəstəkli balta. Budaqları qırmaqla məşğul idi.
- Sən kimsən?
- Bu ağacın
ruhu.
- Orada nə
edirsən?
- Hüdudlarımı
müəyyənləşdirməyə çalışıram. Ağrının bitdiyi yer mənim hüdudumdur. Onun susduğu
yerdə mən qurtarıram, başqası başlayır.
Qıra-qıra
özünü tacına dolaşmış fıstıq və vələs budaqlarından arıdırdı.
Gəlmə şüşəni
İşvaraya qaytardı. Müdrik qoca qəlyanını ağzından çıxarıb dedi:
- Nə qədər
ki, ruh hər budaqçun ağrımır, dünya elə
belə də qalacaq...
Əzab çəkənə
qoşulub əzab çəkməklə onun dərdini yüngülləşdirən Dinabandxu üzünü ona tutub
söylədi ki, insanların məşəqqəti həyata
müqavimətdən doğur. Həyatı başına buraxmaq lazımdır. Sonda da əlavə etdi
ki, müdriklərin əzabı çox səthidir əslində. Əzabın dərəcələri var, onlarınki
lap ilk pillələrdədir. Və bir də dedi ki, dünya
olayları üçün nə kədərlənməyə, nə sevinməyə dəyməz.
***
- Bizim
sağıcı qadınla münasibətin necədir?
- Tanımıram.
Patron heyrətdən
böyümüş gözlərini onun üzünə dikdi.
- Necə yəni
tanımırsan? Bütün işçilər sizdən danışır.
- Bizdən??
- Sizin
ikinizdən, bəli. Sizin macəranızdan.
- Nə macəra?
- Hər gün meşədə
sevişməyinizdən... şabalıd ağacının altında..
Gəlmə bu
sözün mənasını aydın dərk etməsə də söhbətin nədən getdiyini təxmin edə
bildi... və dəhşətə gəldi.
- Yooox...
- Nə yox?
- Ola bilməz!
Mən heç bu adamı tanımıram.
Patron başını
bulayıb acı-acı güldü.
- Oğlum, axı
niyə belə edirsən? Mənim sənə münasibətim pis olmayıb heç vaxt. Səni həmişə
ayırmışam o birilərindən.., qiymətləndirmişəm..
- Axı mən..
Patron sözünü
kəsib danışmağa qoymadı onu.
- Sənə elə gəlmirmi
ki, məni azdırmaqçun çox təcrübəsizsən? Sən kimə kəf gəlirsən? – səsini
alçaldıb bic-bic süzdü onu - Biz də cavan olmuşuq, mən hər şeyi başa düşürəm.
Ola bilsin, o sənin xoşuna gəlib. Hətta çox xoşuna gəlib. Belə olan surətdə
onunla münasibəti elə quraydın ki, heç kim xəbər tutmayaydı, daha indiki kimi
yox. Hamı sizi müzakirə eidr. Sonra sənin misalın hamıya örnək olacaq,
qadınları yoldan çıxarıb zorlayacaq və atacaqlar, cəmiyyətimiz mənən çökəcək,
iş axsayacaq. Mənəsə bu heç lazım deyil. Mən nizam-intizama və yüksək mənəviyyata
önəm verən adamam.
Patron susan
kimi Gəlmə özünü müdafiə etmək üçün dedi:
- Mən ümumiyyətlə
başa düşmürəm söhbət nədən və kimdən gedir. Hansı sağıcı qadın? Mənim axı heç
kimlə işdən xaric münasibətim olmayıb.
Patron
yumruğunu masaya vurub əsəbiləşdiyini gizlətmədi.
- Burax mənimlə
bu axmaq zarafatı! Heç məsləhət görmürəm. Pis qurtara bilər səninçün. Səni həbsxanaya
saldıraram, ya da dəlixanaya.
- O qadın
kimdir axı?
- Dedim ki,
sağıcıdır. Qabaqcıl sağıcımız. Ay tülkü, guya tanımırsan.. bəs hər axşam nəvaziş
göstərib qucağında odlu öpüşlərə qərq etdiyin kimdi, hə?..
Gəlmə ilk dəfəydi
ki, belə sarsaq vəziyyətə düşürdü. Etmədiyi işi zorən boynuna qoymaq istəyirdilər.
Ən pisi də o idi ki, özünü müdafiə şansı tanıtmırdılar ona... Toparlanıb soruşdu:
- Lütfən onun
sağdığı inəyin sıra nömrəsini deyərdiz.
Patronu gülmək
tutdu. Axı hardan biləydi ki, Gəlmə üçün burdakı qadınlar hamısı eyni simadır.
***
Doğma
planetində insan cinslərə ayrılmamışdı, bir ortalıq cins vardı, həm qadın, həm
kişi idi, hər ikisinə məxsus orqanlar rudiment şəklində qalmaqdaydı fərdlərdə.
Çoxalma ya tumurcuqlanma, ya da klonlaşma ilə gedirdi. İkinci üsulla istənilən əlverişli
xüsusiyyəti qabardılmış nəsil almaq mümkün olduğundan əsasən ona üstünlük
verilirdi. Onun gəldiyi yerdə ölüm-itim, müharibələr, xəstəliklər, dünya malına
hərislik və s. eybəcərliklər olmadığından doğub-törəyib nəsil artırmaq və bu
yolla özündən sonra elə özün sayaq iz
buraxmaq həşiri də yox idi. O bunları bilmirdi. Daha doğrusu unutmuşdu.
***
Burda insanı
heyrətə gətirən qəribəlik qadınların yaşıl paltar geyməsinə qoyulan qadağa idi.
Əflatuni ideyalarını Platon kəndində
həyata keçirməyi məqsəd qoymuş Gəlmənin ailə və nigaha olan qərəzli münasibəti
qurduğu dövlət modelində də öz əksini tapmışdı. Ailə məfhumu məhv edilmişdi.
Cütlüklər istədikləri sürəcə bir yerdə yaşaya bilərdi. Uşaqlar doğulan kimi ailələrdən
alınıb xüsusi ictimai yerdə tərbiyə olunurdular. Qadınlar bütün günü işlədiklərindən
onsuz da uşaqların tərbiyəsi ilə məşğul ola bilmirdilər. Kənddə spartansayağı tərbiyə
üsulu bərqərar idi. Bərabərlik təlqin olunur, individuallıq və eqoizm törəmələri
aradan qalxırdı. Gəlmə şəxsi meyl, maraq və məqsədlərin, mülkiyyət və xoşbəxtliyin
ictimai dəyərlərə, ümumi prinsiplərə qurban verilməsinin tərəfdarı idi.
***
- Patrona
qarşı çıxıb. Onun günahı böyükdür!
- İşini
bitirmək lazımdır.
- Günahı tək
o deyil. Mənim sevdiyim qadınla evlənib, sonra da atıb getdi. Axı o hardan
peyda oldu? Niyə gəlib yaşayışımızı pozdu?
- O
günahkardır! Günahısa yalnız qanla yumaq olar!
- Yalnız
qanla! – çığırıb pivə parçlarını toqquşdurmaqçun hər üçü ayağa sıçradı.
- Nə yaxşı
ki, o günahkardır. Biz onu haqqına öldürəcəyik! Günah müqəddəsdir!
- Müqəddəsdir!
– bağırıb parçları boşaltdılar. Sonra bir ağızdan təkrar etdilər:
- Gəlmənin
günahı onun gəlməsindədir!!
***
- Buraların mahiyyəti bu. Eniş və qara
torpaq. Uçanlarçun nəzərdə tutulmayıb bura, yaşayası yer deyil, eləmi?
- Mən
hardayam?
- Getdik.
- Dayan! Bura
haradır?
- Qara
torpaq. Yerdir bura. Biz bura enmışık, Yerə.
- Mən bura ədalət
gətirəcəkdim.
- Sənin ədalətin
burda heç kəsə lazım deyil.
- Niyə?
- Bu insanlar ədalətə layiq deyil hələ.
Azadlığa da.. Tezdir hələ onlarçun..