Ümid yaxşı
şeydir, verəndə geri almayalar. Geri alanda ümid nəfəs qədər trivial
olur. Ümumiyyətlə, alıb-vermək (nəfəs), qoyub-götürmək (addım), bağlayıb-açmaq
(göz), sıxılıb-genəlmək (ürək), gətirib-aparmaq (qan), qida-ifrazat (həzm
traktı) və ilaxır (başqaları da var) –
budur təməl aktlar. Bu, “var” deyib həməncə “yox” söyləmək, “bəli”nin “xeyr”i, icazənin qadağası, yazıb üstündən xətt çəkmək
deməkdir. Bu, dünyanın ən böyük məntiqsizliyidir – təsdiqin
doğulduğu andaca inkarı. Və təməlində, əlif- beyində antaqonizm yaşadan dünya
qalan bütün sahələrinə də ötürür ziddiyyəti, özü də sizin giley/narazılıq
hecası qoymanıza probel buraxmadan, pauzasız, birnəfəsə, elə həyasızlıqla ki,
siz bu ziddiyyətlərdə hələ bir gözəllik və ahəng axtarmağa girişirsiniz,
tapanda ali orqanizasionu anlaya bilən ağlınızla qürur duyursuz, tapmayanda da
hər şeyi “göylərin sirri” mübhəmliyi ilə
örtüb, şəhadət barmağınızı yuxarı
tuşlayır, “oranın hikmətini burdakılar bilə
bilməz” pıçıldayıb, yenə də hər şeyi kəsən ağlınızla qürrələnirsiniz, amma bu dəfə
anladığına görə yox, anlamadığını başa düşdüyünə görə.
Mənimsə bir
sualım var: Sonsuzluq bəlkə ziddiyyətləri barışdırmaq üçündür?