(dialoq)
- Saat 1 ya
2?
- 1.14 niyə
olmasın ki?
- 14?.. yox,
birinci dünya müharibəsini xatırladacaq.
- 1.28.
- 28-ə gecikərəm,
avtobusun cədvəli ilə uygun gəlmir.
- Onda 1.33.
- Qalsın.
- Havanı
görürsüz də...
- Günəşi
sevirəm.
- Yenə ora
getmək fikrindəsiz?
- Əlbəttə.
- Orda ki,
günəşə həsrətdirlər..
- Elə o səbəbdən
gedirəm.
- Mən də gəlim.,
birlikdə sevərik günəşi.
- Birlikdə
bir-birlərini sevirlər, üçüncünü yox. Üçüncünü sevmək üçün ikincinin olmaması lazım.
Ardı - simvolik
günəşlərdən, trafaret ayaq izləri və parol susmalardan. İkilikdə danışılası
mümkün olan hər nə varsa, onlardan..
Uzaqlarda
stansiyalar növbələşir. Qatar fiti. Perronda dayanıb nümayişkarcasına quru gözlərini
silən adamın xəyali göz yaşları. Günəş yenə görünmür, hər tərəf qupqurudur
amma, o içindən ovulan çinarın gövdəsi tək., elə bil üç həftə bundan qabaq
yağıntı olmamışdı..
Səssizliyin
adamları şəhərin izdiham sükutuna dözə bilməyib buradan köç edirdi.
- Dosta
inanan bir dəfə udar, inanmayan iki dəfə.
- Bəzən
uduzmaq daha maraqlı.
- Heç
xoşlamıram uduzmağı. Vaxt keçdikcə lap çox xoşlamıram,... daha az xoşlayıram..
- Hə,
itirdiklərimiz çoxalır, o üzdən.
Qatarın səsi
get-gedə uzaqlaşır. Demonstrativ göz silən təlaşla ciblərini axtarır, yerə
baxır, burun dəsmalı düşüb itib. Ətrafına nəzər fırlayır, heç kəs yoxmuş. Ax,
heç kəs görmürmüş onu, müşahidə etmirmiş.. Müşahidə edilmirsə, demək, “o
yoxdur?!”...
- Ya da vaxt
qısalır, nələrisə düzəltməyə, ya revanşa.
-Düzəltməkmi?
Məni çox yorur bu deyim son zamanlar.
- Bağışlamaq,
özünü. Bunu get-gedə daha az bacarırsan. Böyüməyimizin də bir göstəricisi budur
deyəsən – özünü daha bağışlaya bilmirsən, daha az bağışlayırsan, çox
bağışlamırsan, bacarmırsan.
Trafaret ləpirlərdə
gizlənmiş ayaq səsləri sahiblərinə çatmaqçun məchulluğa yönələn səssizlik
qatarının dalınca götürülür. Sonuncu vaqonun pəncərəsindən şəhərin sonuncu
müşahidə edilə biləcək adamı onlara yaylıq yelləyir. Uduzanlar çoxalır. Məğlublar
Ordusu Zəfər Qalasını ələ keçirir.
- Zarafat?
Onunla?
- Yox,
zarafat günəşin olmadığı yerə gedən zaman başlayacaq.
- O zaman
Onunla.
- Özümlə.
Qatarın səsi
artıq eşidilmir. Cib dəsmalının ardınca adam özü də yoxa çıxdı. Günəşin xəsis
şüaları sırtıq buludları aralayaraq itirilənlərin və itənlərin aşkara
çıxarılması üçün yerə boylanır...