ŞƏHLA NİHAN

Təqib

20 Yanvar, 2017
522
təqib


Ardımca gəlir, dabanbasma. Bəzən bezirəm izlənməkdən, addımlarımı tezləşdirirəm, o da tezləşdirir, qaçıram – qovur, dayanıram – dayanır, dönüb daş atıram ona – “heç sənə yaraşmadı” deyir. Bəzən gizlənirəm ondan. , şəffaf arakəsmələr var, onların arxasında. Gəlir tapır... Bəzən məzmunu saxlayıb formanı dəyişirəm, o qədər ki, özüm özümdən soruşuram: sən kimsən? Ama o soruşmur, o qoxumu tanıyır, qoxuyla tapır məni. Bir it misallı, insan qanına susamış.... bəzən dabanlarımda nəfəsin hiss edirəm acgözün... “Sümüklərini tullamayacam” – deyir - “onlar mənim ən əziz, ən dəyərli, ən qiymətli trofeyim olacaq. Fəxr elə. Sənin binanın armaturları da seviləcək..., başqalarından  heç nə ilə seçilməməsinə baxmayaraq.”  Mən fəxr edərdim, ama bacarmıram...

Ardımca gəlir. Bəzən qorxa-qorxa arxaya boylanıram. Mənə deyir: “yox, olmaz belə... Əgər belə lazım olsaydı gözlər arxada olardı,  öndə yox., yolunla düz get.”  Mən də gedirəm. O da ardımca..

Bəzən ağlıma qəribə fikirlər gəlir. Mən-i onunçun  qoyub qaçmaq istəyirəm. İstəyirəm deyim ki, al, bu Mən – fanilik nişanəsi, bu da sən. İstədiyini qazandın?, di salamat qal. Mən Özüm-ü götürüb gedirəm, əl çək məndən. Neyləsə yaxşıdır? Gəlib əlimdən tutur, aparıb yerləşdirir Mən-i yenidən cismimə, deyir dəli olmusan? Bir də bu cür etmə!  Mən də söz verirəm, söz verirəm ki, daha qaçmayacağam. Yenə addımlayıram, o da arxamca.

Elə istəyirəm qurtulum ondan, elə istəyirəm.... ama alınmır. O gün bir şey başa düşmüşəm. Başa düşmüşəm ki, o içimdədi, ona görə qurtulmağım mümkünsüz. Mən gedirəm, o ardımca gəlir...