ŞƏHLA NİHAN

məkt...

20 Yanvar, 2017
462
yarımçıq məktub


bu bir məktub.   Külək onunla bəhsəbəhs gedən bir qatara boz sifətini göstərməkçün bunu pəncərəsindən almış, içində ciddi bir ağırlıq - ölüm himni, dövlət sirri, insurgent planı olmadığına əmin olandan sonra çöl boyu qovub yaxınlıqdakı durğun sulu ğölməçədə boğmaq istəmiş, di gəl elə kağızın içindəki ciddiyə alınmayacaq qədər bəsit yüngüllük onun sularda qətlinə imkan verməmiş, sahilboyu çəpər yaradan qamışların boyu təni qaçırdaraq, ucu günəş tumarından saralmış uzun yarpaqlara  ilişdirib salamat saxlamışdı. 

 

 

 

Yarımçıq deyil, sən onu bura qədər oxudun...

İstərsənmi dönmək o boş qalmış həbsxanana?

 

 

Cavab almayacam məktubuma.. sən mənə yazmayacaqsan. Mən cavab alırmış kimi davam edəcəm, sənin də əvəzinə mən yazacam, özüm-özümə... bunun bir yaxşı cəhəti olacaq – xoşlamadığım şeyləri  eşitməyəcəm.

Beləcə əks qütblərdən aramızdakı o uzaq məsafəni biçə-biçə bir-birimizə doğru hərəkət edəcəyik. Mən istəyərək, sən istəmədən. Görüş nöqtəmiz sözümüzün bitdiyi yer olacaq. Onda birdəfəlik ayrılacağıq.., hərə öz qütbünə. Yenə də mən istəyərək, sən istəmədən. Mən arxama baxmadan gedəcəm.

... belə yaxşıdı...istədiyinin cazibəsi ona çatana qədərdi., çatınca kəsərini itirər, adiləşib bayağı həyat hadisəsinə çevrilər. İstədiyim dünyamın cilasıdır, onun gözümün qabağında boyatlaşmasına imkan verə bilmərəm.  Sən bütün gözəlliklərin eybəcərlikdən yoğrulduğunu, gündüzün gecəsi, ağın qarası olduğunu isbatlamaga çalışarsan, mən dərisini soyub anatomiyasına varmadan gözəllikdən həzz almağı üstün tutaram. Sən əlçatmazlıqları öz yüksəkliyinə endirməklə onlara çatmağa can atarsan, mən öz yamaclarımdan o zirvələrə yüksəlməyi tərcih edərəm.  Sən heç səntirləməzsən də,  sənin getməz olduğun yol qısa olar, mənsə on dəfə yıxılıb qalxaram, ölüb-dirilərəm, mənim yolum uzaq olar. İstehzalı gülüşünə, tikanlı atmacalarına baş qoşmaram. Hə, bir də,... sən müqəddəs sözünü bilməmisən nədi...

... belə yaxşıdı...  status quo. hər şey olduğu kimi qalacaq.  Məşhurlardan sitatlarla bəzəyərdim, təsbiti parıltılı olsun deyə. Amma sən onda məktubumu elə bu yerdə aparıb “zibil qabına” atacaqsan., ona görə yazmıram.

Ax, salamlaşmaq yadımdan çıxdı. Üzürlü sayarsan, birinci dəfə deyil ki..

Ünvanını bilmirəm, heç əvvəllər də bilmirdim. Amma səninçün nəzərdə tutulan ancaq sənə çatır, üstündə istərsən  lap “Saturn” yaz. Cazibə.. Bu məktubun sətirlərində yad gözlər sürüşməyəcək, bir tək sən oxuyacaqsan onu.

......

Özümə söz vermişdim, sənə daha yazmayacağam, bir sətir də, bir söz də. Zatən yazacaqlarımın hamısını təhvil vermişdim kağıza. Deyəcəklərimi külək dodağımdan oğurlayıb qulaqlarına doldurmuşdu.., bir şey qalmamışdı. O vaxtdan çox gəzdim ürəyimin boş qalmış kameralarını, isti hənirti axtardım, soyuq qapımı döyəndə bürünəcəkdim. Tapmadım ki... rast gəldiyim dəmir barmaqlıq və paslı qıfıllar oldu. Onlara gülməyim gəlirdi, bilirsən?... kimi və nəyi qoruyurdular? boşluğumu?

İndi bu xəyanətkar barmaqlarıma baxıram. Əhdə vəfa çıxmayan satqınlara.... və onlarçun cəza düşünürəm.

Bax  yaza bilərdim ki, sən gəlib onları görməyəcəksən. Yox, belə: Sən gəlib onları əvvəlki kimi görməyəcəksən. O görünüşdə, sağ-salamat, uzun, şümşad, soyuq. Onları əzablara məruz qoyacam ki, daha sənin isti nəfəsinə can atmasınlar, sinəndə gəzişib cod çal saçlarında itməsinlər. Mən bunları səni sarsıtmaq məqsədilə yaza bilərdim. Amma yazmıram.  Sən sarsılanlardan deyilsən, onsuz da inanmayacaqsan.

....hər halda o vaxt belə idin, müşkül məsələydi səni nəyəsə inandırmaq.

Yəqin yenə əvvəlki əzmkarlıqla, vüqarla addımlayırsan həyat yollarında. Yanımdaymışsan kimi görürəm səni. Bax o özündənrazı, xudpəsənd, qürurlu, yaxasıaçıq paltosu küləkdə yellənən adam sənsən. Hər şey də yaxşıdır, yerli-yerində.....sənin həyatında həmişə hər şey yerində olub.

Uğurlarına əvvəl sevinərdim, indi sevinmirəm.  Onların sevincini indi mənlə bölüşmədiyindən deyil, düşünmə. O uğurların qazanılmasında payımın olmamasındandır.

..... nə yazım?....

Bu günlərdə öyrənmişəm ki, küncüt sezammış, yəni sim-sim.

...daha nə?...

Səninlə getdiyimiz parkda “bizimki” dediyin ağac yadında? Sonra tez-tez gedirdim ora. Sənə demək istədiklərimi ona deyirdim. Heç nə....qurudu o ağac... Sənə desəydim bəs?.. Hərdən xatırla o ağacı, xilaskarını..

Mənə həmişə gül gətirərdin. O vaxt gizlədirdim, indi deyim biləsən. Güllərdən zəhləm gedir. Sadəcə səndə yaratdığım  əsl qadın obrazını laxlatmamaqçun demirdim.

Bəlkə o vaxt hər şeyi desəydim, sənin həqiqətindən nə qədər uzaq olduğumu görüb zamanında soyuyardın məndən, bu qədər acılar çəkməzdin. Mən danışmaq lazım olan çox yerdə susur, susmalı olduğum zamanlarsa danışırdım. Mən hər şeyi alt-üst, baş-ayaq, tərsə-məssəb edirdim. İndi arxadan atılıb topuğuna dəyən daşlarçun dara çəkmə, buyam.

Mən bilirsənmi nəyə məəttəl idim? Qoy soruşum, olsun bir də görüşmədik, üz üzdən utanmadı.. Sən baxışlarındakı o laqeydliyi və insanı dəlib keçən itiliyi necə bir araya sığışdıra bilirdin? Mən onda səni öldürmək istəyirdim buna görə., indi isə məhz o baxışı gəzirəm...., çılğın, dəli, atəşli yox, o soyuq dinməzliyi. Məhz baxışını, özün lazım deyilsən. (hər dəfə “bağışla” yazmayacağam. Hər diksindiyin yerdə o bağışla sözünü mexaniki oxu. İndi yanımda deyilsən, ona görə qəti əsirgəmirəm səndən bu sözü).

......bir az deyəsən quru alınır, bir az soyuq... Ama eyb etməz, sən məni əvvəlki istiliyimdə görəcəksən, bilirəm, elə tanımışdın.

İllər öncə yazsaydım bu məktubu,  “hər eşitdiyim maşın siqnalını səninki bilib qanrılıram”,  “hər telefon zənginin səndən olduğunu düşünürəm”,  “səslər içində səsini, üzlər içində üzünü, əl verib görüşəndə ovuclarının istisini axtarıram” və s. və il. yazardım. İndi, illərdən sonra yəni, yazmıram. Axtarmıram axı., nə istini, nə səsini., nə də yanımdan ötən maşınlarda axtarıram səni. O maşınlardakı hamısı yaddı.. Bir tək baxışlarını istərdim, o soyuqluğu bir də hiss etmək..

Bir hadisə oldu bu günlərdə. Avtobusdaydım, yeniyetmə bir qız əyləşmişdi qabaq oturacaqda, qulağında qulaqlıq. Pəncərənin tərli şüşəsinə nəsə yazırdı nərmənazik barmağıyla. Diqqətlə baxanda sənin adını gördüm. Dayanacaqda düşəndə heç silmədi də. Adın qaldı orda. Damcılar sürüşürdü hərflərdən pəncərə aşağı, adın sanki ağlayırdı. Tutdu məni, bilirsən?...istəmirdim yad barmaqlarının təmasıyla isminin bu cür ağlamağını.. istəmirdim.. Can atırdım o pəncərəyə, çatıb silərəm deyə. Ancaq onu görürdüm, başqa heç nə. Alınmadı, insan kütləsi məni çölə atdı. Bir avtobus adam oxudu adını pəncərədə... O mənasız əyriş-üyrüş hərflərin yaratdığı bir dünya mənanın hələ də gözümdə ölmədiyini, məndə qısqanclıq alovlandırdığını duymaq  gözlənilməz idi məniçün.

bu arada... adının baş hərfini silmişəm əlifbamdan. O hərflə başlayan sözləri də çıxartmışam leksikonumdan. (səni belə unuduram). Söz ehtiyatım kəskin azalıb indi.,  onlar çoxluq təşkil edirmiş.. İndi heç bir şey ifadə etməyən sözlərlə sönük cümlələr qurub, ağ-qara səssiz sənsizliyə süni dəyər qatmaqdayam. Soruşmazsan alınırmı?..

Havanı hiss etmisənmi heç? Yox? Mən hiss edirəm indi.  Hava da varmış, o boş heçnələrdən ibarət deyilmiş. Əl atıb tuta da bilərəm hətta. Sonuncu kəşflərimdəndir bu. Yəni üz-üzə dayansaq aramızda bir üçüncü də olacaq – hava. Tək, baş-başa qalmağımız mümkünsüz bir şey. Mən sənin tərli şüşədəki adını qısqandığım tək sən də məni sən gedəli qucağında, qollarında, dizlərinin üstündə saxlayan, bir an buraxmayan havaya qısqana bilərsən. Daim yanımdadır, daim onunlayam. (burda bağışla kəlməsini bir də oxu).

Səninlə sağollaşmıram, salamlaşmamışdım da. Çox uzun yazmaq istəmirəm, sənin onsuz da hövsələn çatmır məktubu sona qədər oxumağa, mənsə uzunçuyam, sözüm tükənməz bitməz. Əsas bu deyil, əsas odu ki, nə demək istədiyimi elə ilk üç sözümdən alırsan, sonrakı təfsilat yorur səni, özündən çıxarır. Heyif, yanımda deyilsən..., əsəbiləşdirərdim yoxsa....

Burda kəsirəm. Səninçün burda kəsirəm, özümçün davam edəcəm. Bir şeyi də deyim. Məktubuma yarımçıq namə adını qoyma. Yarımçıq deyil, sən onu bura qədər oxudun. Nə vaxt ki ardını bilməyə ehtiyac duydun, öz doğma həbsxanana – ürəyimdəki boş kamerana dönmək istədin, diqqətlə bax son sözlərdən sonrakı boşluğa. Orda bir şeylər tapacaqsan.. görəcəksən.. ağ mürəkkəblə yazılıb... sən bax... diqqətlə... gözlərin yorulunca bax... görünəcək... oxumaq istəyin qaraldacaq mürəkkəbi..