ŞƏHLA NİHAN

İllər sonra

20 Yanvar, 2017
457
arzu dostluq missiya


Onu çoxdandı görmürdüm. Görüşdük, məni kabinetinə dəvət etdi. Əvvəl divanda əyləşdim, kənardan onu izləmək istəyirdim.

- Yox, bura gəl – dedi, stulu irəli itələdi – burda otur, qabağımda, görüm səni. – Özü də yumşaq kürsüdən qalxıb masanın aşağı başına keçdi.

Durub yerimi dəyişdim. Duranda kiçik əl çantama yerləşmədiyi üçün dizlərim üstünə qoyduğum qovluğun arasından vərəqlər yerə səpələndi. Əyilib tələm-tələsik onları yığdım, yarısını büküb, yarısını əzib qovluğa basdım. Sabah kompaniya prezidentinə onları təqdim edərkən əyilmiş sifət ilə qarşılaşacağımı da göz önünə aldım. Bunlar hamısı hesabat, qaimə, faktura kağızları idi. İstəmirdim görsün onları. Görsə işlərimlə maraqlanacaqdı. Mənsə istəmirdim..

Keçib qarşısında əyləşdim. “Gör neçə il keçib...” düşündüm. O əvvəlki kimi gözəl idi. Saçının, gözünün rəngi, üz ifadəsi bambaşqa, ama  təvazökarlığı, mehribanlığı, səmimiliyi, optimizmi elə həmənki idi. Fikirlər həmənki idi. Bu qədər yaşayasan, heç nədən küsüb inciməyəsən.... Tanrı ilə də əvvəlki saf təmiz dostluq münasibətində..

Böyük bir şöbə tapşırılmışdı ona, elə əvvəldən də gözəl rəhbərlik və təşkilatçılıq qabiliyyəti nümayiş etdirərdi. Ümumən, bir çox işlərdə səriştəsi vardı. Zəngin dünyagörüşü, erudisiyası, intuisiyası onu hər zaman irəli aparardı. İnsanlarla rəftar etməyi də çox gözəl bacarırdı. Nə vaxt, harda, kimin yanında nəyi və necə deməyi.. Heç kəsi özündən incitmədən istədiyini ala bilərdi ondan. .. heyran qalardım ona.. Öyrəndim ki, doktorluq dissertasiyası hazırdır artıq,  Elmi Şuraya təqdim olunmaq üzrədir, bəzi xırda-para işlər qalıb. Ard-arda məqalələri çıxır. Vaxtı olanda ingilis dilindən elmi mətnlərin tərcüməsiylə də məşğul olur. Balaca şəxsi biznesi də var. Ailə vəziyyətini soruşmadım, maraqlı deyildi. Xarici tələbələrlə dərsinə hələ yarım saat qalırdı deyə məni buraxmaq istəmirdi. “Hələ vaxt var, otur, danışaq” deyib saxlayırdı.

İşi haqda danışdı, planlarını müzakirə etdik. Xarici səfərdən yeni qayıtmışdı. Heç gözləmədiyim halda söhbət həyat fəlsəfəsinin üstünə gəlib çıxdı. Onu həyatda sınmağa qoymayan  nə idi? Cavanlıq təravətini necə olub ki, itirməyib? Optimizmi nədən çəkdiyi sıxıntılara baxmayaraq onu tərk etməyib? və s. bu kimi suallara məni heyrətə salan cavablar aldım. .. və dəhşətə gəldim... Belə çıxır, onu heç zaman tanımamışammış... Nə qədər oxşarmış fikirlərimiz... ya bunca dəyişilmiş..? yox axı, elə bir fərqlilik də duyulmurdu...

- Sən əvvəllər belə deyildin. Belə danışmazdın, belə düşünməzdin – dedim.

- Mən həmişə belə olmuşam, sadəcə sən duymamısan. Sən özündən başqa kimsəni görməzdin zira..

Rəfiqəydik onunla. Bir yerdə onlarca layihəyə imza atmışdıq. Onu o vaxtlar tanımadığıma sevindim. Tanısaydım indi o mənimçün tapılmış kimi olmazdı. İndi o qədər xoş idi ki onunla. Uğurlu, həyatı qazanan, yaraşıqlı, elitar, maraqlı və ağıllı bir qadın..

- Missiya – dedi.

- Missiya – dedim.

- Bilirsən, yaxşı ki, ölüm var sonunda.

- Elədir – söylədim – Yoxsa yaşamaqdan dəli olardıq, ya da əlac qalardı intihara..

- Yaxşı ki, hər şey bir gün qurtarır.

- Yaxşı ki, o günü özümüz seçmirik. Yoxsa mən daimi tərəddüdlərimlə çətin seçərdim o bir günü..

Dəhlizdən tələbələrin səsi gəlirdi. Qalxdım.

- Mən maraqçun yaşayıram. Bəs sən?

Uzun, narahat barmaqlarını qarşısındakı açıq kitabın üzərində gəzdirdi.

- Mənim axtardığım bir şey var. Onu taparsam gedəcəm – dedi.

Axtarılanın nə olduğunu bilmədim.

Çox sevindim onunla görüşə. Davamlı uğurlarına, düzənə düşmüş həyatına, xoşbəxt güzəranına sevindim. Axırda bir-birimizə ölüm arzulayıb ayrıldıq.