ŞƏHLA NİHAN

Qadın salonundan çıxmış ağaclar

16 Dekabr, 2016
594
Bakı bulvar dəniz

Yalnız dənizkənarı parkda gəzəndə fərqinə vardım ki, mamır yaşılı dünyanın ən gözəl, ən zəngin yaşılıymış. Meşədə yaşıl olmağa nə var....?! Boylanıb ətrafında atanı, babanı, bütün ağac nəslini görəcəksən. Bütöv bir şəcərənin gücü sənlə, başın üzərində al günəş..., daim qucaqlar pöhrələrini, ayaqların da torpağın ovcunda. Sən gəl burda, su səltənətində, su mavisinin tam dominantlığında, onun təsir və təqibinə sinə gərib də öz  xislətinə sadiq qal. Və burda dənizə uzanan boruların, daşların üzərini örtmüş qara mamır çürüntüsündə də  yaşılın qələbəsini görürsən. O qara tam qara da sayılmaz. Diqqətlə baxdıqda qaranın məhbəsində olsa da mahiyyətini tərk etməmiş bir əlahiddəlik dalğası çarpır nəzərə. Günəş şüasının tərpədib oyatdığı şıltaq yaşılın enerjisi parıldadır daşları, qara zümrüd gözləriylə göz vurur sənə sanki..

Buranın günəşi çox etibarlı, səni yalqız buraxmaz. Sən sahil boyu irəlilədikcə dalınca gələr. Ta üfüqdən dəniz səthi ilə kölgənə doğru uzanan enli parıltılı zolaq günəşin işığı ilə bərabər istisini də ayaqlarına atar.

Sahil küləyinin tək yeganə oyuncağı sənin saçların olar. Onları gizlədərsən əgər, dəliliyi tutar küləyin., üzünə üfürər, sillələr, papağını başından alıb saçlarını çiyinlərinə dağıtmayınca əl çəkməz.

Molbertli rəssam skulpturasına yaxınlaşıram. Görən nə çəkir?.. Durduğu yeri çəkirmiş. Onun kimi personajlar az deyil burada. Dənizçi, balıqçı və s. Bir qəribəlik: bizdə heykəllərin də boyu özümüzünkü kimidir – bəstə..

Argentina baobabları, əzvay (aloe), çiçəkləmiş maldili (kaktus) və digər ekzotik bitkilər hamısı sellofan zindanlarda.., soyuqdan qorunurlar. Yadıma düşdü ki, əvvəllər qışda qar altında qalmış palma və digər cənub florasını gördükdə əynimin qalın paltosundan xəcalət çəkərdim..

Burda həmişəyaşıl ağacların bir çoxu qadın salonundan çıxmış xanımların saç düzümünü xatırladır öz tacları iə. Trapes, üçbucaq, kvadrat, kürə şəkilli ağac “saç düzümü” görərsiz burda. Bütün iynəyarpaqlıları belə tale gözləyir. O biri ağaclarsa öz kefində, necə istərlər o cür də boy atarlar., onlara həndəsəni sevdirmək bir kəsin ağlına gəlməz, çünki bu ağaclar iradə nümayiş etdirir,  əl atıb saçlarını yolur, üst-başlarını viranə günə qoyurlar, lüm-lüt soyunub ölümü çağırırlar. O üzdən ölüm (keçici də olsa) azadlığın əldən verilməməsi üçün zəruridir. Və yalın əyri budaqlarla göyün istənilən səmtini hədələyən bu lüt ağaclar azad olduqları üçün  “priçoskalı” bəzək-düzəkli küknarlardan on qat daha gözəldir.

Köhnə Bakının, xoşməramlı, hamının üzünə açıq, əski Bakının ovqatını və hüzur dolu iç dünyasını, abi-havasını suları sahillərini yalayan dənizkənarı parkdan daha dolğun və bütün tamlığı ilə  nə əks etdirə bilərdi ki..?  Şəhər öz tarıxını unudardı bəlkə və bəlkə unutmasına şad da olardı, ama dalğalar qoymur, onların hər sahilə çırpılışı təzələyir  yaddaş notlarını.., andırır keçmişləri, Bakı körfəzinin suları altında qalmış Bayıl qalasına qədər qaşıyır olaylar məzarlığının baş daşlarını..

Noyabrın son günləri. Dənizkənarı Park.
Torpağın payızın boz üzünə qıpqırmızı şıltağı.   




Və ikinci birisi. Uzaqdan baxanda ağac payızın ortalarında gül açıb sanacaqsız. Yalnız yaxınlaşırkən “gülün” saralmış yarpaqlar olduğu aşkarlanır.

 


Noyabr,  2016.