ŞƏHLA NİHAN

Bermud üçbucağı

17 Noyabr, 2016
542
Bermud üçbucağı geenna nənə Sizif əməyi xalça yumaq



Bu hələ nəhayət deyil, sadəcə hər kəsi dərinlərə buraxmırlar.
S.Eji Lets
Hər şeyin bitdiyi yerdə hər şey başlayır.
A.Rutkeviç.



Nənə onun ardınca:

- Ay bala, problem ha deyil. İtib, tapılar. İndi mən axtarıb taparam. Göyə ki çəkilmədi. Hardadırsa evdədir – deyib, başmaqlarını ayağına taxdı və evi qarış-qarış gəzib axtarmağa başladı. Hər yerə baxdı nənə. Yer qalmadı ki, zərrəbinini ora tuşlamasın. Yaşını da unutdu, elə qıvraqlaşdı ki.... Ayağının altına kətil qoyub antresola da boylandı, divanın altına, üstünə, çarpayının yan-yörəsinə, dibçəklərin içinə, pərdənin arxasına, hətta soyuducunu açıb qazanların qapağını da qaldırdı. Heç yerdə yox idi çətir. Yağlı əppək olub göyə çəkilmişdi. Nənə əldən düşüb təzyiq dərmanını içdi və süst halda kresloya çöküb:

- Ay bala, itəcəkmiş, itib. Neynək... elə bil heç olmayıb.

Ana mətbəxdən əlində kəfkir gəlib əllərini belinə vurub dayandı.

- Eşitmirəm.

- Deyirəm, olacağa çarə yoxdur. Deməli itməliymiş. Neyləmək olar? Bir çətirlə qiyamət qopmadı ki..

- Heç nə. Neyləyəcəyik ki? Yağışlar mövsümü başlayıb. Hər gün yağır.  Mən sabah işə necə gedim bəs?

Ananın beləcə getdikcə artan tonunun isterik tutmalara gətirib çıxaracağını  irəlicədən görən nənə onu vaxtında saxlamaq məqsədilə əlini dodaqlarına toxundurub dedi:

- Di yaxşı, bəsdi, qışqırma, uşağı qorxudarsan.

- Sənə nə var ki? Bayır-bacaq bilmirsən, bütün günü evdəsən. Mən islanıb soyuqlayacam, işi buraxacam, orda da ki, bəhanə gəzirlər, onsuz da ixtisarlar gözlənir ştatda. İşsiz qalsam, görüm nəylə dolanacaqsız? Kim dolandıracaq?..

- Heç nə olmaz. Mənim təqaüdüm var, acından ölmərik.

Ananın pörtləşmiş üzü indicə baş verəcək tufandan xəbər verirdi ki, plitənin üstünə qaynamağa qoyduğu çaydanın fiti onu təcili mətbəxə çağırdı. Bir söz deməyib qeyzlə dabanları üstdə fırlanıb otaqdan çıxdı.

***

Qaçdı-qovdu oyununun şirin yerində pişik pəncəsinin bir zərbəsundən impuls alan yumaq diyirlənə-diyirlənə gedib otağın aşağı başında iki şəkil arasındakı yerdə dayandı. Ora xalça çatmamışdı, döşəmə yalın idi. Pişik yumağın ardınca götürülmüşdü ki,  xalçanın qurtaracağına çatıb yerindəcə mıxlandı. Tüklərini qabardıb, qulaqlarını şəklədi. Kürəyi qövsvari əyilmiş, caynaqları açılmışdı. Uşaq da ayısının qulağından tutub, yerlə sürüyə-sürüyə pişiyin yanına gəldi və bərabər baş verənləri izləməyə başladılar. Nələr olurdu? İsti və soyuq hava kütləsinin toqquşmasından əmələ gələn front yerdə, döşəmə üzərində saat əqrəbinin əksinə fırlanan qıf əmələ gətirmişdi. Döşəmə taxtaları məhlul substansiyasına keçib dovğa kimi bulanırdı. Uşağın və infernalı naməlum lamisəsiylə insandan daha ötə duyan pişiyin isə diqqət kəsilməsinə səbəb yumağın da o burulğanın uzaq çevrəsinə düşüb fırlanması idi. Dövrələr cıza-cıza yumaq burulğanın mərkəzinə doğru hərəkət edirdi və luppp ... qıf uddu onu. Pişik tüklərini bir az da qabartdı, uşaq əllərini bir-birinə vurdu. Yumaq ipinin bir ucu nənənin dizləri arasında tutduğu şarfda idi. Yumaq gözdən itib dərinlərə gedə-gedə ipi də dalınca şəkir, nənənin neçə gündən bəri toxuduğu şarf açılırdı. Sıra-sıra, ilmə-ilmə açılırdı. Sonra sürətlə açılmağa başladı. Yerin tərkinə yuvarlanan yumağın yolunda yəqin maneə-filan yox idi. Asudə uçur, ipi də dalınca dartırdı. Nəhayət, şarf tam açılıb qurtardı. İpin ucu burulğanda itən kimi burulğan da yox oldu. Taxtalar birləşdi, hər şey əvvəlki vəziyyəinə qayıtdı, elə bil heç nə olmamışdı. Heç nə olmamışdı...Təbiətin təsadüf qanunu işə düşmüşdü.

***

Birdən ani sakitlik şökdü iztirab səltənətinə. Məhkumlar başlarını aşağı salıb pıçıldaşdılar: “gəlir...”  Nəzarətçilər müti vəziyyətdə sıraya düzülüb salamladılar gələni:

- Gecənin sahibi. Yoxluğun şahidi!  Şər allahı!

Lüsifer xislətli Qaranlıq knyazı özü şəxsən iki yekəpər  qoşulmuş, təkərlərindən ətrafa ümidsizlik qığılcımları səpələyən odlu arabası ilə öz apanajını – Şər-şür panteonu saya biləcəyiniz ucsuz ərazini eninə-uzununa çapır, hərdənsə təkəbbürünü qara, yer süpürən mantiyası ilə birgə uzun qıllı biləyinə dolayıb, saçaqlı pantalonunu yuxarı dartıb mal ayağını xatırladan cütdırnaq pəncəsini şəstlə lilli-palçıqlı torpağa basaraq, əsabələrinin işinə nəzarət etmək məqsədilə  “avto”sundan enir, onların hər birinə yaxınlaşaraq, havada parlayıb günahkarların kürəyinə endirilən şallaqların təsir gücünü yoxlayır, sonra cəhəngini onların tüklü qulağına dayayıb sormaqla yorulmaz əsgərlərinə lazımi tapşırıqlarını verib, çətin işlərində uğurlar diləyirdi. Bütün bunlardan sonra cari işini bitmiş hesab edib atılıb arabasına mindi, qulbaşlarına arxadan təpik ilişdirib, blək-metal sədalarına qarışaraq yox oldu. Əhriman diyarında İblis bir tərəfindən baxanda görməməzliyə vuracağın qədər şəffaf, digər tərəfindən baxanda isə mübhəm xislətinin əsl rəngində - qapqara idi.

Bir-birinin qulağını əmməklə Zülmətlər knyazının əmr və taprırıqları bütün legion əhlinə çatdırıldı.

***

Torpağın üstündə çox yerdə öz-özünə alışıb-sönən ocaqlar görünürdü. Uzaqlarda tapdanmış cığırla nəsə balaca yumru bir şey hərəkət edirdi. Çöl tərəfində darvazanın üstündə  “Bura daxil olan, ümidini qapıda burax!”,  içəri tərəfdə isə  “Xoş gəldiniz!” yazılan bu məkana  maneəsiz keçmişdi. Bələdçini tapmaq çətin olmadı. Yuxarıda, havada asılan böyük pentaqrammı daxil olduğu an görmüşdü.  Fiqur başaşağı olduğu üçün müdafiə rəmzi yox,  Elifas Levinin kabbalistik simvolu  kimi görünürdü.  Pentaqrammın ortasında nağılbazın başı yerləşmişdi, alnında  “Leviafan”   döyməsi yanırdı. O, qonağı səyahət boyu idarə edib telepatik yolla onu yönləndirəcəkdi.  

Diyirlənirdi. Hər dəfə yanıb-sönən ocaqlara çatanda diksinib kənara tullanır, sonra yenə yoluna davam edirdi. Diyirlənə-diyirlənə gəlib Tantalın saxlandığı, yanında qollu-budaqlı ağac bitən bir hovuza çatdı. Allahların bir vaxt etibar etdiyi Tantal bura bir çox bağışlanılmaz günahlarına görə düşmüşdü. Əbədi aclıq və susuzluğa məhkum olunmuşun cəzası beləydi: Boğaza qədər suda dayandığı halda bir qurtum da olsa içə bilmir, ağac yaxınında olsa belə ondan meyvə dada bilmirdi. Nəzarətçilər onun gözü qarşısında  çömçəquyruqları yerdən çıxan odda qızardıb iştahla içəri ötürürdülər. Orda bu cür tələyə düşmüş müqəddəslər çox idi, onların saxlandığı yer hündür dəmir millərlə əhatə olunmuş, qapısındakı lövhədə Papa İkinci İoann Pavelin  “Şeytan daim müqəddəslər ocağına tələsər”  sözləri həkk edilmişdi.

***

Yumaq əlində tərpəndi. Nənə sərbəst əliylə ləçəyini çəkib düzəltdi, boğazını arıtladı.

- Doğrudan sənsən?

Yumağın nə ağzı, nə gözü, nə qulağı vardı, amma canlı idi, görür, eşidir, anlayırdı. Baba əzgin, düşgün, yorğun ruhunun bir hissəsini cəhənnəm əzabından qaçırıb, onu yumağa təslim etməyə müvəffəq olmuşdu. Yumaq indi babanın krestrajı idi.

- Başına dönüm....

Gözlərinin yaşına hakim deyildi artıq. Yumağı sinəsinə sıxıb uşaq ovundururmuş kimi yellədirdi.

- Yerin necədi?

“Eh, heç sorma”  telepatik cavab gəldi.

- Qurbanın olum.... – yenə ağladı. İstəyirdi “keçər, fikir eləmə” desin, birdən duruxub sözünü uddu.

***

 Bir gün onun yumağı sifəti bərabərində tutub xısın-xısın nəsə danışıb gülümsəməsini görən ana  heyrətdən coşub:

- Sən burda neynirsən??! – deyə bağırdı.

Nənə diksinib az qaldı babanın o dünyadan qayıtmış qırığını yerə salsın. Tez özünə gəlib

- Heç, elə-belə - dedi.

Ana əlini atıb qaba davranmağa imkan verməyən çətir-çilçırağı tavandan açdı. Kobudluq, haqsızlıq baş verən kimi “çilçıraq” gur işıq şüası ilə az qalırdı adamı kor edə. İndi rahat emosyalarına meydan verə bilərdi.

- Necə yəni elə-belə? Mən görmürəm? Bu evdə, ümumiyyətlə nələr baş verir, hə? Nələrsə itir, sonra tapılır.  Nədən itir, nədən tapılır, məlum deyil. Sirr-sehr, möcüzə baş alıb gedir. Bəzən mənə elə gəlir, başqa planetə köçmüşük. Nə olub, izah et də, mən heç nə anlamıram!    

***

- Onu başa düş. Həyatı bir şey olmadı o yazığın da... çox əziyyət çəkdi, indi də körpəni təkbaşına böyüdür, çətindir... qınama onu. – sonra pıçıltı ilə soruşdu – Neyləyim səninçün?

Cavab gəldi: “Toxu məni”.

-Toxuyum? – eşitdiyinə inana bilmədi.

“Düz eşitdin”

- ....nə?....nə toxuyum ... səndən? – yenə gözləri yaşardı.

“Nə alınsa. Ağlama”.   

- Sən axı çox kiçiksən, bapbalacasan. Səndən heç nə çıxmaz.

“Toxu!” – yumaq/baba  israrlı idi.

Nənə ondan heç cür ayrılmaq istəmirdi.

- Qıymıram axı...

“Belə daha yaxın olarıq”

- Eləmi?... – bir az düşündü, bir az yumağı əlində fırlatdı, sonra qərarını dedi:

- Səndən corab tayı ancaq çıxar.

“Olsun corab tayı”.

Millərini alıb işə başladı. Yumaq açıla-açıla məşəqqət çəkir, ağlayır, inləyir, amma zəifdən də zəif civiltisini bir tək özündən başqa duyan olmurdu. Baba ilmə-ilmə yumaqda ölüb corabda dirilirdi.

Nəhayət, corab tayı hazır oldu.