ŞƏHLA NİHAN

Vaxtın əvvəl-axırı

17 Noyabr, 2016
510
sıfır vaxt zaman


Niyə xətti düzülüşə varaq ki, əvvəl-axır axtarmaq məcburiyyətində qalaq? Vaxt xətti birmənalı strukturundan çıxarılıb rizomatikliyə təslim edilir zatən. (Delyoz) Və ya dövrə üzrə hərəkət olsa, nə başlanğıca, nə mənfiyə ehtiyac qalır. Hər şey keçmişlərin təkrarıdırsa... özün yazmışdın axı noetika barəsində.


Rusların rəqəmləri (цифра) ərəb “sıfır”ından doğub.

Sıfır Ərafdır., təmizlik. Silkinmə. Düşündürür, daşıyıcıdır.

Sıfır heçlik olsaydı vurmada rəqəmi yox edərdimi? Özlüyündə heç sayılan, məna kəsb etməyən, “hörmət” sahibi olmayan bir şəffaflıq istənilən rəqəmi əridir tərkində.., ama daha bəsit riyazi əməllərdə özünü yoxmuş kimi aparır. Burda antiteza, fəlsəfi çalar yoxmu?

Sıfıra bölümə tabu qoyulub. Belə bir qəribə mülahizə ilə rastlaşmışdım: “Tanrı var, o sıfıra bərabərdir. Sıfır rəqəmdir, antirəqəm deyil. Tanrıya bölmək olmaz..”


Burdan bir məntiqi sual çıxa bilər ki, elə isə bəs Tanrıya vurma, onunla çıxma/toplama manipulyasiyaları olarmı? Olmazsa niyə edirik? Etməmiz şərtlənib axı. Riyaziyyatın təməl daşlarını tərpətməkmi olar? Bəlkə elə ona görədir günah kodeksimiz.? – etməli olmadığımızı etmək məcburiyyətindən. (bir az cələ təsiri bağışlayır. Olmaz, ama etməlisən). Bu fanilikdə gəlib dövran sürüb də günahlar işlətməmək sıfır əməliyyatlarını riyaziyyatın yaddaşından silmək kimi bir şeydi.

Sıfır mütləqdirsə, deməli İndidir, mənfini də hesabdan atmasaq, o da Keçmiş olar.

Sıfır – kamildlr, yeganə şeydir ki, istənilən rəqəmə bölünür, qalıqsız. Və bölünəndə yenə özünü olduğu kimi saxlayır. Təməldir sifir.


Əgər indiki zaman, yəni sıfır olmasaydı, keçmiş-gələcək bilinməzdi. (xəttiliyi gözləsək). Özünü yoxluq kimi qələmə verib də, özünə qədərkini və sonranı müəyyənləşdirmək missiyası yalnız yuxarıda Tanrı adlandırılanın qayğısı ola bilərdi.

İstinad nöqtəsidir sıfır. Bütün mahiyyətlərin anasıdır. Onların zühuru üçün özü mahiyyətindən qopub, bir növ ölmüş eqodur. Daha bir oksimoron – ölümünə baxmayaraq, yan-yana düzüldükcə plebey, çox miskin, məzlum vahidi dəfən-dəfən qüvvətləndirə bilir., 100, 1000, 10 000-ə çatdırır. Fikrimcə ilahi sarkazmdı sıfır.

 

Bir essemdə belə fikir səslənmişdi: “Kosmik toz olum. Şəhər üstünə yatım. Tək-tək heç nəyə, kütlə halında bəlalara səbəb olum”. Belə bir şeydi sıfır., bəlasız işte.., və ya bəlası ifadə obyekti ilə bağlı.