Heyvanların
ruhu varmı?. İnsanlarla hər şey aydındır, bəs onlar?
Tomas Qobbsa görə bütün psixoloji fenomenlər yaşam instinkti və həzzə canatım, ağrıdan sapınma impulsu ilə tənzim olunur. Heyvanlarçun həzz Şopenə qulaq asmaq variantında anlaşılmır, daha sadə, daha ibtidai formada özünü büruzə verir. Komfort və diskomfort kimi. Yağışın altında yatan pişiyə heç rast gəlməzsiz. Ağrıdan yayınma meyli də həmçinin. Əgər psixoloji fenomenlər bu qisim birincili instinktlərlə requlə olunursa, bu, instinktlər olan yerdə hansısa psixologizm bənzərindən danışmaq şansı buraxır. Heyvanların da özünəməxsus iç aləmi var (psixologiya ali şüurla müəyyənləşdiyi üçün canlılar aləminə münasibətdə bu söz işlədilmir).
Dekarta görə
heyvanların ruhu yoxdur, çünki onların şüuru yoxdur. Hətta onlar ağrını belə
hiss etmir (ali sinir fəaliyyəti olmadığı üçün). Heyvandan əlbəttə soruşa bilməzsən ağrını
duyurmu? Amma belə olan təqdirdə əksini də tam məsuliyyətinlə söyləyə bilməzsən. Eksperimental yolla isə bunun təsdiqi
mümkündür. Akademik, patofizioloq Q.Krıjanovskinin heyvanlarda ağrı sindromunun öyrənilməsinə
yönəldilən bir sıra maraqlı tədqiqatları var. Pişik onurğa beynunə yeridilən
stolbnyak toksininə ayağını didib-dağıtmaqla cavab vermişdi. O, dəhşətli ağrıdan
əziyyət çəkirdi.
Məsələ onda
ki, şüurun olmaması ruha heç bir dəlalət
etmir. Oliqofrenin də şüuru yoxdur, sırf idiot və kretinlər var, bitkidən
seçilmirlər. Deməli onların ruhu yoxdur? Və ya onlar ağrını hiss etmirlər?
Ruh-şüur eyniyyəti doğru deyildir.
Delfin necə
olsun bəs? - Yüksək əqli inkişafı qeyd edilən
“qeyri-insan təbiətli şəxsiyyət”.
Dekartın bu nəzəriyyəsi
heyvanlar üzərində narkozsuz əməliyyat aparılmasına rəvac vermiş,
eksperimentatorları "onsuz da kəsdiyim duyumsuz bir şeydir" deyə vicdan əzabından
xilas etmişdi.
Con Lokk
Dekart ideyalarına qarşı çıxıb heyvanların da müəyyən hissiyyata malik olduğunu
göstərsə də Foma Akvinskiyə məktubunda heyvanın normal münasibətə layiq
olmadığını bildirmişdi.
C.Bentam Kant
və C.Lokkun ideyalarını təkzib edərək söyləmişdi ki, canlılar arasında əlaqə
üçün əsas kriteri ağıl yox, empatiya olmalıdır. Əgər idrak olsaydı onda şüur
nümayiş etdirməyənlərlə (balaca uşaqlar və əqli geriliyi olanlar) əşya kimi
davranılması lazım gələrdi.
Nəhayət,
qadınlardan zəhləsi getsə də sevdiyim şəxsiyyət A.Şopenhauer heyvanları müdafiə
hərəkatını hər cür dəstəkləyərək özündən əvvəl bu barədə fikir söyləyənlərin əleyhinə
çıxmış və qeyd etmişdir ki, heyvanlarla pis münasibət tək bircə insanı qəddarlaşdırdığına
görə deyil, ümumilikdə arzuolunmazdır.
///
Daniil Andreyevin "Dünyanın qızılgülü" əsərində qeyd olunur ki, uşaq əgər öz oyuncağını çox sevib əzizlərsə, enerjisinin bir hissəsini ona ötürmüş olar və oyuncaq bu yolla şelt (aura təbəqələrinə aiddir) qazanar. Canlanması qeyri-mümkündür, çünki astral və efir bədəni yoxdur. Amma onun heyvan ruhlarının sığınacağı olan Ermastiqə düşməsi mümkündür (düzdür, bu halda onun nə vaxt ora düşəcəyi haqda heç nə yazılmayıb, heyvan canlı orqanizmdir və tutalım, ölümündən sonra ruhu bədənini tərk edir. Bəs oyuncağın "ölümü" hansı faktla konstatasiya olunur?...)
Həmən əsərdə göstərilir ki, heyvanlar üçün də suç sayılacaq bir şeylər var. Yeyib doyandan sonra yenə də şikar ovlamaqdan əl çəkmirsə, bu onlarçun günah kimi bir şeydir.
///
Ruhu insanın
psixoloji aləm atributikası kimi qələmə vermək düzgün deyil. Uolt Uitmen
(amer.şair) “Bütövlükdə şlyapamla çəkmələrim
arasına sığışmıram” dedikdə həmçinin bunu nəzərdə tutmuşdu. Göründüyümüzdən
böyüyük əslində. Puşkinin də buna bənzər deyimi var.
Ruh şüur demək deyil, sizdəki Absolyut zərrəciyidir. Koma vəziyyətini bioloji ölümdən nə ayırır? İnsan günlərlə, aylarla, bəzən illərlə komada qala bilər. Şüur, hissiyyat yox, reflekslər sönüb, ürək fəaliyyətini davam etdirir. Şüur yoxdur, ruh (bəsit dildə can) bədəni tərk etməyib.
///