ŞƏHLA NİHAN

Reallıq

17 Noyabr, 2016
494
reallıq faneron təsəvvür


Xose Orteqa-i-Qassetin  “İncəsənətin dehumanizasiyası” üzrə .

İncəsənət, ədəbiyyat və digər kreativ subkultura toplum tərəfindən birmənalı anlaşılma üçün nəzərdə tutulmayıb. Yenilikdən söhbət gedirsə, hər hansı bir nümunə novatorluq taksonuna iddialısa, onun  “karantin” periodu (uzun ya qısalığı bir çox amillərin təsiri altında olduğu üçün söz konusu ola bilməz) keçməsi gərəkdir. Bundan əlavə istənilən yeni sənət nümunəsi və ya bədii əsər insanların müəyyən qədər primitiv “mətbəx” senzindən də keçir. Yəni tamaşaçının, oxucunun, dinləyicinin estetik zövqü onların gündəlik həzz diapazonunun sərhədləri daxilində formalaşır. Əgər tabloda öz həqiqəti ilə səsləşmə görməsə, öz estetik bucağına sığışdıra bilməsə  onu gözəl adlandırmayacaq, musiqi ona adət etdiyi fonik ahəngi xatırlatmasa dinləməyəcək, kitabdan həyatına sızmalar olmasa oxumayacaq. O barədə “münsiflər” çox birtərəfli. Müxtəlif format və dresskodlu əsərlərə fərqli, ilk baxışdan  qavranılmayacaq qədər çoxmənalı olma hüququ tanıtmadan, öz sevimli  “mətbəx plitəsi”  prizmasından nəzər salırlar.

“Predmetləri görməkçün görmə aparatını o baxış bucağına sazlamaq lazımdır”. Yəni lazım gələrsə obyektiv/okulyar dəyişilməlidir. Yoxsa konturları pozulmuş, qeyri-səhih, toran bir görüntü duracaq gözünün qarşısında.

Reallıq, onun yansıtması, qəbulu.

Bir az fenomenologiya.

Fərz edin, məşhur biri ölüm yatağındadır. Çarpayısının yanında xanımı və doktor, otağın bir küncündə mətbuat işçisi ilə təsadüfən həmən gün onlara gələn rəssam durubdur. Eyni hadisə müxtəlif şəxslər tərəfindən müxtəlif cür qavranılır. Reallıq insanların sayı qədər hissələrə bölünüb müxtəlif yansıtmalar verir. Burada olaya reaksiya baxımından ən uzaq qütblərdə duran iki pozisiya xanımla rəssamınkıdır. Sanki onlar müxtəlif hadisələrin şahididir. Ərinin aqoniyasından ürəyi sökülən qadın və  fikirləri ilə burdan  yüz millərlə uzaqda olan rəssam. Mətbuat işçisi və həkim  xidməti borclarını ödəyirlər. Birinci yalnız hadisəni işıqlandırmaq üçün buradadır, hadisəyə heç bir emosional bağlantısı yoxdur.  Həkim  usə xəstəsinin sağalmasını arzuladığı üçün bu onu xanımın emosional durumuna yaxınlaşdırmasa da dilək sarıdan birləşdirir.

Bu da sizə reallıq. Əgər o bizim onu qəbul etdiyimiz tərzdə və rəngdəsə, adının dəyişilməsinə ehtiyac var o halda. Pirsin  “faneron”u  daha kontekstə uyğun səslənir. Reallıq – hamıya eyni təsir gücü ilə sirayət edə biləcək, hamıda eyni görüntü yaradıb, eyni hisslər çağıracaq bir şey. Məs.müharibə reallıqdır. Hamını güldürən, ağladan, incidən başqa bir nəsə - reallıqdır eynilə. Adi trivial həyat lövhələrisə - yox, deyil.