Vaxt qaçır. Dəqiqələr arasında sezilməyəcək intervallar var – boşluq kimi. Nə ediriksə, həmən o boşluq-intervallarda edirik. Zamanın növbəti dəqiqə üçün nəfəsini dərdiyi məqamda görülür bütün işlər – xeyir də, şər də.
Əgər insanlar sizi istədikləri kimi görmək arzusundadırlarsa o zaman özünüzü bir də kəşf edin.
***
Əti dovşana, otu qurda ötürən dünya.
***
Çatışmayan cəhətlərini üstünlük kimi qəbul elətdirə bilən insanlara rəğbətim var. Nöqsanlarının sanki divardakı kölgəsini görürsən, hansı ki, tam bir mükəmməllik yaradır (karagöz teatrı kimi).
***
Ən böyük xoşbəxtlik aza qane olmaqdır – azda çoxu tapmaq. Çoxla yetinmək olmur. Az özündə çoxu da saxlayır, çoxsa heç o azı da saxlamır.
Torpaq yeganə
yorğandır ki, ölçüləri hamıya tən gəlir. Heç görübsünüzmü kiminsə kürəyi açıla
ya sinəsi?
***
Sarğı yaraya
yox, ağrıya vurulmalıdır. Yara yerindədir, ağrısa balalayıb törəyir, artıb
çoxalır.
***
Bəzən təsir
altına düşmək ümidvericidir, daş altına düşməkdən xilas edir. Bir nüans var: təsir
daş qədər ağır olmaya..
***
Sırf ateistlərin
hamısını düşünüb-daşınan gördüm. Düşündülər və .. daşındılar.
***
Yaxşı ki, bir gün gələn bir gün də gedir. Qalan birgün olur.
Ruh narahat ki, şer yazılır. Ruh narahat ki, rəsm yaranır, musiqi bəstələnir, qəlblərə yol tapılır. Ruh rahatsa, onu piy basıbsa, heç vecinə də olmur sən ilham pərisiylə hansı münasibətdə bulunursan.
Tapdıqlarını
vaxtında itirmək də talant tələb edir.
***
Tarixi arada silmək lazımdır., bir ən köhnəsini,
bir də ən yenisini.
Yenisi mane olur, köhnəsi də elə yeninin özüdür,
sadəcə unudulmuş variantı.
Birinin diksintilərinə diksinmək yaşantılarına qonaq olmaqdan başlar. Əgər o qonaqlıqda sizi heç nə doyurmursa, davam edin. Siz elə buranın acıymışsız.
Həyatına gələnlərçün sevinmə, gedənlərçün sevin. Onların artıq səhv etmək şansı yox.
***
Məni bu həyata bağlayan adam! Sənə ayrıca təşəkkür düşür., öz adımdan yox..
***
Hər şeydən usanılır. Yaxşıdan usananda qudurğan deyirlər insana, pisdən usananda – dəli.
***
Bu günün işini qoymağa sabahın varsa, səninki gətirib san. Pis odur ki, sabahların qurtara..
***
bəzən bir jest bir kitablıq sözün yerini verər.. həyatın boyu o jesti gözlərsən, evin də dolu kitab olar.
***
Bəlkə həyatı bizə birovuz
verdiklərindəndir dünya borca-borc dünyası sayılır.... ? Gəliri-çıxarı “mən sənə,
sən mənə”ylə hesablanır.
***
Kədərinizi heç kəslə bölüşməyə tələsməyin. Sevinc bölüşdükcə çoxalar, kədər azalar çünki. Azalmasının arzuolunmaz nəticələri ola bilər. Yer səthi, üstündə gəzdiyiniz Yer səthi (düşüncəsiz, məntiqsiz relyef!) sizi məhz çiyinlərinizdəki ağırlığın ona təsir qüvvəsi ilə tanıyır. Siz yüngülləşə-yüngülləşə Yerlə aranızda yaranmış tanınma azalacaq. Siz quş lələyi kimi olarsanız tanınma tamamilə itə bilər. Yer, sizin onun səthində tutduğunuz oyuğu boş sanıb, vakant yerə başqa birini sahib çağırar. Ardını özünüz bilirsiz.
***
Ruhun azadlığı
verilməyib, dövrələnmiş çərçivədə seçim azadlığı verilib, bu da Adəmin önünə
Həvvanı gətirib “hansı birini istərsən seç” anekdotundakı azadlıq hüququna
bənzəyir hardasa.
"Salam" da polifonikmiş. Hər ağızdan bir cür səslənir.
***
Dostlar müxtəlif olur: sözün qurtaranda yox olan dostlar, sözün qurtarmamışdan yox olan dostlar və sözünün ardını gətirən dostlar. Sonuncu soyuq-sazaq dostlarıdır.
***
2-dən sonra hər zaman 3 gəlməz, 1 də gələr. Baxır hansı tərəfdən sayırsan.
***
Biri hava istəyir. Ona su təklif edirlər..
***
Səki qurtaranda küçə başlayır. Küçə qurtaranda səki. Əvvəlcə “düşürsən”, sonra “çıxırsan”. Vəssalam. Həyat elə küçəni keçməkdən ibarətdir.
***
Dərinlər buraxmaz ki, səni. Ordan üzə çıxmaqçun batmağın lazım..
***
Qışda
çalışıb geniş mövzular haqda düşünəsən ki, soyuqdan fikirlər sıxılıb yığılanda
beynində nəsə də qalsın.
***
Sən dünyanı fəth edə bilərsən, sonunda onsuz da məğlub kimi gedəcəksən, çünki ölümə uduzacaqsan.
Əgər heç nəyə müqavimət göstərə bilmirsizsə sınmayın. Külək ki var həmişə..
***
Əvvəllər insanları tanımağa çalışırdım, indi tanımamağa.
***
Dünyaya yalnız yüzlərdən, minlərdən, milyonlardan biri olduğumuzu qəbul etməkçün gətirildik. Üsyankar – bunun belə olmadığını dərk edən, xoşbəxt – dərk edib hamıya bildirən, şəxsiyyət – hamıya bildirib, hamını buna inandırandı.
***
Keçmiş sizi unudubsa siz də xatırlamayın onu.
***
Axırsansa
axınla axma. Ona qarşı da yox, onun üstüylə ax, orda istiqamət yoxdur, hər tərəf
sənindir və hər tərəf fəlsəfədir.
***
Dəyərlər piştaxtada. Hər şeyin tək yeganə qiyməti – ucuz. Ciblərdəsə o “ucuz” da yoxdu. Ya da alıb ucuza bulaşmaq istəmirlər..
Ən gözəl fəlsəfə susmaqdır. Əslində ondan da gözəli var – anlamamaq.
Hər su öz nohurunu tapmır, tapa bilmir. Olur ki, yad çalada nohurlaşır, özgə damcılar arasında..
Günəşin altda
bir çətin iş – düşünmək, bir də onun tam
əksi – düşünməmək var. Qütbləşmədən qaçmaq insanın təməl qoruma instinktlərindəndir.
Ona görə çoxu yarımçıq düşünməni seçir və bu gün ətrafımızda gördüklərimiz
yarımçıq düşünənlərin beyin məhsuludur.
Qalib gəlmək məğlub olmamaq demək deyil hələ. Ola bilsin qazandığınız Pirr qələbəsinin özüdür.
***
Barışmaq qəbul etmək deməkdir. Qəbul etmək – inanmaq. İnanmaq – barışmamaq. Bunca sadə və dolaşıq.
Nəhəng sonsuzluğu ona toxunmadan duya biləcək qədər müdrik olmaq.
Məğlubiyyətlərini
özünçün bayrama çevirməkdir böyüklük.
***
Çox şeydən agah
olduğunu düşündüyü andan rəsmən ölməyə başlayır insan.
***
Sınan
sındıranın həmişə özüdür.