ŞƏHLA NİHAN


(iri həcmli hekayə)


Mən hər şeyə və hamıya yuxarıdan baxıram. Bəxtim gətirib. Mən müşahidəçiyəm. Hamı da mənə baxır. Əllərindəki ən vacib işlərini belə saxlayıb gözucu mənə baxacaqlar. Çünki lazımam mən. Çox şeyi müəyyənləşdirirəm, çoxunu yoluna qoyuram, bir şox şeyləri mənə görə çıx-daş edirlər, prokrastinasiya da həmişə mənə görə olur –sabaha saxlayırlar, o birisi günə, sonra da büsbütün unudurlar gedir. Əlahiddə rol oynayıram hamının həyatında.

Yerləşməm – başlar üstündə. Tək bacardığım – qaçmaq. Gecə-gündüzüm yox, nahar fasiləm yox, bezəndə intihar ixtiyarım belə  yox. Agırdır mənimçün... Qardaşım da var, balaca. Zəhləm gedir ondan. Sürünməkdən başqa heç nə bilmir..

***

Kürən ona çəpəki nəzər salıb

- Dalğalanan dəniz deyil ki... gözlərdir dalğalanır. Siz  baxış bucağınızı dəyişsəydiz...

Marta ağappaq şümal barmaqlarını sinəsinə düşmüş saç buruqlarına salıb burmağa başladı.

- Siz sərgiyə gələnlərin hər birinə yazılı məlumat verə bilməzsiz ki, baxış bucağını dəyişsinlər. Sizə kənardan baxan bir tamaşaçı kimi deyirəm, ad uğurlu seçilməyib, uyğunsuzluq var.

Onu özündən çıxarmağı qarşısına məqsəd qoymuş qız gözlərini şəkildən çəkmirdi.

- Bu nə qəribə cizgilərdi qoymusuz?

- Dəniz qabarmasına işarədir. “Hər şey bəlli bir həddi keçəndən sonra öz əleyhinə çevrilir”. Su – həyatdır, ifrat dərəcədə - hər şeyi alır altına, həyatı məhv edir. Sizin böyük inadla görmək istəmədiyiniz dalğalar sahilə meydan oxuyur bu rəsmdə. Onlar hələ potensialdadır. Üzə çıxmayıb. Potensial təhlükəni görəsi göz lazımdır ki, baş verəcək pislikləri sovuşdura biləsən.

***

Elə bu dəm telefon zəngi eşidildi. Sarışın tənbəl-tənbəl qalxıb holla keçdi. Fürsətdən istifadə edən Kürən zəhərli baxışlarını qızın üzünə dikdi:

- Əgər sizi sərhədləri aşmaq çəkirsə, gecəni sevməyə bilməzsiz.

- Əgər o gecənin içində siz olacaqsızsa...

Ona qəti fikir vermədən davam etdi:

- Sərhədləri aşmaq çəkirsə, Aylı gecə gəzintisini danışıqsız qəbul etməlisiz..., elə məni də...

Martanın gözləri böyüdü.

- Diqqətini belə özünçün təhqir saydığın insanlar var. Onlardan biri indi qarşımda..

Bu dəfə Kürən bayaq Martanın etdiyi jesti eynilə təkrarladı. Başını geri atıb şaqqanaq çəkdi. Marta ikrahla onu süzüb zəhərləmək şansını əldən buraxmaq istəmədi.

- Balıqsız yerdə xərçəng balıqdır. Ey dostkən düşmən, hər dəfə bura gələndə ümid edirəm, qarşımda o zəhərdişli tündməcaz adamın yerinə tam başqasını görəcəm.

Müsahibi vecsiz halda zəhəri udub acı-acı onun üzünə baxdı.

- Kürən hər gecə yerinə girəndə özünə bilirsizmi nə deyir?  “Sabah yeni gün olacaq, sıfırdan başlayacaqsan”.  Bu sözləri uc-uca calasaydılar, elə uzun şərid alınardı ki, onunla Yer kürəsini iki dəfə qaytanlamaq olardı. Sabahlar yeniliksiz doğulduğundandır ki, mənim arzum içimdə basdırılır. Mənfur sabahlar!...

Onun simasındakı vəhşi ifadəni görən qız özünü itirdi.

***

Barmaqlarını saçının altına keçirib onları dik yuxarı qaldırdı və bağırdı:

Suckz!  (5) Məni bu günə kim salıb? Kim salıbsa o cavab verəcək! Hanı mənim irokezim? Bu nə axmaq kürən saqqaldır?! Mən həmişə espanyolka saxlamışam. Pirsinqlərim hanı? Bu nədir? Mən özümü tanıya bilmirəm!!

Guruldayan monoloqu Sarışının amiranə səsi kəsdi:

- Sakit ol, İrokez. Biz də səni tanıya bilmirik. Heç vaxt da tanıya bilməmişik. Nə səni, nə onu. İstəyəndə gəlirsiz, istəyəndə gedirsiz. Sizlərin heç birini heç vaxt tanıya bilməmişik. – sonuncu sözləri rişxəndlə dedi.

Marta tam şaşqın vəziyyətdə durub əllərini ova-ova gah Sarışına, gah İrokezə baxırdı. Bu iki gəncin baxışları arasında göydə oynayan nifrət qığılcımları az qala ətrafdakı hər şeyi yandıracaqdı. Bu vaxt İrokez pillələri iki bir, üç bir enib bayaq hollun döşəməsinə vızıldatdığı cins şalvarı qapdı. Heç nə demədən yuxarı cumub qapını ardınca çırpdı. Qapının çırpılması ilə vəhşətli musiqi də kəsildi. Bayaqki gurultu ilə uyuşmayan qəribə sakitlik çökdü. Fırtınaqabağı sakitliyə bənzəyirdi. Hər halda hollda yanaşı durub dinməzcə yuxarı baxan o iki nəfər belə düşünürdü.

***

Martadan rom qədəhini qəbul edən Sarışın sual dolu nəzərlərini onun üzünə dikdi.

- Sən hisslərlə dil tapa bilmirsən heç cür. Onlara münasibətin kökündən səhvdir. Sən onları dəyişməz bilirsən. Yanlış yanaşmadır. Bir dəfə anla, hisslər konstant deyil, sabit əmsallar deyi, fakt da deyil. Onlar dəyişkəndi. Sən bunu başa düşmürsən, ona görə tablolarında həyat yoxdur. Sən alovun kölgəsini çəkirsən, özünü yox. Alovu verməkdə acizsən., çünki alov duyğudur, dinamikadadır, sənsə susqunluq, ətalət, süstlük axtarırsan. Günəşə də arxadan baxırsan, şəfəqlərini görmürsən.

Ayağa qalxıb əllərini dar cins şalvarının ciblərinə dürtdü. Az qala bağıra-bağıra əlavə etdi. Sanki sakit desəydi anlaşılmayacaqdı dedikləri.

- Sənin rəsmlərində həyat yoxdur, ehtiras yoxdur, ruh yoxdur! Ölüdür çəkdiklərin! Dənizlər dalğalanmır, quşlar oxumur, güllər açmır, insanlar nəfəs almır. Sən leş və məzarlıq çəkirsən, həyat yox! – və dediklərini birnəfəsə belə yekunlaşdırdı – Sənin çəkdiklərin bir impotentin özünü aldatmasıdır. Rənglərinin erektil gücü və funksiyası çoxdan sönüb, heç kəsi çağırmır onlar, heç kəsdə iştah oyatmır.  Ah, mən hələ təkrarları demirəm! Daim təkrarlarsan özünü, o bozluğu, o boşluğu!...

Sarışın onun üzərinə atılıb parçalamağa hazır idi, çünki dediklərində həqiqət vardı. 

***

Bir gün axşamüstü mənim yorğun-yorğun, asta-asta gecə saatlarına süründüyüm vaxt Sarışın qolunu rəfiqəsinin belinə dolayıb yüngül şam yeməyində içdikləri brendinin təsirini daha uzunömürlü etmək üçün bir-birinin qulağına nələrsə pıçıldayaraq pilləkənlə ikinci mərtəbəyə qalxırdılar. Sarışının otağının önündə ayaq saxladılar. Onun yanındakı Kürənin emalatxanası, sonrakı – ikinci yataq otağı idi. Emalatxananın qapısı azacıq aralı idi. Əhəmiyyət vermədilər, onların zənninə görə İrokez gecələr burda olmurdu. Əgər gecə yarıya qədər hardasa veyllənmirdisə, deməli öz yataq otağında uyuyurdu. Məhəccərə söykənib durdular. Sarışın qızın gur saçlarını yuxarı qaldırıb, gözəl çöhrəsinə, incə boynuna tamaşa edirdi. Martanın dərisi o qədər zərif idi ki...  barmaqlarını dodaqlarının konturunda gəzdirdi. Hollda, şam işığında nə qədər sakit, hüzurlu görünürdüsə, indi bir o qədər həyəcanlı dəydi gözünə. Nəsə narahat edirdi onu sanki, sözlü adama oxşayırdı.

- Gəl başqa bir ev kirayələyək, çıxaq burdan. Birgə yaşayarıq, ikimiz. Mən bu dəli ilə bir yerdə qalmaq istəmirəm.

Sarışın fikirli-fikirli Martanı özündən uzaqlaşdırdı. Marta – yox – dedi, qollarını onun boynuna dolayıb gözlərinin içinə baxdı.

- Niyə dinmirsən? Mən ondan qorxuram, başa düşürsən?

***

Günlər ötürdü.  Sarışın həm qız üçün, həm də İrokez üçün darıxırdı. Bir tendensiya hiss etmişdi və onu yoxlamaq üçün müəyyən addımlar atmağa qərar vermişdi. Ona elə gəlirdi ki, İrokez məhz Martanın burda qaldığı günlərdə peyda olur. Marta yoxsa, İrokez də yoxdur. Ona görə belə bir fənd işlətdi günlərin bir günü.  Kürənin ikinci mərtəbədə olduğundan və onu eşidəcəyindən əmin olduqdan sonra öz otağının qapısını açdı. Martanın nömrəsini yığıb, uca səslə danışmağa başladı. Qızı geri çağırır, darıxdığını deyirdi. Nəhayət, Marta gələcəyinə söz verdi.

- Nə vaxt? Sabahmı? Ou, nə gözəl!.. Səhər gəl, yaxşı? Oldu, gözləyəcəyəm.

Yanaşı otağın qaranlığında kiminsə dodaqları qaçdı, yüngülləşmiş kimi dərindən köks ötürdü və pıçıldadı: “Sahillər acdı...”

***

Heyranlıqla yarımçıq tabloları izləyirdi ki, qəfildən eşitdiyi boğuq səs onu çaşdırdı.

- Bura gəl.

Durduğu yerdən qımıldanmadıqda boğuq səs bir də eşidildi:

- Yaxınlaş.

Qulaqlarına inana bilmirdi. Onu çağırırdı. Sanki buradakı o boğuq toran sükunəti pozmamaqçun pişik kimi səssizcə otağın sahibinə yaxınlaşıb arxasında dayandı.

- Yaxın gəl..., mənə yaxın.

Marta onun yanında durdu.

- Bir az daha.

Qorxa-qorxa üzərinə əyildi. Qəfildən nəsə hərəkət olsa cəld reaksiya göstərib aralanmaqçun  sağ ayağını bir qədər geriyə qoydu. İrokez stolüstü lampanı yandırıb qızın üzünü işıqlandırdı. Bu vaxt beynindən nə fikirlər keçirdiyi bəlli deyildi, amma Marta qaranlıq və ikilikdəliyin ona bəxş etdiyi fürsətdən yararlanaraq diqqətlə onu nəzərdən keçirtdi, hər cizgisini..., bir daha unutmamaq üçün sanki.. “İlahi, necə yaraşıqlıymış.... heç fərqində olmamışam...” İtələyici, soyuq bir cazibə vardı bu kül rəngli çöhrədə. Həm çəkir, həm də uzaqlaşdırırdı. Marta bu dilsiz danışan baxışlar altında əzildiyini hiss etdi, dikəlib üzünü qaranlığın rübəndində gizlədi.

Boğuq səs davam etdi:

- Mən tanıram səni. Sən inkvizitor kibritindən yox, çılğın nəvazişdən alovlananlardansan.

Qonaq nəbzini dabanlarında hiss edirdi.

- Mən səni tanıram, heç kəs yox.

***

Bir neçə gündən sonra Sarışın özü xüsusi tapşırıqla Martanı İrokezin emalatxanasına göndərdi. Onu Kürənin yüksək qiymət qoyduğu və alıcılar tərəfindən xüsusi bəyənilən beş-altı tablo maraqlandırırdı. Qız onların yerini öyrənməliydi. O otağın sahibi gedəndə qapını kilidlər, içəridə olduğu vaxtsa ora kimsəni dəvət etməzdi. Lap əvvəllər Sarışına nəsib olmuşdu bir–iki dəfə orada olmaq, son vaxtlarsa buranın qapısı onun üzünə bağlı idi.

 

Marta qapını döymədən rahatca açıb içəri daxil oldu. O dəfəki kimi divara söykənib kirimişcə durdu. Axşam saatları olmasına baxmayaraq indi otaq keçən səfər kimi qaranlıq deyildi. İşıq yanırdı və İrokez nəyləsə məşğul idi. Qonağı görən kimi işlədiyi heykəlin üzərinə örtük çəkdi.

- Niyə gəldin?

- İstədim.

Acı-acı onu süzdü.

- Məndə səni cəlb edən nə?

- Səndə dərinlik var.

- Sarışında yoxdu ... !....?

Dinmir.

- Dənizdə batsaydın qorxardın?

- Kim qorxmazdı ki?

- Nədən bəs? Səni ki, dərinlik çəkir.

- ...

- Get burdan.

- Getmirəm.

- Deməli, batmaqdan qorxmursan..

- Qorxmuram.

- Hm...

- O dəfə də qovladın məni. Gedərəm, qalaram – öz işimdi.

***

- Orda nələr baş verir? – nazik səs soruşdu.

- Nələrsə baş verir... – qalın səs cavab verdi.

- Gedib baxmaq lazımdır. – nazik səs dedi.

- Sən yat, özüm baxaram. Nə olursa bizə aidiyyatı yoxdur hər halda. – yataqdan durub qapıya yaxınlaşdı.

- Dayan! Məni də gözlə. Birlikdə gedək.

- Yat dedim sənə! – yavaşca qapını aralamaq istədi. Sonra fikrindən daşındı. – divara söykənib dodaqaltı mızıldandı. – Bu gün deyəsən, nələrsə həll olunacaq.  Bu gün son ola bilər. Biz ona mane olmamalıyıq. Nə edir özünə etsin, evə xətər toxundurmasın.

- Sarışın!...

Qayıdıb yerində uzandı.

- İnan, bizim qarışacağımız məsələ deyil. Özü bilər..... özləri bilərlər... Biz öz müdaxiləmizlə işləri tam korlaya bilərik.

Qapı arxasından gələn tükürpədici səslərsə səngimək bilmirdi. Söyüş, bağırtı, ora-bura atılan, divara çırpılan, sındırılan əşya səsləri..

Sarışının üzündə iblis təbəssümü dolaşırdı. “Bu gün bitməlidir.., nəhayət ki..”

Və bitdi. Anidən başladığı kimi anidən də bitdi. Qulaqbatırıcı səssizlik çökdü yenə. Ayaqlarını sürüyə-sürüyə emalatxanadan çıxıb Kürənin yataq otağına keçən və yol boyu yerdə özündən sonra qanlı cığır buraxan qaraltını nə görən oldu, nə eşidən. Qaraltı ağır-ağır çarpayıya çökdü, dirsəklərini dizlərinə dayayıb, başını ovucları arasına aldı. Bir ateist əsgərin döyüş qabağı oxuduğu duanı “döyüşdən” sonra pıçıltı ilə oxumağa başladı: “Tanrım (əgər varsansa!), ruhumu xilas et (əgər ruhum varsa!).  

***

Martanın üzüdönüklüyü yox, məhz bu təzə yarananın İrokezlə Kürənin simbiozu olduğunu yəqin etməsi Sarışını çox sarsıtdı. Kürəyinin qovuşduğunu hiss etdi.  “Onlar”  birləşmişdilər..., onun ən çox qorxduğu şey baş vermişdi. Və Marta  “onlar”a aid idi.

- Biz gedirik. – İro/Kür (ya Kür/İro) pillələri enə-enə saymazyana dilləndi.

- Bir iş var.... bir yer var, ora getməliyik. – Marta onun sərtliyini yumşaltmaq üçünmü ya özlərini təmizə çıxartmaq üçünmü mızıldandı. Amma Sarışını dost xəyanəti o qədər də narahat etmirdi deyəsən.

Onun yanından ötüb keçdilər. Sarışın dönüb arxalarınca baxdı. Onları bir yerdə görmək hardasa qəribə gəlirdi ona. Heç vaxt yola getməzdilər....  Bir müddət dayandığı yerdə qaldı. Sonra sürətlə ikinci qata qalxdı. İrokezin yataq və iş otaqlarının qapısını itələdi. Hər ikisi açıq idi. Adətən bağlı saxlardı qapıları. Sarışını artıq heç nə heyrətləndirmirdi.

***

Mən eşitdim, gördüm, bildim. Mən heç eşitməsəydim, görməsəydim də biləcəkdim. Mənimçün yeni heç bir şey yoxdur çünki. Mən – eyni yolu milyonlarca dəfə qət edən, milyonlarca dəfə təkrarlar görən,  “yeni”, “təzə”, “analoqsuz”, “presedentsiz” anlayışlarına gülən, köhnələri hafizələrdən silib gözlərə yeni kimi qəbul elətdirən ............