ŞƏHLA NİHAN

Siçanlı şorba və ya Hantinqton xoreyası

16 Noyabr, 2016
488
homeopatiya xəyanət satqınlıq rəfiqə inikas


Dirçəliş.

Xəyanət, satqınlıq.

Homeopatiyanın fəlsəfəsi.

Hekayənin ikinci qəhrəmanı - Sollinin rəfiqəsi - ömrü boyu kiminsə himayəsində  (əvvəl anasının, sonra atalığın, daha sonra nişanlısının) xumarlanan biridir. Siçan insan ocağında qayğısız yaşadığı kimi qəhrəmanımız da kiminsə kölgəsi altda şad-xürrəm yaşayır, heç nəyin fikrini çəkmir.  Amma həyat elə gətirir ki, o, hamilərini itirəsi olur və... onlarla birgə oriyentasiyasını da itirir. Küskünləşir, depressiyaya qapılır, irəliləməkçün özündə güç, iradə tapa bilmir. Və onun qorxaq, acız xisləti həyatında siçan formasında reallaşır.  Mentallıqdan patternin  fiziksəlliyə yansıtması baş verir.

Zəifləri sevməyən həyat onu yırtıcının cəhənginə atır.  Solli vəhşi idi. Məqsədinə çatmaq üçün hər vasitəni sınaqdan keçirən, dişi-dırnağı ilə istədiyini qoparan, şikarına aman verməyən bir vəhşi.  Ona qüvvə verən haqlı olduğuna inam idi. Əməllərini ədalətin bərpası kimi qiymətləndirir, qətiyyən vicdan əzabı çəkmir, əslində onun olan, ama məhrum edildiyi hər bir şeyi özünə qaytarmaqda heç bir qəbahət görmürdü. O, lazımi anda  lazımi situasiyadan istifadə etməyi bacarırdı. Bir xüsusiyyəti daha vardı - borclu qalmağı sevməzdi, nəinki iş ortağına, hətta işinə yarayan heyvancığaza da..