Qoca Morxult qarşısındakı gümüş piyalədən şərab qurtuldadıb, dəstəyi dəniz ayğırı formasında olan zərrəbinlə əlindəki qara topaz daşlı üzüyü nəzərdən keçirirdi. Üzüyün illərlə torpaq altda qalması onu sanki daha da qiymətli etmişdi. Çevirib daşın alt tərəfinə də nəzər saldı. Əvvəlki sahibinin öz əli ilə daşın arxasına həkk etdiyi qələbəni bildirən simvol (S - Sowulo) yerində idi.
Üzüyü
oğurlamışdı. Vəzninə görə yox, məhz bu simvola görə. Simvollar xüsusi yazılar
idi ki, müxtəlif əşyalara döyülərək onları runaya çevirirdi. Onlar daş, ağac, dəri
üzərində çəkilir, bəzənsə insan ya hər hansı bir heyvan bədəninə döyülürdü. Runik simvollar haqda məlumat Uzaq Şimal ölkəsindən
gəlmə məxfi biliklər sırasındaydı. Runalar
müəyyən ardıcıllıqla düzüləndə istənilən prosesin işə salınmasına xidmət
edirdi. Məqsəd əmrləri yerinə yetirməyə
müntəzir “işçi komanda”nın formalaşdırılması və onun köməyilə hər cür niyyətin
həyata keçirilməsiydi.
O biri simvolları əldə etmək üçün onların həkk olunduğu əşyalar tapılmalı idi, hansıların ki, dəqiq yeri məlum deyildi, səpələnmişdilər yer üzünə. Cadugərin işi heç də asan sayılmazdı. Əvvəl runaların yeri müəyyənləşdirilməli, olduqları coğrafi ərazidən ayrılması üçün ən münasib vaxt tapılmalı, hansı vasitə ilə gətiriləcəyi düşünülməli (özü onların ardınca yollana bilməzdi, by onun səlahiyyətində deyildi), onlarin yeni mühitə adaptasiyası aparılmalı və nahayət, runaların gücü niyyətə uyğun şəkildə tətbiq olunmalıydı. Səhvə yol vermək olmazdı. İstənilən səhv və uğursuzluq onunçun pis qurtara bilədi. Məqsəd - qarşısında hamının baş əyəcəyi qüdrət sahibi olmaq idi, sərhədsiz hakimiyyət.
Runaları əldə
etdikdən sonra insan metakodunu sındıra biləcək, əsrlər boyu “məxfi” qrifi
altında saxlanılan bir sıra şifrəli mətn və cədvəllər ixtiyarında olacaqdı.
Dünyanın sirrləri, kosmoqoniyaya aid biliklər qeyd olunmuş daş kitabələri
tapmaq mümkün olacaq, ölməzlik iksiri düzəldəcəkdi.
***
Qəribə iş
texnikası vardı. Rəsmi fikirləri ilə çəkərdi, gözləri ilə. Uzun-uzadı tabloya
baxıb nə haqdasa fikirləşər, nəhayət fikri kətan üzərində materiallaşar, rəsm
üzə çıxardı. Meşəni, ağac və quşları, çayı bu yolla yaratmışdı. Amma çəkdikləri
kölgə kimi idi, bulanıq, tutqun. Onları cana gətirmək üçün bir vasitə tapmalıydı. Və tapdı..
“Hər bədənin ruhu qanındadır” (Əhdi-Ətiq. Levit, fəsil 17).
Homerin
Odisseyi də yeraltı səltənətin kölgələrinə qan verib onlara nitq və şüur
qaytarmışdı.
Bir gün barmağını
çərtib qanından damızdırdı şəklin üzərinə. Şəkil canlandı, meşə zümrüd yaşılına
boyandı. İndi ağaclar nəfəs alır, quşlar oxuyur, güllər ətir saçır, çay axırdı.
Yarpaq döşənili torpağa əl toxundurduqda onun nəmliyi hiss olunurdu. Artıq boz komasında özünü tənha,
atılmış hiss etmirdi.
Burda o bütün
arzularını cəmləmişdi. Yaşamaq istədiyi həyatı, əmin-amanlığı, daxili rahatlıq
və könül xoşluğunu köçürmüşdü kətan üzərinə. Kasıb komasında yeganə dəyərli şey
bu tablo idi. Gün belə boylanmayan iki yöndəmsiz pəncərənin arasındakı divardan
asılmış şəkildə əsrarəngiz təbiət mənzərəsi göz oxşayırdı. Meşənin içi ilə axıb
daşları yalayan çayın səsi də eşidilirdi. İri, qollu-budaqlı ağaclar,
budaqlarda məskunlaşmış quşlar qocanı o sirli aləmə çağırırdı. Və nəhayət,
idilliyanı tamamlayan, sahilin yaş daşları üzərində oturub bir ayağını suya
sallamış yeniyetmə oğlan. Şəkil onunçun tam başqa aləmə açılan pəncərə, ruhunun
dincəldiyi cənnət guşəsi idi.
Onun
tablosunun daha bir qəribə cəhəti – rənglərin dəyişməsi idi. İstədiyi vaxt xəyal
gücü ilə gecə qondurar meşəyə, günortanı yox edərdi. Ya fəsillərlə oynardı -
payızı çağırar, ağacların bəzəyi yaşıl yarpaqlar xəzəl olub tökülərdi, qar
yağdırardı, sonra yenə ağacların libasını qaytarardı.
Bu şəkil idi
onun əsl dünyası. Yaşadığı həyat isə yuxu idi. Şəklə gömmək, qayğısız, məmnun
halda sahil daşlarının üstündə oturub ayağını çaya sallayan növcavanın yerində
olmaq istərdi. Gözlərini yumunca özünü orada, o bakirə təbiətin qoynunda,
pisliyin hələ ayaq açmadığı yerdə hiss edərdi...
***
Günlərin bir
günü külək qərbdən əsib özü ilə cırtdanlar vadisinin sirli-sehrli səslərini gətirəndə,
mandraqoranın (Pifaqorun adamotu bitkisi) bahar çiçəkləməsi bitəndə, nimfalar meşəni
dolaşıb qışdan çıxmayan heyvanların sümüklərini çürüntü qismində torpağa təhvil
verəndə Morxult əbası çiynində, köynəyinin
yaxası göbəyə qədər açıq, pırtlaşıq saçlarında saman çöpləri, tüklü sinəsində
üst-üstə asılmış zəncirlər, həmayil, dəmir pullar, zınqırov, qartal caynağı, əlində
əyri başlıqlı əsa evinin qarşısındakı
cığıra çıxdı. Əsanı möhkəmcə yerə çırpıb hayqırdı:
- Haydı,
Araxno! Məlakəni gətirməyə gedirsən! Qarlı dağlar aşacaqsan, dərin çaylar keçəcəksən,
qalın meşələr çıxacaq qarşına, uçurumlar kəsəcək yolunu, amma sən gedəcəksən!
Bataqlığı qurudacaq, itləri gəbərdəcək,
bayquşları susduracaqsan! Su atları səni sudan keçirəcək, salamandrlar
odun ağzından alacaq, yer cırtdanları mağaralarda bələdçiliyini edəcək, silflərlə havanı
yaracaqsan! Bir tək su pərilərindən qoru özünü.., o azğın qudurğan
varlıqlardan. Sonuncu kələyimi bağışlamayıblar mənə...
Baltazar səni
yol boyu təlimatlandıracaq, ona itaət borcundur.
Çapar atların gücü sənin olsun! Sən piyadəykən atlısan, get!
Get! Ay
üçüncü qapıya yaxınlaşanda qayıdarsan. Vaxtın məhdud, unutma!
Bu sözlərlə ən
mühüm siqil sayılan yanar pentaqramı familyarın boynuna keçirib əsası ilə ona gedəcəyi istiqaməti göstərdi.
Tristan və
Morxult başqa reallıqda, fərqli zaman/məkan kəsiyində düşmən idilər. O reallıqda Tristan irland pəzəvəngi Morxultu
öldürürsə də onun zəhərli nizəsi ilə yaralanır. Əlini dəlib keçmiş nizənin
yerində indi cadugərin böyük səbirsizliklə gözlədiyi simvol formalaşır - Kral Peymonun siqili. Cadugər qoca
odunçuda nadir rəssamlıq istedadının hardan doğduğunu çox gözəl anlayırdı.
***
Budur, güzgü ona rəssamın qızını göstərirdi. Tulpanın cizgiləri o qədər də aydın olmayan üzündən tamah, ehtiras, vurğunluq, həsrət qarışıq bir kölgə keçdi. Ürəyi, böyrəyi, ciyəri, dalağı olmayan bədəninin harasındasa ürkək gizilti qopdu. O gizilti bu vaxtadək isti insan hisslərinə biganə və yad, hətta onları yolverilməz əcaiblik sayan tulpanı duyğulanmaya bənzər halətə gətirdi. Üzünün yuxarısındakı gözlər olacaq hissəni əlləri ilə qapatdı. Gözlədi... Bədənində qopan gizilti səngimək bilmirdi. O hiss aşağıdan yuxarı cismini sararaq boyun adlandırıla biləcək hissəyə qədər gəlib çatdı. Baltazar içinin lap dərinliklərindən inilti və qışqırtı qarışıq çox acı və ağrılı səs çıxardıb parçanı güzgü səthinə çəkdi. Daha dura bilməyib dönüb sürətlə uzaqlaşdı oradan.
***
İlk əvvəl
familyar geri çağırılmalıydı. Araxno ilə o əlaqə saxlayır, nə etmək lazım
olduğunu deyir, sonra işin nəticəsini cadugərə çatdırırdı. Araxno sözsüz-şəkksiz
ona tabe idi. Düşündüyü kimi edəcək, Araxnoya telepatik siqnal göndərəcəkdi.
Morxult onu qızı gətirmək üçün yollamışdı və tapşırığı yarımçıq qoyub dönməsini
bağışlamayacaqdı. İzah tələb edəcək, eşidəcəyindən asılı olmadan familyarı məhv
edəcəkdi. Yarı yoldan qayıtmaq öz fitvasını imzalamaq deməkdi. Amma şəxsi iradədən,
məntiqi yanaşmadan, hadisələri analiz etmə qabiliyyətindən məhrum Araxno robot kimi həm də Baltazara tabe idi.
Yerdə çevrə
cızıb ortasında dayandı. Çevrə boyunca bir-birindən eyni məsafədə olmaqla beş nöqtəni
işarələyib onlara müxtəlif simvollar yazdı. Sonra boynundan asılan zəncirdən
pentaqrammı çıxarıb ovcunda tutdu. Bunun surəti tapşırığa göndərilərkən
familyara verilmişdi. Pentaqram itirilsəydi Araxno ilə əlaqə mümkün olmayacaqdı. Rituala
başladı. Ovsunları oxudu, pentaqram od tutub yanırdı. Familyarı çağırdı, qara
pişiyin fosforlu gözləri onun qənşərində peyda olunca “sən qayıtmalı və
susmalısan” komandasını onun idarə mərkəzinə yerləşdirdi.
Sonrakı məqsədi rəssamla əlaqə saxlayıb qızının yerini ona çatdırmaq idi. Bu da birinci kimi təhlükəli addım olmasına baxmayaraq tulpa artıq qərarını vermişdi.
***
Gəmidə onlar
arasında heç bir məhrəm hiss baş qaldırmır, çünki İzoldanın anasının qızının əri
olacaq adama – Marka içirtmək üçün verdiyi sehrli iksiri səhvən içən olmur.
Bellarmina (içində məhlul olan xüsusi qab) təsadüfən yerə düşüb parələnir, məhlul
dağılır.
Dənizdə baş
verən dəhşətli fırtına nəticəsində gəmi qəzaya uğrayır və sərnişinlərdən yalnız
iki nəfər xilas ola bilir – Tristanla İzolda.
Bu yuxu daim
izləyirdi Tristanı. O tez-tez dəniz kənarına gəlir, yuxusunun acısını dənizə təhvil
verib, burada rahatlıq tapırdı. Hər dəfə də üzünü dənizə tutub bir sual
sorurdu:
- Mən xilas
oldumsa, bəs onun başına nələr gəldi? Biz axı birlikdə idik... - Dəniz satqıncasına susurdu.
Rituala
başladı. Ovsunları oxudu, pentaqram od tutub yanırdı. Familyarı çağırdı, qara
pişiyin fosforlu gözləri onun qənşərində peyda olunca “sən qayıtmalı və
susmalısan” komandasını onun idarə mərkəzinə yerləşdirdi.
Sonrakı məqsədi
rəssamla əlaqə saxlayıb qızının yerini ona çatdırmaq idi. Bu da birinci kimi təhlükəli
addım olmasına baxmayaraq tulpa artıq qərarını vermişdi.
***
Olanları tədqiq
edib nəticə çıxarmaq, tədarük tökmək iqtidarında deyildi. O yalnız idarə olunan
mexanizm idi.
Qara pişik
qayıdırdı. Başı üzərində çaxan ildırım onu müşahidə edirdi. Pişiyin tükləri qabarıb
enir, qarşıdan əsən külək getməsinə mane olurdu. Bəzən başı ani olaraq insan
başı görkəminə düşür, üz cizgiləri aydınlaşıb yenidən qarışırdı. Boynundan
asılmış pentaqram kösöv parçası kimi dalayırdı onu.
Qara pişik
qayıdırdı. Əvvəl quyruğu yox oldu, sonra sol arxa ayağı, sağ ön ayağı.
Axsaya-axsaya gedirdi, iki ətrafı qalanda tullanmağa başladı. Hər şeyə rəğmən
getmək lazım idi. Heç nə hiss etməzdi zatən, nə ağrı, nə həzz, nə isti/soyuq.
Manqurt timsallı canlı. O biri ətraflarını da itirib bir baş, bir gövdə qalanda
qıvrılıb açılaraq sürünməyə başladı.
Qara pişik qayıdırdı.
Artıq gövdəsi də yox idi. Üz cizgiləri şaqqıldayan ildırım işığında durmadan dəyişib,
müxtəlif eybəcər məxluqların şəklini alırdı.
Kənardan
koma, əslində isə möhtəşəm tikili olan cadugər imarətinin qapısından diyirlənə-diyirlənə
bir qara tüklü baş daxil oldu işəri. Baş gillənib Morxultun ayaqları altına düşdü
və dişində tutduğu pentaqramı buraxdı. Uzun qırmızı dilini çıxarıb qızıl-gümüş
saplar, bahalı daş-qaşla işlənmiş nəfis əbayla heç cür uyuşmayan köhnə başmağın
yırtığından çölə çıxmış baş barmağı yaladı.
Bu barmaq məhz yalanmaq üçün açıq saxlanılırdı. Morxult əsasını qeyzlə yerə çırpdı, başın
konturları itməyə başladı, lap axırda uzun dil və göz oyuqları da itib qeyb
oldu. Beləliklə, familyarın varlığına xitam verildi. Bütün bunları diqqətlə izləyən
tulpa bir söz demədən ağasının qabağına düşdü.
***
Morxult ayini
davam etdirirdi. Otağı bulanıq işıq seli
bürümüşdü. Tulpanı meşədən çəkib bura gətirmişdi. Burada, otaqdaydı, artıq zərrəciklərə
parçalanmış, boşluğa qarışmaq üzrə idi.
Sahibi onu hissə-hissə, qat-qat, damla-damla xüsusi amansızlıqla yox edirdi.
Baltazar mərdliklə payına düşənə tablaşıb dözürdü. Birdən onun itməkdə olan
sonuncu hissəsi dəli çığırtı ilə haray qopardı. Otağı bürümüş astral cisimciklər
onun səsinə səs verdilər. Morxult ayaqlarında və boynunun ardında hiss etdiyi kəskin
ağrıdan dizləri üstə yerə çökdü. Özünü ələ alıb qaıxmaq, ritualı bitirmək istədi.
Qalxa bilmədi, taqətsizlikdən gözləri qaranlıq gətirir, başı fırlanırdı. Kəsilmiş
ağac kimi yerə sərildi. Ayin bitirilmədi, tulpanın qalıqları kosmosun qara
boşluqlarına göndərilmədi. Yarımçıq
qalmış magik rituallar isə ən gözlənilməz nəticələr doğura bilir.
Sahibin
acizliyini görən fantom salamat qalan hissələrini yığmağa başladı. Ölümdən
qurtulmuş hissəciklər sürətlə toparlaşıb
birləşdilər. Bir-birlərini çığırtı ilə tanıyırdılar. Onlar qovuşub formasız bir
kütlə əmələ gətirdilər. Bu kütlə ilə əvvəlki tulpanın heç bir oxşarlığı olmasa
da bu yenə o idi, o özü. Və o sahibinə qalib gəlmişdi. Bu, həyatının ən böyük
uğuru idi..
Tulpa cadugərin
yurdunu tərk etdi. Morxuldun səsi get-gedə zəifləyirdi. Nə qədər zəif və gücsüz
olsa da fikrini cəmləşdirməyi bacardı amma.
Azca keçmiş açıq qapıdan qara qarğa Daqon otağa şığıdı. Sahibinin
yanında yerə enib gəzişməyə başladı. Morxult onu belə dar məqamlar üçün
yaratmışdı və qarğa indi ona etibar edilən əmanəti geri qaytarmalı idi..
Quru yerdə
bardaş qurub oturmuşdu. Komanın küncündə qıvrılıb yatan ilanı sanki heç
görmürdü. Divar boyu qaçışan kərtənkələlər
də saatlarla bir qaydada oturub, nəfəs çəkməsə qurumuş kötükdən heç nə ilə fərqlənməyən
bu qocanı görməz kimi aparırdılar özlərini. Yastı-yapalaq gövdələri ilə divara
pərçimlənib yuxarı-aşağı şütüyürdülər. Yerdə, onun ətrafında bütün bu illər ərzində
yaşantisinı dolduran kədərlə qidalanan böcəklər eşələnirdi. Qidaları bol idi
deyə böcəklər şişib yumruq boyda olmuşdular. Onları tapdamaq təhlükəli idi, kədər
alardı dünyanı ağuşuna.
***
Heyranlıqla
seyr edirdi. Orda olmaq istəyirdi. Bu istək bütün varlığına hakim kəsilmiş,
ruhunu çulğamışdı. Dəli bir istək idi. Komanın küncündəki ilan ayılıb başını
qıvrınları üzərinə qaldırdı. Divar boyu hərəkət edən kərtənkələlər tələsik
qaçışıb dağılışdılar. Yerdə gəzişən yumruq böcəklər harasa yox oldular. İlan tənbəlcəsinə
sürünüb komanı tərk etdi. Hətta komanın rütubətini sorub canına hopduran yağış
qurdları, soxulcanlar da çəlikib getdilər. Qalan bir tək o oldu. Burada nələrinsə
baş verəcəyi gözlənilirdi. Təbiət hər zaman ən tezcə duyar təhlükəni.
Qəfil bir
qüvvə aşagıdan yuxarı varlığına dolaraq onu yerdən dəbərdib ayaq üstə qoydu.
Qolları bilaixtiyar yanlara doğru açıldı. Uçmaq istəyirdi, o qədər yüngülləşmişdi
ki... Ayaqlarının sanki yerdən aralandığını hiss etdi. Gözləri böyüyüb hədəqəsindən
çəxmaq dərəcəsinə gəldi, burun pərələri enləndi, qaşları gərilərək yuxarı
dartıldı. Ətrafları gözü önündə şişmanlaşdı, qarnı yekəldi, dərisi bütün bu
şişib dartılmaya davam gətirməyib cırıldı, parça-parça oldu, amma çölə tökülən
təəccübünə rəğmən daxili orqanlar və möhtəviyyat yox, ağımtil-qızılı zərrəciklər
oldu. Bütün cismi zərrəciklər selinə dönmüşdü. Kvarklara bölünüb ətrafa
səpələnmiş, bütün komanı özü ilə doldurmuşdu. Vaxtında buranı tərk etməyə macal
tapmamış insecta (həşəratlar) hansı harda haqlandısa, elə oradaca üstündən ütü
çəkilmiş kimi təsviri qaldı. Kokondan çıxmış kəpənək, qabığından sıyrılmiş
mahiyyət tək öz köksündən pırtlayıb azad oldu. Ən qəribəsi oydu ki, kədər yox
idi artıq, illərn yoldaşı, ən yaxın zəhlətökən sirdaşı tərk etmişdi onu. Onu
alın yazısı bilirdi, indi alnı olmadığından yazısı da pozulmuşdu. Tənhalıq da,
pərişanlıq, mübhəmlik də uzaq düşmüşdü ondan.
***
Oğlandan
gözünü çəkə bilmirdi, hipnoz olunmuş tək dayanıb ona baxırdı.
“Çox
axtardın, eləmi?.. axırda tapdın” – beyninə qəfil yerləşdirilən fikir.
- Nə? –
hövlnak geri sıçradı.
“Tapdın məni”.
- Aman allah
– deyib götürüldü. Çölə çıxıb dayandı, ətrafa göz gəzdirdi. Yaxınlıqdakı quyunu
görüb ona tərəf getdi. Zəncirdən asılmış vedrəni qaldırıb içdi, qalan suyu üzünə
çırpdı. Bir qədər özünə gəlib ağlı durulandan sonra yenidən evə üz tutdu. Gəlib
şəkil önündə durdu yenə.
- Sənmisən?
“Mənəm”.
- Oradasan?
“Buradayam”.
- Aman
allah... inana bilmirəm.. - əlləri ilə başını tutub pıçıldadı.
“Mənə diqqətlə
bax”.
Dərzi gözlərini
ovxalayıb diqqət kəsildi. Oğlanın göz bəbəkləri sağa-sola hərəkət edirdi. Şəkil
canlı idi, şübhə ola bilməzdi. Dostu ora köçmüşdü.
“İstəyirsən
başımın üstündəki budağın yarpaqlarını üfləyim?”
- İstəyirəm,
üflə.
Yarpaqlar
yellənməyə başladı.
- Ağlasığmaz!!
Sən ora necə düşdün axı? Bu necə baş verdi?
“Mən həmişə
bunu istəmişdim”.
- Bilirəm,
amma hər halda, ağlabatan şey deyil... Necə oldu ki, sən şəklə köçdün?
“Soruşma..”
Morxult rəssamı
tablodan çıxarmağın mümkünsüzlüyünü anlayıb şəkli divardan açdı, özü ilə
aparacaqdı. Onun yerinə mantiyasının altında gətirdiyi başqa bir şəkil
asdı. Bu, Klod Monenin lənətlənmiş “Su zanbaqları” əsərinin reproduksiyası idi.
Cadugər yarasanı orada buraxıb, gəldiyi kimi anidən yox oldu. Yarasa bir neçə dəfə
“zanbaqlar”ın ətrafında fırlanıb komanın alaqaranlığında əridi. Onun “getməsi”
ilə komanın od dilimlərinə bələnməsi bir oldu.
***
Anən tablodan sıyrılıb göyə yüksələn boz buxar topasından xəbəri olmadı. Buxar şimala doğru üz tutdu. Tristanın koması da odun qisməti imiş, qəfəsi də.. Arxasında çırtıltı ilə yanan ikinci hücrəsinin qalıqları, önündə tam bir məchulluq. Cadugər çəkilib getmək istəyəndə diqqətini yerdəki qan izləri cəlb etdi. İz şimala doğru uzanırdı. Boz çöllər həmin gün dünyanın ən ağır qarğışını dinlədi, tikan kolları kötüyündən qurudu.
Şimal bölgələrinin
birində, ağacların ağ xəz paltosunu demək olar heç soyunmadığı, sırsıraların
sazağı unutmaqçun ağlayıb göz yaşı tökməyə macal tapmamış yenidən buzladığı məkanda,
meşədə, uçuq-sökük daxmada qoca zahid dünyanın özü boyda kədərini bir-birindən
heç nəylə fərqlənməyən günlərinin qurşağına büküb yola salmaqla məşğul idi.
Günlər gedirdi, amma deyəsən yükünü elə kandardaca buraxıb gedirdi, çünki
azalmırdı dərd.. Ayağındakı dəhşətli xəncər yarası qocanı çox incidirdi. Ağrı
dözülməz olanda qoca buxara çevrilib
unudurdu hər şeyi.
***
~ kədərə
ithaf ~
Hamı üçün bir
qorxu, istehza, hədə doğulmuşdu. O müdhiş səs qulaqlara girir, beyni
dondururdu. Əllər işdən soyuyur, vicdan susur, ruh iflic olurdu. Bu, qurtula
bilməyənin harayı, daimi məhbusun həşiri idi. Kimi axtarırdı, nə arayırdı, bəlli
deyildi.
Gəzən Çığırtı
elə hey yol kənarındakı tənha məzara baş çəkir, meşədə gizlənən uca qəsrin
divarlarında tükürpədici əks-səda verir, gecələrsə.. gecələrsə Tristanın yanıb külə dönmüş komasının yerində
toz burulğanı qoparıb qorxunc səsiylə ulayırdı.
O getmək istəyirdi,
gedə bilmirdi...