ŞƏHLA NİHAN

O yol

15 Noyabr, 2016
482
yol ömür proses fani esse


(esse)

 

Uzun bir yoldur.  İlk baxdığında sonu görükməz kimi. Gedirik.

Sürprizlərlə doludur zatən. Xoş sürprizlərdən sevərsən yolu, bəd olanlardan.. yenə də sevərsən, zira başqa əlacın yox ki.. Yolnan qiyamamı  qalxacaqsan?

Gedə-gedə  Dovlatovanın sözlərını çözürük: Ən uzun yol heçyerə aparan yoldur .

Addım-addım, parça-parça yolu yaddaşımıza köçürürük.  Yol bundan tükənmir, biz tükənirik. Gedirik.

Yolun sürprizlərlə müsavi qəribəlikləri də var. Sevdik onları da. Persepsiyamızdakı heyrət oyuğunu boş qoymamaqçun.

Çoxdur yolun qərubəlikləri. Məsələn, ayaqlarımız altına sərilməsinə rəğmən həm də tirandır. Bir növ ayaqlanan tiran, tapdanan manipulyator. Yəni ilk baxışda “yol mənim, özüm bilərəm, hər şey öz əlimdə”  düşünərsən, amma bu yalnız ilk baxışda belədir.. Gedirik.

Hamı eyni yerə gedir, amma müxtəlif sürətlə. Kimi şütüyür, kimi sürünür. Kiminin topuqlarında  zəncir, kürəyində ağır yük,  kimisi əllərini yellədə-yellədə gedir. Bəzilərində xizək, az qismində skuter var, onlar yol əziyyətindən qurtulmuşlardır.  Onların yürüşü imitasiyadır sadəcə, əzabı - əzaba parodiya.

Bəzilərinin ayağının altında hündür platforma var., bəziləri yerdən gedir. Birincilər ikincilərə yuxarıdan baxmaq şansı qazanır və fürsət  yetincə yararlanır bu şansdan.

***

Gedirik. Burda çox şeyə icazə var və elə həmən qədərinə də icazə yoxdur.  Burda hava udmaq, yuxu görmək və nələrisə arzulamaq, plan cızmaq havayıdır. Sizin cızdıqlarınız özünüzdən savay kimsəni maraqlandırmaz, çünki yolun öz planları var, sizlə bağlı.

***

Gedirik. Getdiyimiz yerə tez çatmaq üçün gedirik və arzu edirik ki, kaş heç çatmayaydıq ora, nolardı.... Aramızda “hamı çatacaq, mən yox” düşünən sadəlövhlər də var. Yol hamının hər cür qələtini bağışlar. Gedirik.

***

Bu yolda bütün sözlər söylənilib, bütün fikirlər düşünülüb, bütün mahnılar bəstələnib, sevgilər yaşanıb, acılar udulub.  Ona görə nə desən, deyilmişlərin təkrarı olacaq ancaq,  sevilmiş sevgiləri bir də sevəcəksən, gözlərin də eynən onlar kimi parıldayıb qamaşacaq, yaşarıb dolacaq və donacaq.  Nələr edirsən et, çeynənilmişi bir kərə daha çeynəməyə məhkumsan. Bu yol  təkrarkar yoludur, ikinci adı Repertuar., və orda təzə bir şey oynanılmaz.  Amma biz inadkarlığımıza salıb, yeni söz, yeni fikir, yeni səs, sevda və zəhr naminə elə hey gedirik.