Mən haradayam? Bura haradır? Kim məni bura gətirib və atıb gedib? Mən kiməm? Həqiqət adlandırılan bu nəhayətsizliyə necə düşmüşəm? Niyə məndən heç nə soruşulmadı? Və sonda kimə şikayət etməliyəm?
(S.Kerkeqor)
Yazını oxuyan
talib təəccübünü gizlətmədi.
- Dar ağacı?
- Hə. Bura
münasibdi.
Həmişə onunla
razılaşmağa adət etmiş həmkarı bir söz söyləmədən yarızirzəmi otağa aparan pilləkənlə
aşağı endi. Bura pab idi. Adı “Dor
ağacı” olsa da “Dar ağacı” kimi tanınırdı.
Təsadüfənmi ya kimsə tərəfindən nazik bir budaq hərflərin yanına elə yerləşdirilmişdi
ki, sanki əvvəldən yazılış belə idi. Bu
çox şanslı çevrilmə olmuşdu. Əvvəllər
əksərən boş olan obyekt addəyişmədən sonra müştəri qıtlığından daha əziyyət
çəkmirdi demək olar. Dar ağacına can atanların sayı get-gedə artırdı. Axından istifadə edən rəhbərlik qiymətləri
azacıq qaldırsa da bu təsirsiz ötüşmüşdü. Bahasına da olsa asudə vaxtını dar
ağacında keçirmək istəyənlərin sayı azalmamışdı. Şüuraltısı ölümə köklənmiş şəhər
sakinlərini bu heç də nikbin olmayan ad əyləndirirdi görünür...
***
- Delyozun
“orqanlardan azad cisim” teorisini
yadına sal. Hər aktual cismin ehtiyatda olan potensial bacarıqlardan, latent
cizgilər, münasibətlər, effektlər məcmuyundan ibarət ikinci bir virtual varlığı
da var. O imkanlar mənbəyini aktivləşdirməkdən ötrü “orqanlardan azad
olmalısan”.
Talib də
siqaretinin tüstüsünü havaya buraxıb təkrar etdi:
- Orqanlardan
azad olmalıyıq.
Metr
damağındakını acı-acı sümürüb gözlərini dost statuslu tələbəsinə tutdu:
- Sən bilirsən
həyatda ən gözəl olan nədir?
Talib bir az
düşünüb
- Arzularına
qovuşmaq – dedi.
- Yox.
Qovuşum tapmış arzular ölüm toxumu səpir.
- Kamilliyə
çatmaq bəlkə?
- O da yox. O
gözəl olan bizi həyatda saxlayandır. Kamilliyə çatsan həyatda qalmagın nə mənası?
Bir də.. bu mümkün deyil. Ən uzaq hüdudlardan da üfüqlər görünür.
- Nədir bəs?
- Ən gözəl
olan – istədiyinə yetməmək. – elə bunu demişdi ki, gözü masanın üstündəki
çılpaq qadın şəklinə sataşdı. Karıxdığını gizlətməkçün boğazını arıtlayıb davam
etdi – çünki bunda bir cazibə var. – yenə gözü şəklə sataşdı, bilaixtiyar təkrar
etdi – dəli bir cazibə....Qalan hər nə var, boş şeydir... – sanki yuxudan
ayılmış kimi əlləri ilə alnını ovuşdurub tamamladı – cazibə gözəllik deməkdir,
o məşum qüvvə.
- ... - Talib də gözlərini şəklə zilləmişdi və müəllimini eşitmirmiş kimi görünürdü.
- Yaspers
deyib ki, subyekt öz dünyasını görmək istədiyi kimi qurur. Anlayırsanmı? –
siqaret qutusunu bir tərəfə atıb bu dəfə əli ilə masanı döyəcləməyə başladı. –
Anlayırsan?
- Əlbəttə.
Sözləri sanki
daha yaxşı çatdırmaq üçün hecalara ayıraraq davam etdi:
- Öz is-tə-di-yi ki-mi! Öz istəyinə uyğun! Beləcə də qurur həyatını..
Pis istəyir – pis qurur. Yaxşı istəyir – yaxşı qurur. – bu sözlərlə gözlərini tələbəsinə
dikdi. Ondan cavab gözlənildiyini görən müsahib:
- Deməli
qarson elə qarson olmaq istəmişdi?
Metr bu dəfə
ayağa sıçrayıb əli ilə həmsöhbətinin çiynini şappıldatdı.
- Əhsən! Əlbəttə istəmişdi! - əlini qarson gedən tərəfə
uzadıb səsinin tonunu artıraraq – O is-tə-miş-di! Ona görə də qarsondur. Öz planı üzrə! Başa
düşürsən məni?
- Bəli, bəli.
- Biz hamımız
bir yerdəyik, bir zənbildə. Humanizm qanunlarına və ekzistensializm prinsiplərinə görə biz
onun taleyinə məsul bəndələrik. Sən də, elə mən özüm də!
Mən??
- Sən! Əlbəttə
sən! Sənin və sənin kimilərin orta
statistik laqeydliyidir ki, dünyada ədalətsizlik və xaos baş alıb gedir. Əgər ədalətsizliyi
görüb, ona münasibət bildirmirsənsə, sən özün də ona meydan açmış olursan, o zəncirin
halqasına çevrilirsən. O burda işləməməlidir! Gedib oxuyub cəmiyyətə lazımlı
biri olmalıdır. Öz yatmış imkanlarını reallaşdırmalıdır. Delyozu yadına sal.
***
Müəllimi
azadlıqdan danışırdı. Deyirdi ki, ekzistensizlizmin prinsiplərinə görə böyük mənada
azadlıq yoxdur. Yəni Ruhun azadlığı mifdir. İdeal, mütləq azadlıq insanın
kamılləşib cəmiyyətdən tam təcrid olması deməkdir, hansı ki, mümkün görünmür.
Bizlər üçün Azadlıq seçim sərbəstliyi kimi anlaşılmalıdır. Seçimsə məhduddur
çox zaman. Qarşındakı müəyyən sayda imkanlardan birini seçməlisən. Budur sənin
azadlığın. Özü də seçkini vaxtında etməlisən, variantların köhnəlib sıradan
çıxma ehtimalı olduğuna görə. Yoxsa gözünü açıb görəcəksən ki, seçməli bir şey
qalmayıb. Belə olan təqdirdə həyat özü sənin üçün seçim edəcək, adətən sənin zərərinə.
Necə deyərlər, getmək istəyən özü gedir, istəməyəni qolundan tutub sürüyürlər.
Təxminən belə deyirdi metr...
Masa ətrafındakı
tüstü sıxlaşıb qatılaşmaqda davam edirdi.
Müdir
dördüncü dəfə qarsonu ora göndərdi.
- Üzr istəyirəm.
Nəsə lazımdı bəlkə?
Onu eşidən
yenə də yalnız talib oldu. Amma bir tək “istəyirəm” sözünü anladı. O birilər
tüstünün içində itib-batdilar.
Metr:
- Nə deyir?
- Bizdən nəsə
istəyir..
- Nə istəyə
bilər ki? Ona veriləsi heç nəyimiz yoxdur. Bu nə mədəniyyətsizlikdir axı?
Oturub ləzzətlə söhbət etməyə də qoymurlar...
Talib əlini bayaqki yarıqdan bayıra uzadıb “get” işarəsi verdi yenə. Qarson mürəxxəs olandan sonra metr ətrafına nəzər salıb başa düşdü ki, özlərini xarici mühitdən əməllicə izolə ediblərmiş. Ətrafla əlaqə yalnız duman haləsində qarsonla ünsiyyət üçün müsahibinin əlini çölə uzatdığı yerdə əmələ gəlmiş yarıq vasitəsilə mümkün idi. Metr başını yarığa yaxınlaşdırıb dış dünyaya baxdı. Qarşı divarda asılmış tablonu gördü. Bayaq daxil olanda heç fikir verməmişdilər. Şuljenkonun “Hamlet”i idi., surəti.
Yarıqdan çəkilib tələbəsinə dedi:
- Ora bax. Hamletin ekzistensional axtarışlarıdır.
Qadın daim
cibində gəzdirdiyi ülgüclə masanın üstünə həkk edilmiş lüt qiz şəklini böyük
qeyzlə qaşımaqda idi. Ayaqlarından başlamışdı. Qaşıya-qaşıya dodağının altında
nəsə deyinirdi. Məhv etmək istəyirdi gözəli ki, bu kəsif qoxulu, rütubət saçan,
boğanaq yarızirzəmidə tək qadın özü olsun. Ciddi-cəhdlə qaşıyırdı.