Keçmədi...
Barmağın görkəmi
tədricən dəyişilirdi. Birinci falanqa nəzərə çarpacaq dərəcədə şişir, alt hissəsi
qızarır, dırnaq ətrafındakı dəri isə ağarirdi, aıtına irin yığıldığı artıq məlum
idi. Döyünən ağrılar gecələr yatmağa qoymur, gündüzlər əlini aşağı sallaya
bilmirdi.
Nəhayət, evdəkilər
məcburi onu həkimə göndərməyə müvəffəq oldular. Həkimlərdən ta uşaqlıqdan
qorxar, mümkün qədər bu sənət sahiblərinə müraciət etməməyə çalışardı.
***
Evdə üstünə
düşüb, həkimin dediklərini elətdirdilər. Əvvəl qastroenteroloqa getdi. Mədə-bağırsaq sisteminin müayinəsi üçün. Əvvəlcə
qaraciyər, öd yolları, mədəaltı vəzi, dalağın funksiyasını aşkara çıxarmaq üçün
qarın boşluğunun maqnit-rezonans terapiyası məsləhət görüldü. Dedilər ki, bu
müayinə hər mənada onun xeyrinədir, işdi birdən bədxassəli törəmə olsa, o saat
bilinəcək. Sonra gəyirmə halları, qarın nahiyəsində ağrı, palpasiyada bərkimə
müşahidə etdiklərindən “yaxşısı barium
içib (ara dildə təbaşir), mədəni rentgen etməkdir” söylədilər.
Axırda
qastroskopiya ilə kolonoskopiya üzərində dayandılar. Ən məsləhətlisi bunlar
oldu. Qastroskop (zond) udanda o dünyaya gedib qayıtdı, mədə, qida borusu,
onikibarmaq bağırsağın vəziyyətinə baxdılar. Baxıb da qənaətbəxş saydılar.
Növbəti mərhələni
kolonoproktoloq etməliydi. Bu şöbəyə keçərkən diqqətini dəhlizdə növbə gözləyən
xəstələrin çoxluğu və divar boyu adama gəl-gəl deyən parlaq reklamlar çəkdi.
Onlarda belə bir çağırış vardı: “Kolonoskopiyanı özünə hədiyyə et!”, “Kolonoskopiyadan qiymətli heç nə ola bilməz!”.
Bəlkə elə reklamın təsirindəndi ki, bu qədər adam yığılmışdı bura. Kimi
profilaktika məqsədilə, kimi müalicə üçün – polip kəsdirməyə və s.
***
Psixiatr ona
psixatrop və sedativ preparatlar yazıb, sonda barmaqla bağlı mülahizələrini
bölüşdü:
- Ola bilər,
psixoz (tutma) baş verib, özünüzün də xəbəi olmadan barmağınıza xətər
yetirmisiniz, məsələn dişləmisiniz. Bu sayaq xəstələrdə olur belə şeylər.... -
və şişib əndazədən çıxmış barmağa baxıb başını buladı – hər halda onkoloqa da
göstərsəz pis olmaz.
Çarəsi nə
idi? Onkoloqa da getdi. Niyə də getməsin? Həkim xəstənin batmış ovurdlarına,
arıq, çəlimsiz sifətinə, bükülmüş qəddinə, sönmüş gözlərinə baxıb:
- Hə, belə-belə
işlər....çox güman, elə bizim xəstəmizsiz. Gedin, onkomarkerləri (7) verin, yəqin,
şüa terapiyası lazım olacaq...
***
Təbib barmağa
baxıb belə bir “resept” yazdı:
Hacıleylək
ciyəri, cöngənin sol buynuzunun ovuntusu, dəniz atının üzmə qovuğu, 8 aylıq
oğlan uşağının sübh urinası, mayın 17-si toxumu səpilmiş yasəmənin
tumurcuqları, təzə ayın doğmasına 3 gün qalmış yığılan yemişan, bir azca öd,
bir az da mirra (8). Vəssalam.