ŞƏHLA NİHAN

Qırmızıpapaqla Canavarın nağılı

15 Noyabr, 2016
553
böyüklər üçün nağıl fəlsəfə bilərzik gender feminizm sufrajist canavar


“İnsani olan heç bir şey mənə yad deyil”

(Canavar)

Bu sözlər meşənin girəcəyindəki qollu-budaqlı ağacın gövdəsinə qazılmışdı.

***

Birdən ona sanki “dur, dayan” dedilər. Nə gözü ilə gördüyü oldu, nə qulağı ilə eşitdiyi, nə qoxu duydu. İnstinktiv bir şey idi. Sadəcə dayandı və ətrafa qulaq kəsildi. Heç bir təhlükə olmadığını zənn edib, getmək istəyirdi ki, ayaqları sözünə baxmadı, onlar yerə pərçimlənib qalmışdı. Hirslə dizlərini yumruqlamağa başladı ki, niyə ona tabe olmurlar. Bu vaxt lap qulağının dibindən  yoğun bir səs eşitdi:

- Xanım qızın deyəsən köməyə ehtiyacı var.

Başını qaldırdıqda irəlidəki ağacın arxasından boylanan boz bir baş gördü. Bir-birinə yaxın yerləşmiş sarı-yaşıl gözlər, uzun burun, qara ağız, şək qulaqlar... bir an sonra qurd bütün əzəməti ilə qarşısında peyda oldu.

- Əs-Səlamu-əleyküm.

- Əleykum əs-Səlam.

- Kiçik xanım hara gedir belə?

- Çərə gedir, çürə gedir.

- Bunca gözəlliyə böylə kobudluq hiç yaraşmadı...

- Nənəmçün gül dərməyə çıxmışdım.

***

Canavar onun replikasına əhəmiyyət vermədən davam etdi:

- İnsan – qanadsız, iki ayaqlı məxluqdur, cəmi-cümlətani. Bunu sizin böyük filosof Platon demiş.

- “biliklərə açıq, güclü məntiqə sahib” də demiş.

- “enli dırnaqlı”... bunu da Diogen ütülmüş toyuğa Platon bəndəsi adı qoyandan sonra əlavə etmiş.

- Yaradılışın əşrəfi olan insana qurdun lağ etməsinin nə qədər gülünc təsir bağışladığının fərqində deyilsən, görünür.. – QP ikrahla dodaqlarını büzüb üzünü yana çevirdi.

- İndi isə, xanım qız, qulaq asın, görün biz kimik. Biz qurdlar bineyi-qədimdən mövcuduq. Mərdlik və sədaqət timsalıyıq. Sizlər qurd ağlına şübhə ilə yanaşar, amma bir hadisə danışım, özünüz qərar verin. Bir dəfə ovçular helikopterlə aşağıda, meşədə rast gəldikləri canavar sürüsünü ovlamağa çıxmışdılar. Onlar meşə üzərində nə qədər dövrə vurursa, bir dənə canavar gözə dəymir. Sonra məlum olir ki, qurdlar arxa ayaqları üzərində dikələrək ağacların gövdəsinə təkyələniblərmiş ki, yuxarıdan görünməsinlər. Bu, ağıl deyilmi?

- İnstinktdir...

***

Əcdadlarının törətdiyi cinayətlər üçün məhşər ayağına çəkilən qızcığaz əsr-qərinələri arxasında buraxan cəmiyyət tarixinin bütün cavabsız suallarına cavab verirmişcəsinə qızarıb pörtdü, boğazını arıtlayıb nəsə demək istəyirdi ki, gözü qurdun gözünə sataşdı. O gözlərdə elə böyük nifrət, elə acı iztirab oxudu ki,...  başını aşağı salıb susmaqdan qeyri bir əlacı qalmadı. Ürəyində bütün ulu əcdadlarını qarğıdı, çünki onların ucbatından indi burda, bu keçilməz meşənin ortasında alçaldılırdı və ən məşəqqətlisi də  qurd lələnin sözlərinin həqiqət  olması idi. Elə bu fikirdə idi ki, birdən qəribə bir fısıltı eşitdi. Səs mənbəyinin qurd olduğunu yəqin edib, “Allahım, deyəsən, yazıq nənəciyim öz sevimli nəvəsini bir daha görməyəcək” deyə düşündü. Özünü güclə məcbur edib uzun, qatlama kirpiklərini ağır-ağır qaldırdı. Ayy..., bayaqdan adam kimi 2 qıçı üzərində şaquli vəziyyətdə  durub nitq yapan canavar indi 4 ətrafı üzərinə keçmiş, tüklərini qabardıb, irəli atılmağa hazır dayanmışdı, açıq cəhəngindən parlayan köpək dişlərinin yanından sapsarı nifrət suyu damırdı. Yaşıl gözlərindən ildırımlar çaxırdı.

QP-ın sıx kirpikləri dumanlanmış gözlərini nəmdən azad etmək üçün çevik-çevik qalxıb-enməyə başladı.”dedim axı, nənəm məni tay görəsi olmadı..”

***

- Bütövlükdə insan cəmiyyətinə aid etmək olmaz. 18-ci əsr Fransası üçün bu deyim aktual idi. Sadəcə epistema – konkret məkan və zamana bağlı bir şey. Mən onu məşəqqət filosofu adlandırıram və onun ieremiadası məndə yalnız gülüş doğurub həmişə, yoluxmamışam mən onun cəfəng fəlsəfəsinə  – hövsələsi yavaş-yavaş QP-ı tərk edirdi. Amma sonra fikirləşdi ki, canavar ya filosofluq edir ya da psixoloji ikiləşməyə düçar olub, onu udmağa bəhanə axtarır, ona görə yaxşısı budur, canını dişinə tutub qurdun fəlsəfi mülahizələrinə qulaq assın.

Canavar öz alovlu çıxışı ilə qızın könlünə dəydiyini sezdi. Onun məramı əslində QP-ı hövsələdən çıxartmaq deyildi. Ona görə yaranmış soyuqluğu götürmək üçün söhbəti dəyişmək qərarına gəldi. İri ovcunu başına çəkib, həyəcandan pırpızlaşmış tüklərini yatırdaraq dedi:

- Peki, Qırmızı Papaq xanım, söhbətimizin əvvəlində etdiyim təklif qüvvəsindədir. Sizi tanımaq istərdim. Gəlin hərə öz barəsində məlumat versin, qısaca da olsa.

Özü haqda bilgi verməyi heç sevməyən QP könülsüz razı oldu.

- Mən meqa-star deyiləm ki, bioqrafiyam maraq doğursun. Meşədə doğulub böyümüşəm, Sufrajist talasında. Tanımamış olmazsan.

- Tanıyıram, sözsüz. O talanın girəcəyində ağacdan yonulmuş dəbilqəli qadın büstü qoyulub.

- Ağac deyil. Daşdan tökülüb o büst.

- Pardon...

- Daha nə deyim? Nənəmlə yaşayıram. Açıq fikirli qadındır. Modern olan heç nə yad deyil ona. Məni yüksək adaptasion qabiliyyətli biri kimi tərbiyə edib nənəm. Mən  “Meşədən dünyaya çıxış yollarının axtarılması” mövzusunda dissertasiya işi yazıb müdafiə etmişəm. Opponentlərim - yarasa ilə köstəbək. Yeganə iradları mövzumda işığın ifrat dərəcədə olması idi. İşığı sevirəm mən. Doğulduğum tala çox işıqlıdır, yəqin ondandır.

- O tala gerçəkdən çox işıqlı. Gecələr uyumağıma mane olur oranın işığı. Əllərimi örtülü gözlərimin üstünə qoymasam, yuxuya gedə bilmirəm sizin işıqdan.

- Mənim barəmdə bu qədər bəsdir. İndi sən özün haqda məlumat ver görüm nəçisən, hardan gəlib hara gedirsən, bu dünyada yaşamaqda məqsədin nədir? – sonra göz vurub əlavə etdi – yoxsa sən də biz insanlar kimi məhz yaradıldığınçun yaşayırsan, yəni əlacsızlıqdan.

- Mən Meşələrarası Ali Palıd Qozası Darülfünununun məzunuyam. Magistr təhsilimi Sehrli Meşədə almışam. Ora siz insanların Parisi kimi bir yerdir. Siz insan duyğularının tərbiyəsi üçün Parisə getdiyiniz kimi bizlər də insan faktoru emanasiyasına duruş gətirə biləcək paranormal heyvani hisslərin aşılanmasından ötrü Sehrli Meşəyə üz tuturuq. Çünki sizin qarşınıza yalnız sehr və ovsunla çıxmaq mümkündür.

***

- Ağlama, indi keçər. Belə şeylərdən ölmürlər – deyib yoluna davam etdi.

Yaraya qoyulan ot həqiqətən ağrını sakitləşdirdi. Bir qədər toxtamış qurd qaçıb qıza çatdı.

- Kant öz postulatları sırasına iradə azadlığı və seçim hüququnu daxil etsə də, sırf insan səviyyəsində heç bir iradə azadlığından söhbət gedə bilməz. Bu, əslində sizin xəyalı azadlığınızdan başqa bir şey deyil. Yenə siz özünüzü aldadırsınız. Bunu mən yox, panteizm tərəfdarı olan Spinoza deyib.

QP dərindən köks ötürdü: “baho, əcəb işə keçdik...”

***

- Hm... romantik, şair, filosof... bura bax, bəlkə evlənək səninlə? Sənin kimi xarizmatik birisini hardan tapacam? Düzdür mən özümü sözün əsl mənasında qadın hesab etməsəm də səninlə evlənməyə razı olardım.

- Necə yəni? Qadın deyilsiz bəs kimsiz? – Qurdun gözü onun şux sinəsindən  ta ayaqlarının ucuna qədər sürüşdü. Nə biçimli qamət... Ah, daha gecələr yalqız uyumayacaqdı..

- Mən Qırmızı Papağam! – şəstlə cavab verdi.

- Qırmızı Papaq qadın deyil ki?

- Yox, mən cinsin fövqündəyəm., mən qadından daha böyük, daha yaxşı, yüksək, daha mənalı və maraqlıyam. Mən mənəm!

Fövqəladilik, Sufrajist talası, feminizm, dəbilqəli qadın büstü və s.və il. Qurdu elə bil qəflət yuxusundan ayıltdılar. Bütün bu eşitdikləri bir də təkrarlandı qulağında. Yaralı “barmağını” bir də dişləyib öz-özünə söylədi: ey dili-qafil, bunun yar-yaraşığına çox aludə olma, bu sənin gününü göy əskiyə düyüb səni vaxtından qabaq o dünyaya vasil edəcək. Vallah edəcək, dəbilqəli qadını yadına sal.

***

- Fitnəm, alıb beni götürür müsün? Kaldırır mısın pillələrlə?

QP az qaldı dəli olsun. Bir elə qurdu boynuna mindirməyi qalmışdı. Canavar ikiləşməsinin növbəti mərhələsi buzov idi, demək. Əslində Fitnə rolu quzu, Şəngülüm,  qoğal kimi məsum və yeməli obrazlara baxanda o qədər də pis deyildi, heç olmasa yeyilmək qorxusu yox idi, amma canavarı qucağında gəzdirmək QP-ın qadın..., lap olsun fövqəlqadın heysiyyatına toxunurdu, özü də necə toxunurdu..

Canavarın əlindən zəncir çeynəyən QP bu dəfə məsələni biryolluq həll etmək qərarına gəldi. Qurdu bağrına basıb o qədər də uzaq olmayan yarğana doğru gedə-gedə söylədi:

- Mən, əlbəttə, identikliyin dissosiativ pozğunluğunun növbəti təzahürünü, yəni sənin yeni buzov rolunu qiymətləndirməyə bilmərəm, əziz qurd, amma... lənət şeytana, sən çox ağırsan! – bu sözlərlə qollarını açıb qurd lələni aşağı buraxdı – İyi səyahət, aşkım..

Qurd dad-fəryad qopararaq dərə aşağı yumbalandı.

***

Qapını hündür boylu, yaraşıqlı bir xanım açdı. Sinninin çox olması təravətini tam silə bilməmişdi çöhrəsindən. Iri qonur gözləri, təmiz ağ-çəhrayı dərisi, gur, səliqə ilə arxaya daranmış saçları onu yaşının bu çağında da gözəgəlimli edirdi. Hiss olunurdu ki, nənə özünə fikir verməyi sevən qadınlardandır. Əynində saya gödək topik və meşədə son 10 ildə dəbdə olan əlvan leqqins vardı. Nənə nəvəsini görüncə kənara çəkilib ona yol verdi, başını məzəmmətlə yırğalayıb təmiz fransız dilində dedi:

- Qadasın alım, başına dönüm, hardaydın bu çağacan? Nənəni bunca nigaranmı qoyarlar??