ŞƏHLA NİHAN


(Kəpənək effekti**)
... həyatı idarə edən proqramlardır.

Bir neçə ay keçdi. Qadının sağlamlığı ilə bağlı elə bir problemi qalmamışdı artıq. Hətta ildə iki dəfə  vacib qaydada stenokardiya ilə əlaqədar qəbul etdiyi ürək müalicə kurslarını da dayandırmışdı. Ümumi durumu  orta yaş həddindəki sağlam insanınki kimi idi, nə az, nə çox. Nöqtə stimulyasiyasını  əvvəlki intensivlikdə olmasa da, davam etdirirdi. Hələ üzü, dərisinin rəngi, saçları... burada da böyük dəyişiklik gözə çarpırdı. İkinci buxağı yoxa çıxmış, saçı qalınlamış, dərisi təravətlənmişdi. Gözlərinin də nuru qayıtmışdı deyə yenə əvvəllərdə olduğu kimi toxumaqla məşğul idi. Bütün toxuduqlarının üstünə yapon və çin miflərinin çox sevdiyi personajını – uçan əjdahanı həkk edirdi.

Beləcə vaxt ötür, kişi təbii qayda ilə qocalır, qadın cavanlaşırdı. Sağlamlaşma və cavanlaşma prosesi ilə bahəm həyatında bir problem yaranmışdı: qonşular. Qadında göz görəsi gedən dəyişiklikləri qonşular heç cür başa düşə bilmir, heç nə ilə izahını tapa bilmir və güc verirdilər qeybətə. Onu görən kimi bir-birinin qulağına nəsə pıçıldamağa başlayırdılar. O isə tətbiq etdiyi metodla bağlı heç kəsə hesabat vermək niyyətində deyildi. Sadəcə diqqəti cəlb etməmək üçün bacardıqca sadə geyinir, saçlarını yüngül yaylıq ya papaq altında gizlədir, iri qara eynək taxırdı. Bir də çalışırdı evdən yoldaşı ilə birlikdə çıxmasınlar.

***

- De mənə görüm, sən nəylə məşğulsan?

- Başa düşmədim, əzizim.

- Nələr baş verir?

- Nə olub ki? – gözlərini döydü.

- Mənimlə oynamaq lazım deyil, özün hər şeyi çox gözəl başa düşürsən.

- ...

- Mən səndə gedən bu qəribə dəyişikliyin səbəbini bilmək istəyirəm.

- Nə dəyişiklik gedib axı, əzizim? Mən sadəcə qədim yapon müalicə üsullarına uyğun orqanizmimin sağlamlaşdırılması ilə məşğulam. Sən mənim 4 ildən sonra ölməyimi istəyirdin?

- Sağlamlaşdırma bir şey, bu cür tanınmaz şəklə düşmək başqa şey.

- Mən neyləyə bilərəm axı? Bu, metodun qəribəliyidir. (ürəyində “üstünlüyüdür” fikirləşdi)

- Çox qəribə və çox güman ki, təhlükəli metoddur. Arzuolunmaz nəticələrə gətirə bilər.

Qadın onun qısqanclığını çoxdan sezmişdi, sadəcə üzə vurmurdu. İndi də bu həssas mövzuya toxunmaq istəməzdi heç..

***

Görünməmiş bir şey. Dünya praktikasında belə bir durumla yəqin ki, heç kim qarşılaşmayıb. Sonda ondan bu barədə məqalə yazmaq üçün icazə almaq istədi, anonimliyi təmin edəcəkdi. Məqalə böyük rezonans yaradacaqdı,  sensasiya doğuracaqdı, hamı, hər kəs bu barədə danışacaqdı, mətbuat, TV, radiodalğalar ancaq bu xəbəri yayımlayacaq, evlərdə, məclislərdə, yığıncaqlarda əsas mövzu olacaqdı.

Həkim nitqini bitirib ondan cavab gözlədi. Pasient üzünü turşudub iniltiylə “yox” dedi, “lazım deyil..”


***

Bütün baş verənləri əlbəttə qoca da müşahidə edirdi və nə edəcəyini bilmirdi. Bir gün səhər ertə növbəti yuxusuz gecədən sonra yatağının içində xanımına tərəf çevrilib, diqqətlə onu seyr etməyə başladı. Baxdıqca az qalırdı huşunu itirsin. Yanında cavan, gözəl bir qız uzanmışdı. Əlbəttə, onun çevrilməsini görürdü, amma hər gün gözünün qabağında baş verən dəyişikliyi əvvəlki vəziyyətlə müqayisə etməmişdi heç vaxt. Dəhşətə gəldi, öz-özünə  “şeytan əməlidi” pıçıldayıb hövlnak yataqdan durdu. Nə edəcəkdilər, bundan sonra həyatları necə olacaqdı?.. 

***

Qu və ququ quşlarını, kəpənəkləri, qanadlı əjdahaları, ümumiyyətlə, uçan hər nə varsa, görməyə gözü yox idi.

Gölün suyu qurumuşdu.