Gecə xışıltı
səsinə yuxudan ayıldı. Səs lap yaxından gəlirdi, sağ tərəfdəki dolabçanın
üstündən. O idi. Hə, o. Burda idi, otaqda, balışının lap yanında. Yatmazdan
qabaq dolabçanın üstünə bir fincan su və peçenye qoymuşdu, sonra bir az mütaliə
edib, güclə özünü yuxuya vermişdi. İndi budur, çıxıb bu andır oturub mebelin
üstündə, peçenyenin kağızını xışıldadır, deyəsən acdır. Gözlərini bərk-bərk
yumub, adyalı başına çəkdi, qulaqlarını da qapadı ki, heç nə eşitməsin. Bir
müddət beləcə qaldı. Sonra yavaş-yavaş başını çölə çıxartdı. Nəfəsi təngimiş,
onu soyuq tər basmışdı, əl-ayağı buz kimi idi.
***
Səhər həmişəkindən erkən oyandı. Daha doğrusu oyatdılar. Sinəsində nəsə sürətlə yuxarı-aşağı hərəkət edir, sanki gecə köynəyinin yaxasından içəri girmək istəyirdi. Yuxulu olduğundan nələr baş verdiyini anlaya bilmədi. Sonra sinəsində qaçışan həmən o şey vəhşi sürətlə başına adladı, saçlarının arasında vurnuxmağa başladı. Başını döyəcləyib yenidən sinəsinə endi. Az qala dəli olacaqdı. Hövlnak yerə atıldı. Qışqıra-qışqıra gecə köynəyini başından sivirib döşəməyə atdı, üstünə çıxıb tapdamağa başladı. Qışqırır, ağlayır və təpikləyirdi. Nəhayət, halsız üzüqoylu çarpayıya sərildi. Yatdımı, bayıldımı, məlum deyildi. Kondisionerin soyuğundan böyrəkləri sızıldayanda ayıldı. Əlini döşəyin üzərində gəzdirib adyalı tapdı, lüt bədəninə çəkdi. Yumaq kimi bükülüb nə edəcəyini düşündü. Yaxşı ki, bu gün istirahət günü idi, işə getməyəcəkdi. Səhərki gərginlikdən sonra heç olmasa doyunca fikirləşib sakitləşə bilərdi.
***
Bir neçə gündən
sonra həkimin qəbuluna düşdülər. Həkim onlara diqqətlə qulaq asıb bir sıra
suallar verdi. Onun müalicə üsulu Solii deyən kimi son dərəcə qəribə,
standartdan kənar idi. Əcaib suallar verirdi. İstiyə -soyuğa, acıya – şirinə xəstənin münasibətini soruşur, suya təlabatın
olub-olmaması ilə maraqlanırdı.
Yatanda hansı
böyrü üstə yatırsız, ya bəlkə arxası üstə?
Tezmi özünüzdən
çıxırsınız?
Çayı soyudub
içirsiz ya qaynar?
Qəmgin
vaxtlarda könlünüzü ala biləcək birini arayırsızmı, ya özünüzə qapanıb, təkliyi üstün tutursuz? İnsanları sevirsiz ya mizantropsuz?
İntrovert ya
ekstravertsiz?
***
14 yaşında
çox pis kompaniyaya düşür, baykerlərlə gecə yarışları, narkotika ilə ilk təcrübələr,
içkiyə aludəçiik, disko-barlar, gecə klubları, qeyri-müəyyən və şübhəli həyat tərzinə
malik küçə kontinqenti. Bu şəxslər özlərini “yarasa” adlandırır, underground
musiqiyə qulaq asır, gündüzlər yatır,
qaş qaralınca şəhərə meydan oxuyurdular. Qəddarlığı təbliğ edən filmlər izləyir,
müxtəlif mifik qəhrəmanların adlarını özlərinə ləqəb seçir, hamısı kəkilli saç düzümü – irokez saxlayırdı. Barmaqlarında
üstündə şeytan təsvir olunmuş iri metal üzüklər, boyunlarında metal zəncirlər
olurdu, qısa qara gödəkcə, dəri leqqins, ağır qrinderslər geyirdilər. O da belə geyinirdi. Amma elit klublara belə
getmək olmurdu. Ora üçün xüsusi bahalı əlbisə lazım idi. Elə narkotik və azart
oyunları üçün də. Beləcə borcu dağ kimi qalaqlanırdı. Bir dəfə hər şeyi açıb
anasına deyir. Borcunu mütləq ödəməli idi, yoxsa pis qurtara bilərdi onun üçün.
Nə edəcəyini bilməyən məzlum qadın evini satmaq qərarına gəlir. Ev satılır,
borc bağlanır. Mənzil kirayələyib yaşayırlar, ölüm-zülüm məktəbi qurtarır. Yenə
ana işləmir, o isə küçələri sülənib, evdən qalan pulu göyə sovururdu.
***
Solli bu dəfə
özünə söz verir ki, ağıllanacaq. Narkotik və içkidən uzaqlaşsa da nə siqareti
ata bilir, nə də Rembonun şerlərindən əl çəkir. Xəstəxanaların birində xadimə
kimi işə düzəlir, kirayədə qalır və çox ciddi şəkildə gələcəyi barədə düşünməyə
başlayır. Küçə onu çağırsa da getmir, dostları axtarıb tapır onu, əvvəl dolayıb
gülür, sonra hədələyib təhdid edir, “adam olmasa, yola gəlməsə” böhtan atıb tutduracaqlarını deyirlər.
Destruktiv psixokult metodlarından beyinləri dönmüş sekta üzvləri qrupu tərk edənlərin
başına gətirilənlərdən nəticə çıxarmağa, “yaxşı qız” olmağa çağırır onu. Küçə
öz qızından əl çəkmək istəmir. Solli isə sözündən dönmür, yolundan sapınmaq, məğlub
olmaq istəmir. Dəfələrlə gözdən itir, iş yerini, qaldığı məkanı dəyişir. Bir
müddət şəhəri tərk edir, sonra yenə qayıdır və eşidir ki, köhnə “dostlarından”
biri öldürülüb, bir neçəsi xaricə qaçıb, digərləri isə ağır bir cinayətdə təqsirli
bilinib saxlanılmışlar. Bu onun üçün qurtuluş demək idi. Qınına çəkilir, sakit,
rəvan həyat sürüb nəzərə çarpmamağa çalışır. Bütün günü komasına qapılıb
oxuyur. Budur, ilk uğuru – ixtisasını təsdiqləyən rəsmi sənəd əlindədir, artıq
tibb bacısı kimi işə düzələ bilər.