ŞƏHLA NİHAN

Dünən ordaydım

15 Noyabr, 2016
497
köhnəlik məhəllə sükunət xatirə esse


(esse)


Hər şey eynən qoyub getdiyiniz kimiydi. Hündür tavanla boy tutuşduran, keçən əsrin dəbinə uyğun ağ rənglənmiş bənd qapısı, köhnə pəncərə taxtaları, divar içi dolablar, üzü soyulmuş qədim servant, ayaq lingi ilə hərəkətə gətirilən Zinger (Singer) tikiş maşını, küncdə sanki incik dayanmış, insan barmaqlarının təmasına həsrət Petrof pianosu, onun böyrünə söykədilmiş nar ağacından olan nazik yunçırpan çubuq, şüşəsinin kirindən içindəki bilinməyən kitab rəfləri, aralanmış döşəmə taxtaları, hətta taxtabitilər də həmənki idi. Bir tək pişik təzəydi burda, bu əsrin pişiyi idi, kompyuter əsrinin, kompyuterdən xəbəri olmasa da. Hərdən pəncərənin deşik torundan içəri keçib laxlayan, sınıq qıçlı stolun üstündə durar, boğazını uzadıb havanı iylər, iylər, dönüb elə həmən cırıq yerdən də sivişib gedərdi. Yerə atılıb xatirələri tapdalamaq istəməzdi pişik. Havaya çıxardı, müasirliklə bu boyağı tökülmüş köhnəliyi müqayisə etmək üçün çıxardı. Yaşadığına inanmaq üçün. O da qorxardı, bu toz damında çox qalmazdı. Qorxardı toz onu da basar, ilişib qalar burda, bu piano kimi, masa kimi, kitablar kimi, külqabı kimi.

***

Burda elə qatı toz dumanı vardı ki, söyləyəcəyin sözlər asılı qala bilərdi otağın ortasından, sonra da hörümçək torlarında ekvilibrist ləngəri vura-vura çökərdi evin künclərinə. Xatirələr hücum çəkərdi adamın üstünə, gözünə girər, ordan yaş çıxarmayınca əl çəkməzdi. Fikirləşməyə qoymazdılar, fikirlərini elə beyin qabığının qırışlarında doğulduğu andaca boğub basdırardılar. Burda ancaq xatırlamaq olardı,...keçmiş adlı dalınca uzanan relsləri də artıq çoxdan çürümüş qatarı,... fikir yürütmək olmazdı.

***

Burası bir vaxtlar kiminsə fəxrlə “ata mülkü” adlandırdığı yer, indi xatirə dəftəriydi.., nəyi ki, mələklər qanadlarıyla vərəqləyirdi. Vərəqləyə-vərəqləyə də uğunub gedirdilər. O qədər şad-xürrəmlik vardı ki o səhifələrdə..

***

Burda hər şey susmağı sükunətdən öyrənmişdi. Sükunətsə susurdu ona görə ki, qorxurdu danışsa köhnə divarlar uçub dağılar , bir ev xatirə qalar uçqunun altında. Elə tavan da çökərdi çoxdan, o da xatirələri öz altına qərq etməyi qıymadığından zamana duruş gətirib dayanmışdı.

Hər şey eynən sizin qoyduğunuz kimiydi, illər-aylar.. Vallah, elə bil heç siz keçməmisiz o məkanın üstündən, adlamamısız, əsməmisiz. Bir tək sarı solğunluqda vardız. O əşyalar da köhnəlikdən saralmamışdı, həsrətdən saralmışdı. O insanların, o təmizliyin, o kasıb dəbdəbənin, o xeyirxah saflığın həsrətindən. Süpürgə görməyən, təmir bilməyən, sonuncu sahibəsindən sonra insan ayağı dəyməyən otaqların tozlu tutqun nəfəsi pıçıldadı mənə ki, inanma heç şeyə, vaxt deyilən bir şey yoxdur, bir yaşamaq var, bir də yorulmaq. Yorulmadınsa yaşayırsan.