ŞƏHLA NİHAN

Yuxularımı kimə danışım?

15 Noyabr, 2016
426
yuxu esse dərviş


(esse)


O yuxularımı ki, orda küləklər yoxdur. Qum dənəcikləri arın-arxayın ucsuz-bucaqsız səhraların köksünü yandırmaqda davam edir......

Orda ki, nəhayətsiz ümmanlarım var, suyu bir ovuca siğar.

O yuxularımı ki, pərdələri asılıb, amma pəncərələri yoxdur.

Orda ki, məhəbbət nifrətə, nifrət məhəbbətə qarışıb və hamısı yumruq boyda ürəyin bir zərrəsində qərar tutub.

O yuxularımı ki, orda pillələr səni həm qaldırır, həm endirir. Özü!

Orda ki, ağaclar əvvəlcə solur, sonra başlayır bar verməyə. Və 10 ağacın barı bir real alçanın yerini vermir.

Orda ki, alqış nifrinə, nifrin alqışa qalib gəlir və mən bilmirəm onların hansı özümün özüm üçün uydurduğum təkamül təliminə daha yatırımlıdır.

O yuxularımı ki, orda əjdahalar gözəlləri ovlayıb öz qəsrlərində saçlarından asıb. Gözəllər gözləyir, gözləyir, igid şahzadələrdən isə səs-soraq yox......

Orda ki, bu igid cəngavərlər son nəhayətdə tapılıb gəlir və Misri qılıncı çıxarıb əjdahanın boynunu vurmaq istəyəndə, məlum olur ki,....böyründən asılan tək bircə qınmış, qılınc özü yaddan çıxıb evdə qalıb.

Və bu yerdə mən ayılıram.......Ayılıb ətrafıma boylanıram. Reallığın mənə bir şey vəd etmədiyini görüncə yenə gözlərimi bərk-bərk yumub yuxuya gedirəm...., saçından asılmış gözəllərin yanına qayıdıram, yuxumun davamını görmək üçün.

 

O yuxularımı ki, saniyə saniyə ilə başbabaş gəlir. Reallıqda elə deyil amma. Reallıqda saniyəmin əyər-əskiyi var. Ya normativdən qısa (onda ki, xoşbəxtlik ilahəsi çaşıb qapımı döyür),  ya da uzundur (onda ki, ayaqlarımı altıma yığıb, pəncərəaltıda otururam, qələm-kağızı götürüb özümü məşğul kimi göstərirəm. Gündüzlər bu boş məşğuliyyət o qədər də canyaxıcı görünmür. Pəncərə önündə daim mənzərələr bir-birini əvəz edir, insanlar qaynaşır və gözlərinə darıxmaq imkanı vermir. Amma gecələr......., gecələr fikrin uçur xəyallar dənizlərinə, əlvan yelkənlərin üzərinə......, miskin fəzanı baxışların eninə-uzununa şumlayır...., nə qədər Ayı bürcünü axtarmaq olar?!).

Daha xoşbəxtlik ilahəsini də  otağımda qəbul etməyəcəyəm. Gəlir, mən onu içəri dəvət edirəm. Daxil olur, səssizcə dayanıb, ətrafa nəzər salır. Burda nə görürsə, dönüb nəfəslikdən qaçır. Mən isə gedəni saxlamıram adətən. Ona görə daha onu çağırmayacağam.

O yuxularımı ki, odun parçaları kimi böyür-böyürə düzüb, kəndirlə sarıyıram, Cırtdanın şələsi kimi kürəyimə alıb gedirəm. Alıram ki, bəlkə ağırlığını hiss eləyim, fiziki dünyanın ölçü vahidi ilə ona bir çəki meyarı bəxş edim  və onların da reallaşmaqdan (zorən!!)  qeyri bir çarəsi qalmasın  və mən də onların nə vaxtsa reallaşacağına bu yolla inandırım özümü.

O yuxularımı ki, orda soyuqluğu və möhtəşəmliyi ilə canları üşüdən bir mozaik görüntü var. Və bu  mozaikanin parçaları məndən xəbərsiz gəlib bir-birini tapır, bir-birinin tuşunda dayanır və mənzərəni tamamlayır. Amma gerçəkliyimin parçalarını əlimdə çıraq günün günorta vaxtı gəzirəm, gəzirəm, yenə də tapa bilmirəm. Tapa bilmirəm ki, varlığımın dekorasiyasını bitirim. Hər parçamın sorağı bir dərədən gəlir, biri arandan, biri Turandan.

O yuxularımı ki, dünyanın ən mükəmməl kaleydoskopu onlara həsəd aparardı. O qədər müxtəliflik, rəngarənglik, kolorit, zövq var ki..... Heyhat! Gözümü açan kimi bu kaleydoskopu  daşlara çırpıb sındırırlar ki, qəlpəsi ələ gəlməsin.

O yuxularımı ki, orda rahiblər, rəssamlar, əlində eşq badəsi, ayağı yalın, üstü cır-cındır, bu fani dünyanı avara-sərgərdan gəzib dolaşan dərvişlər var. Dərvişlər öz eşq sərgüzəştlərini bütün çılpaqlığı ilə, utanıb-qızarmadan yerli-yataqlı rahiblərə danışır. Rahiblər rəng alıb-rəng verir bu həyasız, cılpaq sevgi hekayətlərindən. İlahiyyat ilmələri ilə toxunmuş bir həya donu geyindirir və onları əli yaratmaq üçün gicişən rəssamlara pıçıldayırlar. Rəssamlar bu məhəbbət qarışıq ilahiyyatdan və ya ilahi məhəbbətdən cuşa gəlir, rənglərini, fırçalarını qabağına töküb yaradır. Çəkir, çəkir.......və çəkdiklərini bəyənmir. Sonra əl atıb duyğuların ilahi libasını cırır, söküb bir küncə atır, onu çılpaqlaşdırır, yenidən əsl dərviş məhəbbəti cildinə salır. Və bu məhəbbətin vəhşi gözəlliyindən, çılpaq bədənindən, ağılları aparan ədəbsiz cəsarətindən bayılmaq dərəcəsinə gələn rəssam elə bir şah əsəri yaradır ki,.......o səmavi rəngləri və onların ahəngini yer üzündə görmədim mən. O rəngləri yalnız mənim yuxularımın rəngsaz rəssamı yaradır. Bunlar kosmik koloritdir və gerçəkliyin haləti çatmaz ona bənzər nəsə yaratmağa. Gözlərimi qapayıram və yuxularımın rəngli (oxu: əlvan) rənglərinin bu dünyamıza axmasının qarşısını aliram.

Elə yuxularımı ki, onların fəzaları al qandır. Dərinləri, çökəkləri gözlərdəki sonsuzluğa meydan oxuyur. Sularındakı şəffaflığa, təmizliyə sahilindəki qamışlar bayatı deyir. Daşların hərəsi bir qaya parçası. Günəş isə hamı üçün eyni cür parlayır. Yaxını yaxındır yuxularımın, uzağı yaxından da yaxındır.

Elə yuxularımı ki, səni ora buraxmaram....

Və gəlsən, qoymaram gedəsən.

Elə yuxularımı ki, orda torpaqlar yiyəsizdir, meşələr ovçusuz. Ceyranlar tənbəl-tənbəl göy çəməndə otlayır, ağzini marçıldada-marçıldada.

Orda ki......

Nə zəhər var, nə zəhərləyən.

Nə ölən, nə öldürən.

Nə gülən, nə güldürən. Şadlığa yasdı, daima nasazdı yuxularım.

Nə cəllad var, nə məhbus.

Nə əkən var, nə biçən.  Nə ölənin yerinə keçən.

Nə eniş, nə yoxuş.

Nə diyirlənən, nə diyirlədən.

Nə pay var, nə payıkəsilən.

Heç nə! Heç nə yoxdur!!  Orda yalnız bir sonsuzluq var. Məchulluqdan gələn və məchulluğa gedən bir yol. Kor bir yol. Ona görə sevirəm yuxularımı. Və bir kimsənin cəsarəti deyil onları mənim əlimdən alsın!

 

P.S.  Əgər yuxuda da mənə həqiqətin inikasını göstərəcək olsalar, niyə mən yatıram onda?  Məni seçim qarşısında qoymaq istəyirlər: yuxu ya gerçəklik? Qorxmurlar ki, şələ-küləmi yığışdırıb yuxularıma köçməyə qərar verərəm?......Birdəfəlik və həmişəlik?!   Mənim yuxularım həqiqətin astarıdır. (pıçıltıyla: yuxularıma qonaq gəlsəz, sizə dağ çiçəyinə bükülmüş müşk tapıb verərəm....,onda bir də mənə reallıq təklif etməzsiz. Etməzsiz... )