1-ci akt
Biri
var idi, biri yox idi. Ağ bir vərəq üzərində nöqtələr və vergüllər vardı.
Hərflər də vardı, amma onlar cansız idi. Nöqtə-vergülsə canlıydı. O qədər canlı
ki, hətta deyışə də bilirdilər (hə, yeri gəlmişkən deyim, nöqtə-vergüllər canlı
olduqları qədər də iri və qara idilər). Bu deyışmələrin birində vergül nöqtəyə
deyir:
-
Sən öz nöqtəliyinlə həmişə hər söhbətə son qoyursan. Səndə liberallıq yoxdur.
Çox kəskin və birmənalısan. Diplomatiya deyilən bir şey də yoxdu səndə. Elə hər
şeyə yekun verib, nöqtələyirsən, vəssəlam. Səninlə tale yüklü mühüm məsələlər
həll etmək olmaz. Baltalayırsan hər şeyi.
-
Mən baltalayıram? – nöqtə öz etirazını bildirir – Mənəm kəskin və birmənalı?
Bəs mənim 3 nöqtəmə nə deyirsən? İnsanlar söhbəti açıq qoymaq üçün məhz 3
nöqtədən istifadə edirlər. Əgət sənin mənan belə dərindirsə, elə səni
yazardılar da, daha niyə məni 3
dəfə ardıcıl əziyyətə salırdılar?!
-
3 nöqtəni iradəsiz adamlar qoyur. Sözlərini axıra çatdırmağa ehtiyat edirlər,
ona görə qorxudan nöqtələyirlər. İradəli adam ya nöqtə, ya vergül qoyur,
vəssəlam.
-
Heç elə şey yoxdu – nöqtə yenə etiraz edir – İradəsiz yox, romantik deynən.
Əgər mən olmasaydım, cümlələr baş alıb gedərdi. Bilirsən nə var? – nöqtə
bığaltı gülümsünür –Sən o qüdrətin sahibi deyilsən ki, başlanılanı axıra
çatdırasan. Mən hər şeyə xətm verirəm, mən! Bax, nida işarəsinin də, sualın da
təməlində mən durmuşam. Mən – nöqtə! Sən heç vergüllü nida ya sual görmüsən?!
Vergül
belə həyasızlıqdan alışıb-yanır:
-
Əşşi, sən nida ilə sualı niyə bura qatırsan? Onlar özləri bilər. Söhbət bizim
ikimizdən gedir, qonşuları rahat burax. Bax, heç uzağa getmə. Bu vərəqdə sevgi
məktubu yazılıb. Gör necə məhəbbət dolu uzun, gözəl cümlələr var burda. Sözlər
və ifadələr bir-birindən məhz vergüllə ayrılıb. Nöqtəyə isə tək-tək rast gəlmək
olar. Yazan cavan oğlandır. Bax gör nə yazır sevgilisinə:
“Əzizim,
səni dünyalar qədər sevirəm, bilirsən bunu. Sən mənimçün hər şeysən – okeanım,
mavı səmam, yaşıl çəmənim, ətirli gülüm, bağda bülbülüm, hər şey,hər şeysən.
Mən səninlə nəfəs alıram., gülüm, sən olmasan, mən məhv olaram, heç olaram,
sənsiz yaşamaram. Biz mütləq bir yerdə olmalıyıq və olacağıq da. Biz mütləq
xoşbəxt olmalıyıq birlıkdə, səadətim. Ömrüm-günüm, xoş gələcəyim mənim”.
Nöqtə
uzun-uzadı ona baxır, bir söz deməyib, sadəcə yumru başını bulayır.
2-ci akt
Yenə
ağ vərəq, vərəq üzərində yazı, yazının ora-burasında hərflər pozulub, sanki su
damlası düşüb ora...., ola bilsin ki, göz yaşı..., və bizin qəhrəmanlarımız –
nöqtə ilə vergül (yeri gəlmişkən deyim ki, daha əvvəlki tək iri və qara
deyillər, sanki belləri bükülüb, qocalıblar, hər ikisinin əlində əsa...). Amma
yenə də dalaşırlar.
Nöqtə
deyir:
-
Gözlərini aç, yaxşı-yaxşı bax. Deyirsən ki, mətndə sən çoxluq təşkil edirsən.
Hanı? Mən görmürəm bu məktubda çoxluq təşkil edən sənləri. Bu yazının üstünə
nöqtələr yağış kimi səpələnib. Bir baxsana!
Vergül
kinayə ilə gülümsəyir:
-
Gözlərim mənim açıqdır və hər şeyi də çox yaxşı görürəm. Səninsə bir şeyi başa
düşməni istəyirəm. Əzizim, bu heç də uzun cümləli, romantik, isti sevgi məktubu
deyil. Bu, nisgillə, narazılıq və anlaşılmazlıqlarla dolu giley-güzardır. Fərqi
hiss edəcək qədər ağıllı deyilsən sən. Əlbəttə ki, belə yazıda qısa cümlələr,
imperativ, əmr formaları, xitab daha çox işlənir. Burda yumşaqlıq yoxdur ki,
vergül qoyula. Quru, sərt yazıdır. Ona görə nöqtədən boldur.
Bu
dəfə qız oğlana yazır:
“Darıxıram
tək. Bir bilsən, necə darıxıram.... Axı niyə biz tez-tələsik evləndik?! ....
Tələsdirən vardı bizi? Anamın sözünə qulaq asmadım....əfsus..... Sən...sən çox
qəddarsan! Qəddar və etinasız. Bilirsən ki, uşaq gözləyirəm. Mən indi sənsiz
tək neyləyəcəm? Mənimçün çətin olacaq. Axı sənə kim deyirdi ki, durub Anqolaya
gedəsən? Cavab ver! Burdakı işindən xoşun gəlmirdi... zəhləni tökmüşdü hər şey.
İndi ora yaxşıdı səninçün. Münasıb iş də tapmısan....məvacib da səni qane
edir....şərait var. Amma mən yoxam orda!..
İstəyirəm
biləsən. Gözləyəcəm səni. Uşaq da olacaq, böyüyəcək də... mən səni gözləyəcəm.
Qayıt gəl. Köynəyini yuyub asacam zivədən, qurusa da götürməyəcəm. Qoy
qalsın....aylarla, illərlə... sən gələnə. Qayıdanda özün götürüb geyərsən.
Qayıt.
Sən bizə lazımsan. Mənə və doğulacaq körpənə..”
Nöqtə
deməyə söz tapmır, bığlarını sığallayıb, yenə başını bulayır və susur.
3-cü akt.
Yenə
vərəq, yenə yazı. Amma vərəq əzik-üzükdü, yazıda isə vergül yoxdu, təkcə
nöqtələr var, güclə seziləcək. Məktub
həmən oğlan tərəfindən həmən qıza yazılıb. Amma indi onlara qız-oğlan demək düz
olmazdı, onlar orta yaşlarında kişi və qadındır.
Nöqtə
fikirləşir:
-
Necə də darıxıram vergül üçün..... İndi kiminlə söz güləşdirəcəm? Amma deyəsən,
vergül haqlı idi.... O yoxdu, məktubda romantika da yoxdur..., çox acı sözlərdir...
“Sənə
bir söz deməliyəm. Çox vacib bir söz. Bilirəm hər şeyi. Gözləyirsən məni. Neçə
illərdir gözləyirsən. Amma gözləmə daha.... Qayıtmayacam mən. Mənimçün burda
yaxşıdır. Ora məni çəkən heç bir qüvvə yoxdur. Bir şeyi də bilməlisən. Mən
burda tək deyiləm... evlənmişəm... yerli bir qızla. Özü də çoxdan. Səndən
gizlədirdim. İstəmirdim yaralı könlünü bir az da yaralayım. Gərək yazmayaydın
mənə uşağın tələf olmasını.... Onda soyudum səndən..... Onunla birgə sən də
öldün. Öldün mənimçün. Məni başa düş və bağışla. Haqqımda pis fikirləşmə. Gözləmə
məni. Başına bir çarə qıl.”
Nöqtə
yenə istəyir başını bulaya, amma başı o qədər incilib kiçilib ki, qorxur,
bulayanda qopub düşə.
4-cü akt.
Yenə
vərəq. Yox, vərəq deyil. Arxa üzündə nəsə yazılıb. Hə, reseptdir. Vərəq
tapılmayıb, resepti çevirib, o biri üzünə məktub yazıblar. Yaşlı bir qadından
yaşlı bir kişiyə. Yazıda nə nöqtə, nə vergül var. Çox səliqəsiz və tələsik
yazılıb. Sözlər güclə oxunur.
“Mənə
hər şeyi xəbər veriblər Sən qayıtmısan Qocalar evindəsən Qürbətdə başına çox
müsibətlər gəldi Bilirəm hər şeyi Ailəni də itirdin Tam müflisləşdin Vətənə
döndün. Amma məni heç aramadın Başa düşürəm yadam artıq sənə Mən xəstəyəm ağır
xəstə Neçə vaxtdır klinikadayam Az qalıb axırıma Bilirəm ki gəlməyəcəksən mənə
dəyməyə Gəlmə onsuz da sağ tapmayacaqsan məni
Sənin
üçün hər gecə ağlayırdım hər gecə Sənin üçün və övladımız üçün O vaxt hələ
ağlamağı bacarırdım
Səni
çoxdan bağışlamışam
Əlvida
PS Kirayə pulunu verə bilmədiyim üçün
məni evdən qovladılar o vaxt Evdən çıxdım amma köynəyini zivədə qoyub çıxdım
Söz vermışdım axı sənə qayıdıb özün götürüb geyinəcəkdin”
Heyif,
nöqtə yoxdur. Heç olmasa başını bulayardı...