(Anti-praksis)
Rəngli epifaniya. Burda şəkillər və
səslər var.
Süjet başqaları kimi ağrı və
hönkürtü ilə doğulmayıb.
Modullaşdırılmış proqnozlar səhnəsinin
narriativ təqdimi sadəcə..,
mənim konfabulyasiyamla.
Xaos. Partlayış. Zəncirvari reaksiya. Bir-birindən doğan səbəb və
nəticə. Artıq heç bir şeyi nəzarət altına almaq, cilovlamaq, kəməndləmək mümkün
deyil. Olan oldu, keçən keçdi. İndi hamıya yalnız axınla axmaq qalır və başını
aşağı dikib sonunu gözləmək. Şəhərə, bir zamanlar gülən, yaşayan, həyatı sevən, hamının doğma evi
saydığı, yaşıllığa bürünmüş bu gözəl, müasir şəhərə bir monstr soxulub. Daha
gülmür şəhər..., daha sevinmir, heç
kəsə xoş əhval bəxş etmir, heç kəsə gələcək planları üçün stimul vermir,
sevişənləri ağacları öz budaqları ilə gizlətmir, qocaları parklarında kölgəlik
axtarmır, skamyalar boş qalıb, uşaqları küçələrində qaçmır...ölüb şəhər. Ona
qəsd edən monstrın adı: Virus. Yoluxma. Virulentliyi son dərəcə yüksək
infeksiya. Bakterioloji silahın “zarafatı”. Səbəb.... soruşmayın. Amma
səbəb var, özü də çox böyük səbəbdir.
Evakuasiyamı?? Yox, hara gedəcəksən? Hər tərəf od tutub yanır, tək
bircə bu şəhər deyil. Yerin altında gizlənib gözləməkmi? Yox, bomba atmırlar,
mərmi partlatmırlar ki, zirzəmilərərə çəkiləsən. Xilas yolu yoxdur və ona görə
artıq heç kəs beynini bu kimi düşüncələrlə doldurmur. Hamıya evində sakit
oturmaq tövsiyyə olunub. Pəncərələr yapışqanlı lentlə tutulub, hermetik olsun
deyə. Hətta bəziləri taxta da vurub pəncərələrə. Bu nəyə lazımmış görəsən?
Evlərdə ərzaq məhsulları, su ehtiyatı artıq tükənməkdə. Ətraf mühitlə heç bir
əlaqə yox. Havasızlıq və ümidsizlik. Birinciyə sən demə dözmək olurmuş,
ikinciyə isə..... İşıq əvvəl var idi, indi o da yoxdu, qaz da həmçinin. Əvvəl
TV ya radio ilə zəif də olsa, bəzi dalğaları tutmaq olurdu, orda, bayırda baş
verənləri bilmək üçün. İndi informasiya aclığıdır. Bilmirsən, sənin pəncərənin
o üzündə nələr baş verir.
Hündür bir bina. Bu binanın mənzillərindən biri. Mənzilin bir
otağı.
Dağınıq, tör-töküntü. O saat görünür ki, daha heç kəsin heç nə
vecinə deyil. Otaqda 3 nəfər var. Ata, ana və uşaq. Onlara ad verməyək, artıq
işdi. Onsuz da 3-5 günə həyatda olmayacaqlar. Əcəl artıq kəsdirib kandarı,
əlində siyahi, siyahidə bizim qəhrəmanların adları... Ona görə məchul buraxaq
onları. Ad versək, öyrəşərik onlara, bizi lap çox ağrıdar onların gedişi.....
Bunlar ölümə məhkum olunmuşlardır, son saatlarını gözləyirlər,
başqaları kimi. Ata biçimli qaməti olan, cavan və güclü bir kişidir. Nə vaxtsa
idmanla məşğul olub, hiss olunur. Divanda oturub, ayaqlarını jurnal stolunun
üstünə uzadıb. Stolun üstündə qəzetlər, uşaq oyuncağı, 2 fincan, içində soyumuş
kofe, 1-2 quru peçenye və
şamlar var. Otaq şamlarla işıqlandırılır. Soyuq və qaranlıqdır, lap məzar kimi.
Atanın yanında uşaq oturub, gözəl, qonur gözlü, buruqsaç, 5-6 yaşlı oğlan uşağıdı.
Əlində balaca qırmızı maşını. Bu 3 nəfərin içində ən xoşbəxti odur, çünki
balacadır hələ, heç nə başa düşmür. O yalnız 2 şey istəyir: yemək ve küçəyə
düşüb uşaqlarla oynamaq. Vermirlər ona. Birincini qarnı dolusu vermirlər.
İkincini gözü dolusu. Ona görə mısmırığını sallayıb oturub. Amma ata-anasının
narahatçılığından sezir ki, nələrsə baş verir. Anlamır, amma duyur. Uşağın
yanında ana oturub. Yaraşıqlı, məlahətli, cavan bir qadın. Ayaqlarını altına
yığıb, nənəsinin köhnə şalına bürünüb oturub. Ürəyi partlamaq üzrədir. O da bir
çox başqaları kimi artıq heç nə haqqında fikirləşmir, fikirləşə bilmir. Sadəcə
baxır və gözləyir. Əlbəttə ki, ailə
üzvlərindən heç kəsin ölmək planında belə yoxdur, cavan və sağlamdırlar. Onlar
yaşamaq və həyatdan zövq almaq istəyirlər. Belə də olmalıdır....olmalı
idi.....idi. İndi hər şey
dəyişdi artıq. Planlar insanlara yox, insanlar planlara tabe edildi.
Ana ayağa qalxıb pəncərəyə yaxınlaşır, bayıra boylanır. Dünyaya
yeganə kanalıdır bu, ordan məlumat alacağını zənn edir. TV və radio susandan
sonra lap tez-tez baxır küçəyə.
Onlar da pəncərəyə taxtalar vurublar. Onlar da bilmir ki, nə məqsədlə
ediblər bunu. Taxtalar qoruyacaqmış ailəni qaniçən oktopodun dokunaçlarından. Sporlardan taxta
vasitəsilə qorunmagın mümkünlüyünə inanmaq üçün insan gərək nə qədər çaşqın və pəjmürdə olsun, ilahi.... O
baxır..., taxtaların arasından gözlərini dikir qaranlığa. Kaş heç baxmayaydı.
Çöldə vəziyyət anbaan dəyişir. Dünən baxanda küçə bomboş idi. İndi isə binanın
qarşısında küçədə yıxılıb qalmış adamlar, daha doğrusu, cansız cəsədlər dəyir
gözünə. Əvvəl də küçədə canını tapşıranlar olurdu, amma onları gəlib yığıb
aparırdılar. Aparırdılar ki, infeksiyanın sürətlə yayılmasının qarşısını
alsınlar. İndi daha aparmırlar. Kim aparacaq ki?.... Orda-burda....kim harda
qırılır, orda da qalır. Onların üstündə ölüm səltənətinin mələkləri – quzğunlar
və qara qarğalar - şalaxo oynayır. Quzğunlar tarixin nadir məqamlarında bu dərəcə
tox olurlar, yeməkdən iyrəniblər artıq. Daha yemirlər, sadəcə ölülərin
gözlərini didməklə öz missiyalarını bitmiş hasab edirlər. Burda ölüm knyazının
hirsli nökərlərinə - insan qanından quduzlaşmış şəhər itlərinə də rast gəlmək
olur. Acların bayramıdır burda. Ah, hələ qoxular....küçədə olfaktor bir
şok yaşanır. Göz yaşardan iylərdən az
qala burunlar qopa.... Ölüm və üfunət səltənətinin böyük təntənəsidir bu. “Zülmətlər knyazı”nın qarşısına bir
məqsəd qoyulub: şəhəri boşalt! Əlbəttə ki, boşaldacaq, şəksiz-şübhəsiz.
Mexanizm artıq buraxılıb və knyaz gücünü bir daha sübut edib, qələbəsini
tədricən boşalan şəhərin küçələrində protokollaşdırıb,
altından əyriş-üyrüş imzasını atmaqla məşğuldur. Bu məkan və zaman kəsiyində
doğrudan da “hər dəqiqənin
bir hökmü var”. Hər dəqiqə kimisə susdurur, kitabını bağlayır, gözlərini qapatır.
Gördüyü mənzərədən ürəyi bulanan ana pəncərə önündən çəkilir. Ana
bilir, o bilir ki, bu durum indi bütün şəhərin “yaşam tərzidir”. Küçələrdə ölülərdən,
iri siçovullar, quduz quş və köpəklərdən savayı bir kimsə yox. Bir də O
var - Qarayara (Sibir
xorası). Bayaq xatırladığımız knyazın sevilib-seçilən silahdaşlarından biri.
Çox iri addımlarla irəliləyir,
dolaşır küçələri. Qəhqəhəsindən qulaq batır. Mənfur Pislik! Əynində qara əba, əlində oraq, başında
qara, ağrıyan canların naləsindən deşik-deşik olmuş kapyuşon. Gözləri yoxdur,
göz dəlikləri var, burnu da yoxdur, saçı, dodaqları da.....amma gülüşü var,
iyrənc qəhqəhələr, daha çox kişnərtiyə bənzər. Bir də dişləri var, qaranlıqda parıl-parıl
yanan dişləri. Kimi görürsə, orağını endirir onun təpəsinə, uzadır yerə.
Bu tamaşaçısı olmayan ölüm səhnəsini təsadüfən seyr edən hər bir kəs dəli
olmamaq üçün ürəyinin ən dərin qatlarında özünü inandırmağa çalışır ki, bir
sinema bu.., ya qorxunc bir röya. Ayılması lazım, ayılsa hər şeyin yuxu
olduğuna əmin olacaq. Ümumiyyətlə, dəli olmağa nə var ki..... Həyatda ən asan
iş havalanmaqdır. Onda gözlərin baxırsa da görmür, qulaqların sezirsə də
eşitmir. Elə-belə, matı-qutu qurumuş halda dayanıb baxırsan. Çox sərfəli
mövqedir: Mən dəliyəm!
Və ya, tutaq, inandın ki, yuxu deyilmiş. Özünü sillələdin, saçından
tutub dartdın, dişlədin, çimdiklədin....., hə, heyif, çox heyif, həqiqətmiş. Nə
etməli? İnsan beyni belə qurulub və təbiəti belə toxunub ki, ümid çırağı ən son
məqamda keçir. Düşünürsən ki, bütün şəhər boşalacaq, qırılıb bitəcək, bir
mən qalacam, bir də yaxın ətrafım.
Ananın ürəyi bulanır. Həm gördüklərindən, həm də başqa səbəbdən.
Səbəb – hamiləlik. Fikirləşir....necə də istəmirdi o bu körpəni. Sanki ürəyinə
dammışdı. Ata istədi, ona görə körpə cərrah lansetindən qurtuldu. Ata istədi
onu, qız olduğunu biləndən sonra lap çox istədi. İndi budur, onların oğlu var,
qızları isə bu mənfur dünyaya gəlməyə namızəddir. Amma gəlməyəcək, çünki onlar
gedirlər. Nə yaylağa, nə qışlağa, daimi yaşayış yerinə gedirlər. Gedər-gəlməz
qatarına bilet alınıb artıq, çemodanlar yığılıb və......birtərəflidir bu qatar,
adından göründüyü kimi. Ey balaca, necə çürük bəxtin varmış sənin...., ah,
yazıq tifil, bəbbəxt yavrucığaz.
“Yox, gərək qalmayaydı bu körpə” düşünür ana və ürəyində üzr istəyir
hələ doğulmamış balasından, çünki ona həyat vəd edə bilməyəcək. Körpə isə ondan
yalnız həyat istəyir, başqa bir şey yox, məhz bunu. Ananın bu qara fikirlərini
sanki duyur körpə. Balaca əllərini hərəkət elətdirir, sanki ac olduğunu xəbər
verir.... Yavaş-yavaş çönür içəridə, yaman narahatdır........onlar ac olanda
həmişə belə edirlər. O bilmir ki, virus nədir, ondan soruşmadan fitvası verilib artıq
və ən doğma adam – anası da ondan üz döndərib...o isə balaca yumruqlarını düyür... Axı
ata-anası hardan biləydi ki, kimlərsə (çox vacib cənablar) hardasa hansısa sənədə imza atacaq və
bütöv şəhərlərin əhalisini (tək
bircə onlarınkının yox) həmən o ölüm qatarına yükləyəcəklər, bir daha dönməmək
şərti ilə....
“Yox, mən axmaqlıq elədim. Mən gərək ona qulaq asmayaydım.” Düşünür ana, elə hey düşünür.......
Vəssəlam, gün qurtardı. Aclıq, məşəqqət, əzab, acı fikirlərlə çulğalanmış gün.
Sabah da belə olacaq. Birisi gün də..... Yox, lap tam belə də yox.
Ana pəncərədən baxanda küçədə daha dəhşətli mənzərənin şahidi olacaq və özünə
söz verəcək ki, bir daha pəncərəyə yaxınlaşmasın.
Bir neçə gün keçir, daha doğrusu, sürüşüb ötüşür. O günləri kimsə
yaşamadı ki.... Sonunu gözləyən qurbanlar üçün vaxt məfhumu bublikin
deşiyi kimi bir şeydi. Bubliki yeyirsən, deşiklər qalır havada yetim-yetim.
Bir gün yenə də həmən sofada, həmən pozada, həmən stolun ətrafında –
birinin ayaqları stolun üstündə, o birininki öz altında, cocuq əlində qırmızı
maşını, stolda boş fincan, köhnə qəzetlər, oyuncaqlar. Şamlarınsa sayı azalıb,
kəskin azalıb. Onlar daha bütün otağı işıqlandırmır. Yalnız onların oturduğu
yerə çatır bu şamların işığı.
Oturub baxırlar. Dinməz-söyləməz. Ata birdən nəsə hiss edir, durub
vanna otağına keçir, qapını içəridən bağlayır. Ana narahat olur. Onun ardınca
gedir, qapını döyəcləməyə başlayır:
- Aç!! - səssizlik....
Bir daha döyəcləyir, təpikləyir:
- Aç deyirəm!
- Mən yorğunam. Başım ağrıyır. İndi gedib yatacam. Siz orda yatın.
Mən tək qalmaq istəyirəm.
Ana heç nə demir. Aralanır qapıdan, saata baxır. Hələ yatmaq vaxtı
deyil, amma nə etmək olar? Onsuz da özünü heç bir şeylə məşğul edə bilmirsən.
Yatmaq – unutmaq və heç nə haqqında düşünməmək deməkdir.
Yenə də ürəyi bulanır. Oğlunu qucaqlayıb divana uzanır, yuxulayır.
Uşaqsa elə hey mızıldanır:
- Bəs deyırdin, axşam mənə yemək verəcəksən?...
- Yat, balası, sabah verərəm.
- qarnım ağrıyır, ma...
- .....
Ana yuxulayır, balaca isə yox. Anasının yatdığına əmin olduqdan sonra
yavaşca onun qolları
arasından sivişib çıxır, mətbəxə keçir. Atası yataq otağında yatır və yəqin ki,
heç nə eşitmir. Balaca mətbəxdə hər yeri axtarır, bir şey tapmır. Kətili
ayağının altına qoyub, penalın üst gözlərinə baxmaq istəyir. Birdən sıyıq
qazanına dəyib, onu yerə salır. Cingilti
səsinə ana yuxudan oyanır. Balaca cinayət üstündə tutulacağını bilir, son
məqamda tez soyuducunu açır. Bom-boş! 2-3
kolbasa dilimindən başqa heç nə yoxdur. Tez onların birini götürüb ağzına
basmaq istəyir. Ana, əlində şam özünü yetirir, kolbasanı ondan alıb zibil
qabına atır, o biri dilimləri də. Sonra dəli kimi uşağın əllərinə vurmağa
başlayır.
- Sən nə axmaq uşaqsan. Sən heç nə anlamırsan. İşıq yoxdur. Cihazlar
işləmir. Burda nə varsa, hamısı xarab olub artıq! Sən zəhərlənib öl...... –
istəyirdi desin “öımək istəyirsən?” Birdən yadına düşdü.....
- Mən acaaaam! – uşaq səsini başına atıb ağlayır.
- Sus! İndi atanı da oyadarsan. Axırıncı peçenyeləri bu gün səhər
yeyib qurtarmışıq. Başa düş, daha çeynənilib udulası bir şey qalmayıb.
Ana bu sözləri hansı iztirabla deyirsə, uşağa aydın olur hər şey. Məhz indi anlayır
ki, evdə yeməli HEÇ NƏ YOXDUR! İçini çəkib hıçqırmağa
başlayır.
- Qarnım ağrıyir.... Yatsam keçəcək?
- Əlbəttə ki, keçəcək. Sən yat. Səhər atan gedib sənin üçün hər şey
alacaq.
Uşağın gözləri işıldayır.
- Şokolad da alacaq? Saqqız da? Sok da istəyirəm, şaftalı soku.
- Hər şey alacaq. Gedək yataq, indi sən atanı yuxudan durquzsan, o
hirslənib sənə heç nə almayacaq.
Uşaq könüllü surətdə anasının qabağına
düşüb mətbəxdən çıxır.
İki gün də gəlib keçir. Bu günləri onlar ananın yataq otağında,
şkafın üstündə gizlətdiyi taxta peçenyelərlə başa vururlar. Yaxşı ki, ana
tədarüklü adamdır və müəyyən tədbirlər görüb. Amma öz vəziyyəti heç yaxşı
deyil. Əvvəl bətnindəki çağasına ölüm arzulayırdı, indi isə əksinə. O dərk
edirdi ki, əgər uşağın başına bir iş gəlsə, intoksikasiya başlayacaq. Kömək və
professional yardım isə yoxdur. Amma quru peçenye
ilə də uşaq böyümür axı....bütün bunların fərqindəydi biçarə.
Küçəni quduz itlərin hürüşməsi alıb başına. Ev sakinlərinin
vəziyyətində dəyişiklik var. İndi divanda 3 yox, 2 nəfər əyləşib: ana və uşaq.
Ananın ayaqları altında, uşağın qucağında qırmızı maşın. Ata indi onlarla
oturmur. O indi əsasən uzanır və hərdən durub vanna otağına keçir. Bu gün
küçədə it səslərindən başqa maşın səsi də eşidilir. Ana tez pəncərəyə
yaxınlaşıb, taxtaların arasından baxmağa başlayır. Bir neçə iri maşın görür.
Çox təəccüblənir. Maşınların qapısı açılır. Ağ skafandrabənzər kostyum geymiş
insanlar maşından düşürlər. Əllərində pulemyotabənzər bir qurğu tutmuşlar. Küçə
cəsəd qalıqları ilə dolu idi. Gəlmələr əllərindəki “pulemyotu” onlara
tuşlayırlar. Qurğunun ucundan çıxan alov qabağında nə varsa, hamısını oda
bürüyür. Tək cənazələri yox, itləri, siçovulları, quşlari da. Elə diri-diri
yandırdılar onları. “Qonaqlığa” gələn
hər canlıya oddan pay düşür. Diri-diri oda tüş gələn itlərin bəziləri canını
qurtarıb zingildəyə-zingildəyə qaçmağa üz qoyur. Ana başa düşür: meyitləri
yandırırlar. Səssizcə qayıdıb, yerinə oturur, uşağı bağrına basır. Beyninə “sus, düşünmə” komandası verir.
Ata yenə vanna otağına keçir. “Neynir görəsən orda?” – ana çətinliklə
yerindən qalxıb, ayaqlarını sürüyə-sürüyə onun ardınca gedir. Asta-asta
yaxınlaşır ki, ata onun gəldiyini duymasın. Qapının ağzında durub, ona tamaşa
edir, arxadan. İlahi, o necə də dəyişilmişdi bu neçə günə. Əvvəki şux qamətdən,
enli çiyinlərdən heç nə qalmamışdı.... Ana köksünü ötürür, ona yaxınlaşır, onu
qucaqlayıb sinəsinə basmaq, xoş söz demək, oxşamaq, könlünü almaq istəyir. Ata
nə iləsə məşğul idi, qadının gəldiyini heç sezmir də. O, çox diqqətlə alnına və
baki zonasına baxırdı. Ana da baxır. Ah, yox!! Suluqlar! Ən etibarlı əlamət!
Şübhə yeri qoymur. Ananın fikrindən ildırım sürəti ilə saysız fikir gəlib
keçir. Onlar hamısı bir sual ətrafında dolaşır: Nə etməli??
Atanın gözü ona sataşır, başını müqəssirlər kimi aşağı dikir, sanki
demək istəyir: bağışla, səni
pis vəziyyətdə qoydum. Sonra
gözlərini qaldırır, dönüb ona nəsə demək istəyir, bacarmır. Güzgüdən ona baxır.
Ona, öz qadınına, çox sevdiyi, bəyəndiyi, ən gözəl günlərini bərabər keçirtdiyi
arxa-dayağına, həyatının kraliçasına, uşağının anasına. Bu baxışda nələr yox
idi.... deyilə bilməyən, amma anlatılan kəlmələr... Əgər o gözlərin təsirindən
çüzçü çatlasaydı, ya od tutub yansaydı, qətiyyən təəccüblü olmazdı. Amma güzgü
tab gətirir, nə yanır, nə parçalanır. O baxışda: Mən müqəssirəm, bağışla məni - kəlmələri vardı, o
kəlmələrin nəfəsi, qırı-qovu, istisi, yanğısı, ahı var idi. Nəhayət, ata
olan-qalan iradəsini toplayıb, sorur:
- Mənsiz..., tək... bacararsan?........ - səsi elə bil uzun bir borudan
çıxırdı.
Ana şaşırdığından nə edəcəyini bilmir. Çevrilib hövlnak vanna
otagından çıxır. İndi tam dəqiq dəli idi, o yan-bu yansız! Otaqda bir müddət o başa-bu başa
vurnuxandan sonra əlinə bir çanta keçir, içinə lazımi-lazımsız 3-4 şey dürtür
(əlbəttə ki, bunlar heç biri ona lazım olmayacaqdı əslində), uşağı tez-tələsik
geyindirməyə başlayır. Ata otağa qayıdıb, divanda öz yerini tutur. Ona heç nə
demir. Ana da dinmir, sadəcə çalışır baxmasın ərinin üzünə. Uşağı geyindirib
qapıya doğru itələyir. Uşaq qanrılıb həsrətlə atasına baxır. Başa düşmür bir
şey, amma o balaca ağlıyla
anlayır ki, bir də atasını ğörməyəcək.
- Çıx, çıx, çıx bayıra – ana onu elə hey dümsükləyir.
Çıxırlar. Tələsik pilləkənə doğru üz tuturlar. Ana birdən ayılmış
kimi dayanır. Hara gedir? Gedəsi yerimi var? Yox. Küçədə nələr baş verir? Tam
bir dəhşət. Kimsə qara qələmi ilə ölüm tablosu çəkib. Olarmı ora? Yox! Nə
etsin? Necə etsin? Yol yoxdur! Bir tərəfdə artıq bədənini suluq basmış xəstə
(bəli, ona artıq nə ər, nə də insan kimi baxa bilirdi, sadəcə ölümə məhkum bir
xəstə. Ağlı çaşmış halda
tək bircə balasını düşünürdü. Xəstəliyin
inkubasiya dövründə uşağın atası ilə bir mənzildə olduğunun fərqində deyildi
zatən......), o biri tərəfdə meyidlərlə, quduz itlərlə, siçovul və qarğalarla
dolu müdhiş cəhənnəm – küçə. Bir an tərəddüd keçirir, qayıdır evinə. Yox,
qayıtmaq üçün yox. Qapının qabağında dayanır, çantasından qara bir flomaster
çıxardır, hələ televiziya yayımlarını izləyə bildikləri vaxtlarda eşitdiklərini
yadına salır: “Xəstə
olan məkanları nişan verməklə siz infeksiyanın yayılmasının az da olsa,
qarşısını almış olursuz. Xəstələri nəzarət altında saxlamaq, onlar dünyasını
dəyişdikdə bəzi tədbirlər görmək üçün bu, son dərəcə vacibdir. Siz bu yolla
özünüzə və öz balalarınıza yardım edə bilərsiz. Hətta xəstə sizin yaxın
adamınız olsa belə, lütfən, bunu edin, ona artıq kömək edə bilməyəcəksiz, amma
bir çox başqalarını xilas etmə şansınız mümkündür.” Daha düşünmədən tələsik qapıya X işarəsi qoyur, nişanlayır onu, gözləri
yaşla dolur, hiss edir ki, dizləri vurulur, flomaster əlindən sürüşüb yerə
düşür. Əyilmir qaldırmağa, yerdən heç nə götürmək olmazdı. Özünü birtəhər
toparlayıb, tez uşağın əlindən yapışır və qaça-qaça uzaqlaşır ordan.
Otaq. Ata sakitcə divanda əyləşib. Beyni fikirlərdən azad. Sadəcə
stolun üstündəki artıq şeyləri ayağı ilə itələyib yerə tökür, tək bircə şam
saxlayır, bir də uşağın oyuncağını. Stola başqa şeylər düzmək istəyir.
Çətinliklə qalxıb yaxınlıqdakı servantın üst gözündən bir neçə şəkil çıxardır.
Yaraşıqlı çərçivələrdə ailəvi şəkilləri. O, ana və uşaq..... O vaxt xoşbəxt
idilər. O vaxt Günəş var idi. İşıq və istilik. Heç nə onların xoş güzəranına
pəl qatmırdı. Bir-biri üçün yaşayırdılar. Uşaqsa.......uşaqsa onların
sevgisindən doğmuşdu. O da xoşbəxt idi. Çoxlu oyuncaqları vardı. Yemək
istəyəndə ona heç vaxt “yoxdu” demirdilər. O qədər üçü bir yerdə gəzdikləri
günlər olmuşdu... Birdən qızı yadına düşür, anasının bətnindəki. Ona hətta ad
da fikirləşmişdi....,ani olaraq gözləri yaşarır. Heç özü də bilmirdi, niyə
xatırlayır balalarını, bəlkə də xəyali vida idi bu....
İndi o təkdir. O, şəkillər, şam,
bir də yanında bir şey var. Hə, silahdır. Onu, yoluxduğunu anladığı vaxt antresoldan düşürtmüşdü, “birdən
sonra taqətim olmaz axtarmağa” düşünmüşdü. İndi bu yanındakı silah ona sanki
qəribə bir təpər verirdi, özünü daha odun parçası hiss etmirdi, bilirdi ki,
hadisələrin gedişinə özü şəxsən təsir göstərə bilər.
Qətiyyən fikirləşmirdi: nə qədər çəkərəm görəsən? Bu, indi ağlına
gələ biləcək ən axmaq fikir olardı. Amma istədiyi bir şey vardı – içmək
istəyirdi, az da olsa. Əgər bədənindəki bu dəhşətli əzginlik olmasaydı bəlkə də
evi axtarıb bir şey tapardı, hardasa bir şüşə Genever qalmalı idi. Neçə gün idi ki, hərarəti
də vardı, özü də az deyildi, ürəyi bulanırdı. Özündəki bu dəyişikliyi hiss
edəndən yataq otağına çəkilmişdi ki, vəziyyətindən heç kəs xəbər tutmasın.
Suluqların partlaması (hansı ki, sonun yaxınlaşmasının müjdəçisidir) 5-7 günə də ola bilərdi, yubana da
bilərdi. Bir onu bilirdi ki, bütün bunlar bir əhəmiyyət kəsb etmir daha.....
Qorxu filan da yoxdu, ən əsası bu idi. Amma dibsiz boşluq və titrəyən tavan
vardı.
İçki yoxdur, heyif..., onu sənin üçün axtarıb tapa biləcək bir kimsə
də yoxdu... yetər artıq düşünmək, uzatdıqca uzanacaq. Sakitcə silahı əlinə götürür, başını
arxaya atıb, gözlərini yumur, silahın lüləsini çənəsinin altına dirəyir. Düz
nişan aldığına əmin olduqdan sonra tətiyi çəkir.
Son.
İki dəqiqə öncə burada Ata əyləşmişdi. İndi cansız bədən. Arxasındakı qapı qan
ləkələri ilə örtülüb, önündəki şəkillərə qırmızı damlalar çilənib.
Son.
İndi o doğrudan da xoşbəxtdir. Və indi doğrudan onun üçün artıq heç
nə yoxdur, heç dibsiz boşluq və titrəyən tavan da... İndi
hər şey yaxşıdır artıq. Bu, əslində sui-qəsd deyildi, yox, bu daha uca bir şey.
Bu, insan şüurunun kor fortunaya cavabı,.... yox, cavab yumşaq alınır, silləsi
idi. Taleyin düz daz peysərinə endirilmiş yağlı bir yumruq, onun belini qıran
bir çomaq zərbəsi idi. Güclü bir insanın iradəsi idi bu. Heç də faciə deyildi,
yox.
Son.
Qapı yavaş-yavaş aralanır. Ata sağ olsaydı, təəccüblənərdi. İçəri 2-3
adam daxil olur. Ağ skafandrabənzər geyimdə, başdan ayağa bağlı, əllərində
pulemyota oxşar bir nəsnə və fənər. Otağa ani bir baxış. Divandakı adamı görürlər,
qan ləkələrini də. Dinməz-söyləməz əllərindəki “pulemyotu” ona tərəf çevirirlər. Od cəsədi ağzına
alır. Müəyyən müddət mənzildə qalırlar,
o biri otaqları da yoxlayırlar, öhdələrinə düşən vəzifəni yerinə yetirib,
mənzili tərk edirlər.
Küçədə isə... orda ölüm sükunəti var. Heç itlər də artıq hürüşmür.
Son. Bu, artıq sonuncu sondu...
İndi verilən qurbanları hesablama vaxtı deyil. İndi nəyinsə və
kiminsə dalınca ağlamaq vaxtı da deyil. İndi ümumiyyətlə, heç nəyin vaxtı
deyil. Əslinə qalsa, heç vaxt -filan da deyil indi. Vaxt dayanıb. Yox olub vaxt.
İndi heç nə yoxdur. İndi tənəzzül və
dərəbəylikdir, vaxtın fövqündə. İndi
fələyin çərxi də çaşıb tərsinə fırlanır. Gələcək olmuşda qalıb, keçmişsə olacaqda. İndi belə
idi.
İndi bir şey vardı: Ç
I X I L M A Z L I Q. Vaxt
ölmüşdü...
PS. ........