Salam,
əzizim Eşerixia Koli
qızı.(bağırsaq çöpü)
Sənin
son məktubunu aldım, harda ki, mənə çoxlu-çoxlu üfunətli sevgilər və sayqılar
göndərmişdin. Çox sağ ol, çox razıyam. Mən sənin vəziyyətini çox gözəl
anlayıram və bilirəm ki, sənin yerin lap cəhənnəmin özüdür ki, var. Düzdür, heç
mənimki də cənnətməkan deyil. Mənim bu axmaq sahibim daim dərman qəbul edir,
iynə vurdurur, həkimə gedir ki, məni öldürsün. Amma mən ondan əl çəkmirəm,
sevirəm onu və daim də sevəcəm.
Mənim
adımdan sizin bütün Escherichia cinsinə atəşin salamlar. Mədə-bağırsaq
traktının disfunksiyalarında danılmaz rolu olan bütün bağırsaq çöplərinin
alnından və çəp gözlərindən ehtiraslı dodaqlarınla öpərsən, mənim və ailəmin
adından. Biz sizləri çox sevirik, bilirsən. Siz aşağıları dağıdırsız, biz
yuxarıları.
Səndən
digər patogen qardaşlarımızın taleyini də soruşmaq istərdim. Onlar sənin
qonşuluğunda, aşağı məhəllələrdə yaşayırlar.
Qoy
onların insan orqanizminə keçdiyi yollar – peroral və perkutan (ağız və dəri)
daim açıq olsun. Onların bəxtinə çirkli-kirli, zibillikdə eşələnən insanlar
düşsün həmişə.
Trematodlar
(sorucular) ailəsində təzə nə dəyişiklik var? Qaraciyər sorucusu sormağa sağlam
qaraciyər tapdımı? Onun taleyi məni çox narahat edir. Belə getsə, işsizlikdən
onun sormacları quruyub töküləcək. Şistosomanın işləri necə gedir? Sormağa qan
tapdı, ya yenə də acından günortalar durur? Çox avara tüfeyli ünsürlərdir bu
qansorucular. Ətrafda bu qədər yağlıpeysər canlar var, amma bu qurdlar yenə də
karlı bir klient/şikar tapıb karyera qura bilmirlər ki, özlərini doyursunlar.
Məəttələm vallah...
Bizim
böyük qardaşlarımızı – lentşəkilli qurdları soruşmasam, ayıb olar, məncə. Öküz
soliteri neynir, qadan alım? Əsas sahibi olan insanı tapdı ya yenə yapışıb
qalıb aralıq sahibdə - qaramalın bədənində? O gün bir pis yuxu görmüşəm.
Görmüşəm ki, bir nəfər onun quyruğundan tutub çıxarıb, qoyub taxtanın üzərinə
və başlayıb bıçaqla doğramağa. Allah bizləri o gündən saxlasın. Dəhşətdən az
qaldı elə yuxudaca ürəyim partlasın. Bizlərə qarşı hərtərəfli diskriminativ aktlar
keçirilməsinə baxmayaraq, müxtəlif detoks metodlarının tətbiqinə rəğmən biz
varıq və hər zaman da var olacağıq! Biz hər şeyə dözürük və öz mentalitetimizi
qoruyub saxlayırıq. Amma
bir şeyi də qeyd etməliyəm ki, mənim səbr kasam artıq dolub daşmaq üzrədir.
Ümumiyyətlə,
düşünürəm, qarşıdan gələn ümumorqanizm helmintlər və parazitlər qurultayında bu
məsələ mütləq gündəmə çıxarılmalı və ərazi bütövlüyünü qorumaq üçün müəyyən
tədbirlər görülməlidir. Hətta ümumorqanizm təntənəli küçə yürüşləri də keçirdə bilərik.
Qoy Sahib bizim həmrəyliyimizi görsün və qələt eləyib bizim işlərimizə burnunu
soxmasın, xoşbəxtliyimizə pəl qatmasın. Mikroskopik mikrobları qabağa salarıq,
onların kortejinin arxasınca isə siz qurdlar sürünərsiz. Düşünürəm, çox
fövqəladə bir şey olacaq və bu akt Parazitlər dünyasında bir hadisəyə
çevriləcək, canım, ay Eşerixia.
Donuz
soliteri Teniya bacıya və Exinokokk qardaşa da mənim salamlarımı yetirərsən.
Exinokokkun uğurlarından xəbərim var. Bu yaxınlarda birisinin ciyərini
yeyib-dağıdıb, onu cərrah stoluna göndərməyə müvəffəq olub axır ki. Əhsən! O,
bu həyatda öz missiyasını çox gözəl yerinə yetirir. Hamımız ondan ibrət
götürməliyik.
İbrət
demişkən, mənim əziz bacım, məni sahibim hər cür sıxır, basır, əzışdirir. Mənim
bəxtim onda gətirmədi ki, mən Askarida doğulmadım. Lap onun o eybəcər, əyrimçə
erkək fərdi olmağa da razı idim. Ya heç olmasa Trixosefal....., ya Anqilostoma
olardım, 12-barmaq bağırsaqda keflə yaşayardım özümçün. Ümumiyyətlə, sizin,
bağırsaqda yaşayanların elə lap əvvəldən bəxti ayaq üstədir. Gül kimi məkanda,
ekskrementlərin arasında gününüzü vurursuz başa. Sizin çox işıqlı karmanız var.
Düzdür, hərdən cızığınızdan çıxırsız, xəstəni elə hala salırsız ki, o məcbur
olur sizinlə mübarizə aparsın və sizi məhv etsin. Dərmanlar, imalələr, pəhriz
və s. Sizə açıq müharıbə elan olunur. Amma siz özünüz günahkarsız. Götürək elə
o həyasız Askarıdı. O cür qəliz miqrasiya ilə adamı....tfu, qurdu, əlbəttə ki,
öldürərlər. Axı ona kim deyirdi ki, bağırsaqdan venaya, qaraciyərə, ürəyə,
ağciyərə və nəhayət, qida borusuna düşsün.
Bağırsaqdan ağıza qədər qalxmaq üçün adamda.....tfu, qurdda nə qədər və nə
boyda cəsarət olsun gərək. Hələ onun ağciyər alveollarını vəhşicəsinə deşməsini
demirəm... Belə qurdu dar ayağına çəkməyəsən, neyləyəsən?!....
O
gün qəzetdə sənin uzaq qohumun Filyariya haqda oxumuşam. Ona da əhsən! Oz
işinin gözəl bilicisidir. Hindistanda bir nəfərdə fil xəstəliyi əmələ gətirib.
Xəstənin ayağı böyüyüb, yekəlib, formasını o qədər itirib ki, həqiqətən fil
ayağını xatırladıb. Hindistan kinematoqrafçıları belə nadir məsələni diqqətdən
kənar buraxmayıb, o şəxs haqda film çəkiblər. Filyarita ilə doğrudan da fəxr
etməyə dəyər. Ona deyərsən mənim adımdan: “Sükanı belə saxla!”
Hə,
az qala unutmuşdum. Ektoparazitlər.... Mən, bizim digər qansoran
qohumlarımızla, əziz və çox dəyərli bitlərlə və onların həyat fəaliyyəti ilə
daim maraqlanıram. Onların xortumuna qurban olum. Yeri gəlmişkən, baş bitinin
55 il onunla iş birliyi yapan sahibi aclıqdan və səfalətdən dünyasını dəyişib.
İndi yazıq bit qalıb avara-sərgərdan. Təzə baş axtarır. Əgər sənin kirli-çirkli
tanış-tunuşun varsa, de, yerini nişan verək, hoppansın başına, yaşasın özüyçün.
Bir bitin ömrü cəmi-cümlətanı 38 gündür, bilirsən. Artıq vaxt bitmək üzrədir.
Çirkli baş tapılmasa, bit oğul-uşaq sahibi olmayacaq, nəsli kəsiləcək. Olmaz
belə....onda səpgili yatalağı kim keçirər?...
Canim
Eşerixia, əgər yaninda içməyə bir şey varsa, süz, badələrimizi qaldiraq bir
vaxtlar Kiçik Asiyada taun yaymış birələrin və tif yaradan gənələrin sağlığına!
Uğurlarımızdan
və dost cəbhədən danışarkən, düşmənlərimizi də unutmaq olmaz. Müqəddəs Parazitlər ailəsinin adına qara
yaxanları. Bəli, bəli, zəliləri nəzərdə tuturam. Əlbəttə, onların da arasında
parazitlər var. Amma tibb zəlisi deyilən əbləh soxub papağımızı yerə. Deyirlər,
insanlara kömək edir, onları bir çox mərəzlərdən qurtarir..... Hətta onun
şərəfinə hirudoterapiya deyilən elm sahəsi də yaranıb. Aman, aman, belələrini
görəndə mənim parazitlik potensiyam tam sönür.
Belə,
belə işlər, əzizim. Mənim halımı sormaq istəyirsənsə, mən babatam......babatdan
bir az aşağı...... daha doğrusu, lap aşağı. Mənim meninqit arzularım yoxa
çıxmaq üzrədir. Sənə məlumdur ki, mən hava-damla yolu ilə ötürülürəm və ən ağır
hallarda beyin infeksiyası – ensefalit törədirəm. Baş beyin iltihabına,
həmçinin ağır böyrək çatışmamazlığına səbəb ola bilirəm. Hər şey yaxşı idi,
dolanırdım özümçün. Günlərin bir günü bizim bu axmaq Sahibin başına düşür ki,
müalicə olunmaq lazımdır. Qızdırma onu əldən salanda (41-ə qədər qalxmışdı),
intoksikasiya əlamətləri – baş ağrısı, ümumi zəiflik, əzələ ağrıları və ağızda
quruluq başlayanda qərara alır ki, həkimə müracıət etsin. Mənsə artıq onun
psixikasını pozmağa başlamışdım, işlərim yaxşı gedirdi. Nə isə.... Həkim də
(onların nəsli niyə kəsilmir görəsən?!) nə yazır, nə yazmırsa, mənim günüm qara
olur. İndi mənim sahibim çox aktiv surətdə iynələnir. Yəqin ki, antibiotikdir.
Hətta damarına da nəsə vururlar. Mənə bu dava-dərman çox pis təsir göstərir,
dostum. İndi mənim epileptik tutmalarım başlayıb, qıcolmalar məni əldən salıb.
Belə də qəddarlıq olar?! O boyda beyni var Sahibimin. Yəni mənə orda bir qırıq
yer tapılmadı ki, mən də öz dövranımı sürüm? Axı bu insanlar niyə başa
düşmürlər ki, onlar kimi biz də yaşamaq istəyirik?...... O öz arealında yaşayır, mən də özümkündə. Məni xəlq
eliyəndə soruşmayıblar axı, sən patogen mikrob olmaq istəyirsən, ya daha ali varlıq. Bir də ki, insanlar
arasında guya parazitlər yoxdur..... Elələri var ki, biz onlarin əlinə heç su
tökməyə layiq deyilik. Onlar parazitlikdə və qan sormaqda bizdən çox-çox irəli
gediblər, dostum. Heç gör onları öldürən ya imalənin ağzına qoyub, təzyiqlə
çölə tullayan var?! Eh,
mənhus ikili standartlar..., biz balacalar onlardan çox əziyyət çəkirik...
Əzizim,
Eşerixia, sonda sənə öz patogen arzularımı bildirmək istəyirəm. Mikroürəyimin
ən dərin qatlarından gələn ən saf, ülvi, makro arzular... Canım mənim, qoy
sizin o üfunət dünyanız heç vaxt süquta uğramasın. Parazitlər krallığı
yeni-yeni sürfələrlə və yimurtalarla dolu olsun həmişə. Sormaclarınız, qarmaqlarınız,
xortumlarınız güclü, qarnınız dolu olsun. Yeməyə həmişə bir qırıq qida qalığı
tapasınız. Yolunuzun üstünə öz canının qədrini bilməyən insanlar çıxsın həmişə,
virulentliyiniz yüksək olsun. Sizi məhv etmək üçün dərman yazan həkimin
barmaqları qırılsın, qələmi sınsın. Dünya durduqca yaşayasız!
Hip-hip
ura!
Bacılığın: dünyadan bezar Meninqokokk.