(yuxudan o tərəfə)
Bu
gün cəmi bir mühazirə var idi, iki seminar. Universitetdən çıxıb, taksi
tutdular, düz bulvara sürdürdülər. Kafeyəmi getsinlər? Yox, bezmişdilər
oturmaqdan. Bulvar boyu bir-birini qovdular, şəkil çəkdirdilər, velosiped
götürüb sürdülər, dəlilik elədilər, əldən düşəndə popkorn və dondurma alıb
özlərini skamyaya yıxdılar.
G
xoşlayırdı dondurmanı. Qalxanvari vəzi bir vaxtlar onu yaman narahat edirdi.
Böyüyüb boğurdu onu. Həkimə getmişdi. Həkim onu USM-ə göndərmişdi. Vəzin
üzərində bir neçə kiçik düyün aşkar olunmuşdu. Endokrinoloq ona soyuq şey
yeməməyi tapşırmışdı. – “Zoba görə olmaz sənə”.
Deyilənlər
əlbəttə ki, yadındaydı. Amma “bir
dəfə yaşayırıq” deyimi də yadındaydı. İsti idi, acgözlüklə ötürürdü dondurmanı.
Barmaqlarının arasından süzülən şıltaq damcıları lap son anda gördü. Dilini çıxarıb
yalamaq istədi onları, macal tapmadı. Şirəli gilələr yaxasına düşüb, mavi güllü
nazik şifon köynəyini buladı. Qızlar ona nəm salfet verdilər. Sildi, sildi,
ləkəni görünməz edənə qədər. Sonra dağılışdılar. Biri metroya üz tutdu, biri
avtobus dayanacağına. Bəziləri piyada, bəziləri taksi ilə getdi.
G
evə gəldi. Yorğun idi. Anası “nahar edəcəksən?” soruşanda “yox, ma, gecdi naharçun. Həm də ac
deyiləm” dedi. Ata-anasının əziz-xələf bircə qızı idi. Bir sözünü iki
eləmirdilər. Naz içində böyüdürdülər onu. Ailə kifayət qədər təminatlı idi
qızlarının hər kaprizini yerinə yetirməyə. Nə bahalı libaslara,nə əyləncələrə,
nə yayboyu xarici səfərlərə qadağa qoyulmamışdı ona. Atasını dəli kimi
istəyirdi. Bəzən anası qızının ərköyün və meşşan böyüyəcəyindən ehtiyat edib,
onun qarşısına sərhəd qoymağa çalışırdı. Onda G ağzını büzüb atasının üstünə
qaçırdı. Atasında heç bir qadağa-filan yox idi, onu bilirdi.
İndi
yorğun ayaqları sızıldayırdı. Mahnıya qulaq asacaqdı, qulaqlıqları taxıb divana
sərildi. “Nə istəyirəm” soruşdu özündən.
Tapdı.
Əslində heç nə istəmirdi. İsti onu əldən salmışdı. Heç köynəyini də dəyişmədi,
kapri də ayağında idi. “Onsuz da bulamışam, yumaq lazımdır, əzilsə dünya qopmaz
ki”. Gözləri yumulmağa
başladı. Uzaqlara getdi, çox...
Bir
az fəzada bivec-bivec üzəndən sonra bir mənzildə gördü özünü. Sofada oturmuşdu,
böyründə bir uşaq, yaş yarımlıq olardı. Sısqa, zəif və cansız idi. Stolun
üstündə onunçun hazırladığı alma püresi, heç cür yeyib-qurtara bilmirdi.
Almanın rəngi qaralmışdı açıq havada qalmaqdan. Otağın ortasınd xalçanın bir
kənarında təqribən 5 yaşlarında ikinci uşaq oynayırdı, bu da oğlan idi.
Onunkular idi hər ikisi. Amma özü nədənsə bu 2 cocuqdan fərəhlənəsi halda
deyildi. Simasında üzgün bir ifadə vardı. Əynində də elə həmən o mavi güllü nazik
şifon köynək.
Otağın
interyerində qeyri-adi heç nə yox idi. Qarşı divarda mənzərə tablosu, altında,
bir az sol tərəfdə iri ekranlı televizor, yerdə qəhvəyi naxışlı İran xalısı,
solda servant, sağda eyvanın qapısı, pəncərə, nazik süd rəngli qardin, divanın
böyründə kreslo.
Bu
biri otaqda çarpayıda yekəpər birisi uyuyurdu. Bu yaxşı cərrah, amma pis insan
onun əri idi. Həmişə çox içəndə beləcə saatlarla yatar, yuxudan doya bilməzdi.
Dəhlizdə
bir qadın iki saat idi ki, telefondan asılıb qalmışdı. Həyatda ən çox xoşladığı
şey – qeybət, əsnəmək və başqalarına həsəd idi. Bu, ərinin bacısı, uşaqlarının
bibisi, qaynanasının qızı, onun baldızı idi. Bacı, bibi, qız kimi bir şey
deyildi, amma əntiqə “baldızlığı” vardı. Həyat yoldaşından ayrılandan sonra
uşağını da götürüb bura, ata yurduna dönmüşdü.
Eyvanda
evin daha bir sakini görünür – qaynana. Ən dolğun və parlaq obrazdır bu
məkanda. Onun sevimli məşğuliyyəti – hamının daxili işlərinə qarışmaq və
milçəyi fil olana qədər üfürməkdir. Tum çırtlaya-çırtlaya qonşu eyvandakı
qadınla söhbət edirdi. Bir azdan ən çox sevdiyi kanalda ən çox sevdiyi veriliş
başlayacaq, sağlamlıq haqqında. Verilişdən sonra öyrəndiyi təzə reseptlərlə
özünə iksir düzəldəcəkdi otlardan, ömrünü uzatmaqçun. Sonra da axşam
serialları, bir-birinin ardınca. Səhər izlədiklərinin axşam bir də oturub
təkrarına baxacaqdı, işi çox idi...
Yanında
azyaşlı bir uşaq dayanıb. G-nın böyük həvəs və məhəbbətlə əkdiyi dekorativ
güllərin yarpaqlarını yolmaqla məşğuldur. Bayaq dəhlizdə telefondan asılan
qadının (bacı, bibi, qız, baldız) oğlu idi. Ürəyi sınıq idi deyə (atasız
böyüyürdü) onu məzəmmət etmək olmazdı. Neynək, yolur, qoy yolsun...
Uşaqların
səs-küyü, qonşu otaqdan gələn xorultu, dəhlizdəkinin kəlməbaşı şaqqanaq çəkib
gülməsi, eyvandakının uca monoton səsi G-nin qulaqlarından girib beynundə
cingildəyirdi.
Sonra
birdən hadisələr tozanaq qopara-qopara bir-birini əvəz etməyə başladı. Həyatı
sanki at belində cərəyan edirdi. Qonşu otaqda yuxulayan yekəpərin tez-tez evə
içkili qayıtdığını gördü, özü gələ bilməyəndə dostları sürüyüb gətirərdi onu.
Bələ vaxtlarda qaynana və telefonçu baldızı G-ya həmlələr edərdi: “Yaxşı
qadının əri içməz heç vaxt!”
....Bu
nədir? Yuxuda gözlərini ovxaladı. Ax, yekəpər ona əl də qaldırırmış. Uşaqlar
böyük psixoloji təzyiq altındadır. ..... o, bu evin əsl sahibəsi deyil və heç
vaxt da olmayacaq, bu aydın idi ona.
Sonra...
yerli-yersiz ünvanına yağdırılan ittihamları gördü. Alçaldılır, təhqir
olunurdu. Uşaqları istədiyi kimi tərbiyə edə bilmirdi, xaricdən müdaxilələr çox
idi.
Körpəsinin
tez-tez xəstələndiyini gördü, ayağı xəstəxanalardan çəkilmirdi. Yuxusuz
gecələrini, əsəbi gündüzlərini gördü. Ev ona böyük bir qarışqa yuvasını
xatırladırdı. Kimlər gəlmirdi bura.... rahatlıq və sakitlik ayağını üzmüşdü
burdan. Qaraçı köçünü xatırladırdı ev, elə tabor qanunları ilə də idarə
olunurdu.
İşləyə
bilmirdi, imkan və şərait yox idi. Demək olar ki, dustaq idi, ev dustağı.
Yalnız marketə getmək üçün çıxırdı burdan. Anası ilə gizli-gizli danışırdı
telefonla. Son danışıqlarını unuda bilmirdi.
-
İstəyirəm sabah bizə gələsən, birlikdə qəbirüstünə gedək. Artiq 10 ildir atan
yoxdu bizimlə. Gəl ki, mən tək getməyim.
Atası
sağ olsaydı, bəlkə də həyatı başqa cür olardı. Bəlkə də yox... bunu heç kəs
bilmir.
Pis
idi onunçun, çox pis. Bütün həyatı avtopilotla idarə olunurdu, zombiyə
çevrilmişdi. Yaman dadanmışdı şokolad və dondurmaya, yay-qış dondurma yeyirdi.
“Zoba görə olmaz sənə” – həkimin sözləri yadındaydı. Amma neyləsin...
təsəllisiydi...
Sonra
hadisələr daha sürətlə bir-birini qovmağa başladılar.
Vəziyyəti
yaxşı deyil. Qalxanvari vəzidəki düyünlər qadın cınsı sıstemində törəmələrə
gətirib. Müayinələr. Kardinal qərar qəbul edilməlidir. Ağ xalatlılar.
Cərrahiyyə əməliyyatı. Bu orqanlardan azad olmaqdan başqa bir yol görmürlər.
Süd vəzisi də amputasiya olunur, sağdakı. Növbəti etap yəqin ki, kimyəvi
terapiya olacaq, maliqnizasiya getmiş.
Daimi
ağrılar və içini dağıdan nisgil onu tərk etmir. Hər gün, hər gün... elə o
ağrılarla çarpışa-çarpışa oyanır yuxudan. Tərin içindədi.. ürəyi sanki ağzından
sıçrayıb çıxacaqdı.
“İlahi, bu nə axmaq yuxu idi mən gördüm... xeyrə cala...”
Yadına
düşdü ki, yatanda qulaqlıqlarla yatmışdı, indi onlar yox idi. Əlini sofaya
sürtdü, ətrafına, tapa bilmədi. İstədi anasını səsləsin, birdən gözü önündəki
yarımtutqun bulanıq mənzərə aydınlaşmağa başladı. Özünü tam başqa bir məkanda
gördü. Sofada yarımuzanıqlı vəziyyətdə idi, qarşı divarda mənzərə tablosu,
altında, bir az sol tərəfdə iri ekranlı televizor, yerdə qəhvəyi naxışlı İran
xalçası, solda servant, sağda eyvanın qapısı, pəncərə, nazik süd rəngli qardin,
divanın böyründə kreslo.
Bu
onların evi deyildi!
Birdən
öz vəziyyətində də bir qeyri-adilik duydu. Əvvəlki adam deyildi sanki.
Sinəsində nəsə onu narahat edirdi. Yaxasından tutub çəkdi. Köynəyi bayaq
yatanda əynində olan o şifon deyidi, amma yuxarı hissəsində dondurma ləkələri
var idi. “Hə, bulamışdım, yumalıydım... bəs bu nədi əynimdə? Mənim deyil axı
bu....” – təəccübü yavaş-yavaş psixikasının qəbul edə biləcəyi sərhədi aşırdı.
Əli sinəsində nəyinsə çatmadığını ona xəbər verdi. Gözlərini ora zillədi. Aman
allah! Sağ tərəfdə əli boşluğa düşmüşdü.