ŞƏHLA NİHAN

Apokalipsis

14 Noyabr, 2016
440
apokalipsis entropiya novella vaxtın süqutu sahib boşluq


(novella)


Vaxtın boşalmış vakansiyasına yiyələnmiş Boşluq, onun  skamyasına çıxaraq  şahlıq skipetrini ürəksiz sinəsinə sıxdı, özünü hakim qüvvə elan edib, ətrafdakıları indeterminist münasibətlər vakuumu yaradılması xəbəri ilə muştuluqladı. “Məlumunuz olsun ki, nə Eon, nə Xronos doqmatikası işləyir artıq”  dedi. “Susdurulmuş və dondurulmuşlar”.  Sonra skipetri irəli uzadıb  əlavə etdi:  “haydı, azadsız”.   Determinizmdən sürüşüb sərbəst uçuşun ləzzətini dadmaq şansında bulunanlar təklif olunan alternativ ssenarilərdən  “Ortam xaos kimi”  paradiqmasını seçdilər.

Nələr baş verdi? 

***

Asılmaqdan bezikmiş pərdələr  yumrulanıb-girdələnib otaq boyu diyirlənməyə başladılar.

İllərlə dolabda güvə basmış, əyin-baş görməyən pal-paltar  “təmas-təmas”  çığıraraq  divarlara yapışdılar.

Xalçanın naxışları dikəlib ayaq altda qalmaqdan kirəcləşmiş üst-başlarını çırpdılar, civildəşə-civildəşə qaçdı-tutdu oynadılar.

Otağın baş tərəfinə qoyulmuş piano şahə qalxıb, üstündəki not dəftərlərini döşəmə boyu səpələdi.

Nar dənə-dənə havaya sovrulub, çilçırağı güllə-baran etdi. Nar feyerverki  qurtaran kimi qırmızılara boyanmış büllur çilçıraq ağır-ağır tavandan endi, impozant korpusunu  yırğalaya-yırğalaya özünü eyvana çatdırıb, açıqlama vermədən atıldı aşağı.

***

Balışlar başlarını tez çarpayının altına soxdular ki, sonra şahid qismində çağırılmasınlar.

Taxtabitilər fürsətdən istifadə edib, döşəyin canına daraşdılar, sağ yer qoymadılar onda.

Akvariumdakı balıqların qorxudan dili açıldı.   

Asılqandakı qadın şarfı elə oradaca kişi paltosunun boynuna dolanıb, onu boğmağa başladı. İnsafən, paltonun cınqırı da çıxmadı, yerindəcə keçindi. Sahibinə sayqılar...  Hadisəni təfsilatı ilə görən alt  mərtəbədəki qonşu – aşağı rəfdəki kişi çəkmələri yalnız dərindən ah çəkməklə uzun illərin can sirdaşıyla vidalaşıb  başsağlığı verməyi kifayət sandı. qurtaran kimi qırmızılara boyanmış büllur çilçıraq ağır-ağır tavandan endi, impozant korpusunu  yırğalaya-yırğalaya özünü eyvana çatdırıb, açıqlama vermədən atıldı aşağı.

***

Bu çal-çağırda kəmali-istirahətlə, ərinmədən öz torunun ucundan yapışıb aşağı enən hörümçək cənabları yarı yolda dayanıb gözlərini bərəltdi, başını qaşıyıb olanlardan nə nəticə çıxartdısa hövllənib fikrini dəyişdi, revers edib burcuna-burcuna təzədən yuxarı dırmaşmağa başladı, əlüstü aşağıdakıların ünvanına bir daraq disfemizm boşaltmağı da unutmadı.