ŞƏHLA NİHAN

Anfilada

14 Noyabr, 2016
412
qonşu numerologiya masa uşaq suallar mandraqora


Bura köçəndə qapı qonşusunun elə öz yaşıdı, həm də xanım olduğunu biləndə sevinmişdi ki, burda heç kəsi tanımasa da onunla ünsiyyət qurar və darıxmaz. Köhnə qonşuları ilə  bir evli kimi idilər, çox mehriban dolanırdılar. Ərindən fərqli olaraq, o çox ünsiyyətcil və istiqanlı idi. Amma qonşu qadını görəndən sonra nəsə fikrindən daşınmışdı. Onun gözlərində elə dəfedici soyuqluq və sünilik vardı ki, onunla kəlmə belə kəsməyə ürək eləmirdi.   Təsadüfi tanışlarından tutmuş davamlı dostluq bağlantıları zamanın möhürü ilə təsdiqlənmiş yaxınlarına qədər hamıda özünə qarşı rəğbət və maraq oyatmağa müvafiq olan qadın bu hürküdücü sünilikdən qaçır, pilləkən başında görüşəndə qorxa-qorxa salamlaşırdı. Ona elə gəlirdi ki, bu qadının əsli hardasa gəzib dolanır, burda, böyründə yaşayan isə onun surəti ya bəlkə.... – beyin hüceyrələri belə fikirlərdən qıc olsa da -  kabusu idi...


***

Gəldiklərinin ikinci günü idi. Gecə yarısı divarın o üzündən gələn qəribə səs-küyə yuxudan oyanmıdı. Sanki uzun borudan çıxan boğuq və kal səs  qulaq pərdəsində rezonans verib, beyninin içində dolaşır,  qorxuqarışıq izaholunmaz hiss oyadırdı. Axtarıb səs mənbəyini tapmaq istəyi yaransa da güclə özünü yataqda saxlamışdı. Əvvəlcə dümsükləyib yoldaşını oyatmaq istəmişdisə də, sonra daşınmışdı fikrindən. “Durar maraqlanar, çıxar çölə, başına bir iş gələr, qoy yatsın”. Monoton səs davam edir, nə artır, nə azalır, nə kəsilirdi. Yuxusu tam çəkildiyindən gözlərini açıq pəncərədən görünən göy üzünə zilləyib qalmışdı. Ay yumurlanıb gecə səmasının kraliçası rolunu icra etməkdə idi. Çöldəki sakitliyi yalnız divarın o üzündən gələn qəribə boğuq səslər pozurdu.  Elə gözlərini yummaq dəmində düz pəncərənin önündən nəyinsə uçduğunu görmüşdü. Nəsə konturları səhih bəlli olmayan qara bir şey idi, .... ya gecənin qaranlığına qarışıb qara görünürmüş.... Quş deyildi, gecələr onların uçduğunu görməmişdi heç. Həm də quşa oxşamırdı, nəydisə iri bir şey idi. Anilikdən formasını anlaya bilməmişdi. Səhər yoldaşına bu barədə heç bir məlumat verməmiş, qorxusunu udmuşdu.


***

Yoldaşı dönüb qınayıcı nəzərlərlə ona baxdı:

- Bu nə oyundur?

- ...

- Mən səndən soruşuram. Başa düşürsən ki,  mən işdən çətinliklə icazə alıb çaparaq gəlmişəm bura ki, bizdə nələrsə baş verir?!

- Yox idi.... vallah yox idi, yeri boş idi...

Yoldaşı susub bir müddət süzdü onu. Sonra nəzərləri  yerə dağılmış zənbilə dikildi. Nə fikirləşdisə yaxınlaşıb əli ilə qadının üzünə düşmüş telləri qulağının ardına darayıb  bacardıqca mülayim səslə dedi:

- Get sakitləş, sonra danışarıq. Bu evdə problem yoxdur. Sənin gözünə nələrsə görünür.

Qadının gözləri doldu.

-Yox idi axı. Yox idi yerində. Mən zənbili qoymağa yer tapmadım..

Kişi başını bulayıb saatına baxdı, qəmgin səslə:

- Yaxşı.... yığışdır yerdəkiləri – deyib otağı tərk etdi.


***

Sakitlik qulaq oxşayırdı.... və o sakitliyin bətnindən doğan xışıltı əvvəl öz təxəyyülünün məhsulu kimi gəldi ona. Amma yox, səs çox dərindən gəlsə də, get-gedə yüksəlir, uğultuya çevrilirdi. Sanki yerin tərkindən doğub dirçəlirdi.  Sonra divarlardan eşidilən taqqıltı da  ona qoşuldu. Pilləkən başından küy qopdu. Tez özünü qapıya atdı, gözcükdən baxanda heç bir şey görmədi. Bir an hər şey sakitləşdi. Evdəki səslər kəsildi. Əlləri soyumuşdu, dizləri əsirdi. Giriş qapısını açmaq istədi, amma ürək eləmədi. Başa düşdü ki, evin içi qədər, dışarı da təhlükəlidir indi. Otağa qayıtdı, fincana nəzər saldı. Kofenin səthi titrəyirdi. Ətrafdakı sakitlik fonunda fincandakı mayenin bu cür titrəyişi çox şübhəli idi.


***

Süzgəci tapıb dəhlizə yönəldi. Qapını açanda heç kəsi görmədi. O tərəf-bu tərəfə boylandı, “yəqin çox yubandığımdan qadın çıxıb gedib” fikirləşdi. Qapını çəkib yarıqaranlıq dəhlizə dönəndə qonşu qadınla üz-üzə gəldi. Ürəyi gup eləyib ayaqlarının altına düşdü.  Burdaymış, içəridə. Qaranlıqda gözləri parıldayır, pırpız saçları bir az daha qorxunc görünürdü, boynundan asdığı pentaqramm sanki alışıb yanırdı. Elə bu an yadına düşdü ki, belə bir fiqur onların blokunda giriş qapısının üzərinə vurulub. Qorxudan az qaldı bağrı yarıla. Qadın əlini uzadıb süzgəci aldı və heç nə demədən qapını açıb çölə çıxdı.

Əl-ayağı buzlamışdı. Otağa keçib tələsik dolabı açdı, bayaq gizlətdiyi kitabı axtarmağa başladı. Tapıb oxumaq, sonunu bilmək istəyirdi. Əsəbi hərəkətlə dolabı ələk-vələk elədi. Yadına düşdü ki, onu çamadanın altına qoymuşdu bayaq. Çamadanı qaldırdı, kitab yox idi. Yoxa çıxmışdı, göyə çəkilmişdi, yerə batmışdı, hardaydısa, burda, az əvvəl öz əliylə qoyduğu yerdə yox idi.

 

***

- Dayan! Nə edirsən?!

Uşaq sakitcə başını qaldırıb nəzərlərini ona dikdi və qeyri-təbii tərzdə irişdi. Heç də uşaq gözlərinə bənzəməyən o qara gilələrdə elə qorxunc ifadə var idi ki.... Bu an sanki ona  “yuxarı bax”  komandasını verdilər. Gözlərini qorxa-qorxa binanın daşları üzərində gəzdirə-gəzdirə mərtəbə-mərtəbə qalxdı – 1, 2, 3. Qonşu qadının açıq pəncərədən ona baxdığını gördü. Hətta ona elə gəldi ki, qadın özünün yox, onun mənzilinin pəncərəsindən baxır. Duruxdu, başını aşağı salıb uşağı süzdü, sonra yenə nəzərlərini  yuxarı dikdi. Heç kəs yox idi. Soyuq tər basdı onu. Uşaq başını köksünə endirib oynamağında idi. Əlindəki bellə qumu süzgəcə doldurub qaldırır, deşiklərdən süzülüb tökülməsinə tamaşa edirdi. Başqa bir şey etmirdi, elə monoton olaraq qumun süzülməsinə baxırdı. Bəlkə bu oyunda nəsə bir işarə var deyə düşündü.... Amma gizli məna axtaracaq halda deyildi, şiddətli nəbzi gicgahlarını dağıdırdı. Tələsik bloka girdi, üstünə şığıyan milçək topasından qorunmaq üçün əllərini qaldırıb qabağında yellədə-yellədə pillələri qalxmağa başladı.  Üçüncü mərtəbəyə çatanda qonşusuyla rastlaşdı. Pilləkənin məhəccərində oturub, aşağı sürüşürdü.  Yanından sürətlə ötüb-keçəndə o qorxulu müəmmanın yeli vurdu onu. Ürəyi əsə-əsə qapını açdı. Bilmədi arxasınca qapını bağlamağa ehtiyac varmı?... açıq qoyub otağa yüyürdü. Yox, onun pəncərəsi qoyub getdiyi kimi bağlı idi. 


***

İndi pəncərə önündə durub o ikisinə baxır, baxırdı..., çox məhrəm görünürdülər...

Beynindəki səssizliyi bir sual eninə-uzununa doğrayıb-tökürdü:  “Niyə? Nə səbəbə?... ”